Məhkəmə qərarları › İş №2(073)-3175/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-3175/2025

14.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-3175/2025 14.01.2026 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyeva Ləman Həmzağa qızının sədrliyi, Həşimzadə Şahanə İlham qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və onun arvadı Cavabdeh2 müştərək qaydada ondan aldıqları 1360 (bir min üç yüz altımış) manat pulun və tərəfindən ödənilmiş 35 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 28 avqust 1955-ci ildə Masallı rayonun Təzə Alvadı kəndində anadan olmuş və hal-hazırda da həmin ünvanda yaşayır. Cavabdehlər bir ailə olmaqla Cəlilabad rayonun Maşlıq kəndində qeydiyyatda olmaqla həmin ünvanda daimi yaşayırlar. Cəlilabad rayonun Maşlıq kənd sakinləri Cavabdeh1 və onun arvadı Cavabdeh2 bir neçə ildir ki, tanıyır. Onlarla fərdi qaydada aralarında alverləri olub və münasibəti həmişə yaxşı olub, həmişə də inanmışdır. 2023-cü ildə Zabil və arvadı Gülazərin ondan aldıqları 1360 (bir min üç yüz altmış) manat dəyərində qızıl-zinət əşyalarına görə yaranmış qalıq borcu 2-3 ay müddətində ödəyəcəklərinə söz vermişlər. Lakin həmin vaxtdan bəri cavabdehlər ona olan borclarını müxtəlif bəhanələr gətirərək ödəməkdən yayınmağa başlamışlar. Həmin dəyərdə olan qızıl əşyalarını onlara öz həyətlərində vermiş və cavabdehlər qalıq borcu 2-3 aya ödəyəcəklərini vəd etmişlər. Cavabdehlər verdikləri sözə əməl etməmiş, onlardan borcu istəmək üçün dəfələrlə həyətlərinə getmiş, amma onlar hər dəfə yalan vədlər verərək borcu ödəməkdən yayınmışlar. Odur ki, borcu da onların hər ikisi qaytarmaq öhdəliyi daşıyırlar. Hətta cavabdehlərdən borcunu tələb etməkdə köməklik edilməsi üçün Cəlilabad Rayon Polis X1 Bölməsinə də ərizə ilə müraciət etmiş və şikayəti əsasında araşdırma aparılmışdır. Araşdırmanın nəticəsi olaraq işin mülki xarakterli olması göstərilərək məhkəməyə müraciət etməyi izah olunmuşdur. Araşdırma materiallarında cavabdehlərin borclu olduqlarını inkar etməsələr də, borcu qaytaracaqlarından imtina etmişlər. Bu səbəbdən cavabdehlərin borcu qanuna uyğun olaraq geri qaytarmaları tələbi ilə məhkəməyə müraciət etməyə qərar vermişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia tələbinin məzmununa uyğun izahat verərək, bildirmişdir ki, iddiaçı ilə cavabdehlər arasında illər öncə qızıl zinət əşyalarının şifahi qaydada alqı-satqısı olmuş, sonuncu dəfə cavabdehlər 1360 manat dəyərində qızıl-zinət əşyaları almış, lakin pulunu ödəməkdən yayınmışlar. Bununla bağlı Polisə şikayət olunmuş, tərəflərin izahatları alınmışdır. Qeyd etdiklərinə əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2025-ci il tarixdə məhkəmə hazırlıq iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddianı qismən qəbul edərək bildirmişdirlər ki, iddiaçının verdiyi qızıllar saxta olmuş, onların cəmi iddiaçıya 840 manat məbləğində borcları vardır. Halhazırda maddi imkanları olmadığı üçün borcu qaytara bilmirlər. Məhkəmə tərəflərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Cavabdeh2 Cəlilabad Rayon Polis X1 Bölməsində verdiyi xx.xx.2025-ci il tarixli izahatından görünür ki, o, Sonapəri Paşayevadan 10.000 manata yaxın qızıl-zinət əşyası almış, həmin puldan hissə-hissə 9.000 manatını qaytarmış, 1000 manat borcu qalmışdır. Həyat yoldaşının səhhətində problem olduğu üçün borcunu qaytara bilmədiyini, 2026-cı ilin yanvar ayında və ya o vaxta kimi qaytaracağını bildirmişdir; - Dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbzdən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 35 manat məbləğində dövlət rüsumu ödənilmişdir; Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehlərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə iclasında təqdim edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, tərəflərin şifahi razılaşmasına əsasən, iddiaçı və cavabdeh arasında qızıl-zinət əşyalarının alqı-satqısına dair öhdəlik münasibətləri yaranmışdır. Cavabdeh iddiaçıdan 10000 manat dəyərində qızıl-zinət əşyası almış, qeyd olunan məbləğdən hissə-hissə ödəniş etmiş, nəticə olaraq 1360 manat məbləğində borcu qalmışdır. İddiaçı borcun ödənilməsi məqsədilə cavabdehə müraciət etsə də sonuncu tərəfindən borc ödənilməmişdir. Nəticədə iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddia tələbi üzrə iddiaçının irəli sürdüyü faktiki hallara iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıb-uzlaşmamasına hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. - 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. - 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. - 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. - 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qeyd olunan maddi hüquq normalarından göründüyü kimi tərəflər arasında mülki münasibətlərin tənzimlənməsi üçün müvafiq razılaşmanın olması zəruridir. Hazırda tərəflər arasında şifahi razılaşmanın olması Cavabdeh2 Cəlilabad Rayon Polis X1 Bölməsində verdiyi izahatı, habelə tərəflərin məhkəmə iclasında izahatları ilə sübut olunmuşdur. Lakin cavabdeh öhdəliklərini tam yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. - 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. - 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Cavabdehlər xx.xx.2025-ci il tarixli məhkəmə hazırlıq iclasında bildirmişlər ki, onların iddiaçıya 840 manat borcları mövcuddur. Yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərinə əsasən, tərəflər arasında yaranmış mübahisə cavabdehlər tərəfindən iddianın etiraf edilməsi ilə yekunlaşdırılması nəzərdə tutulmuş və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 izahatında– 840 manat borcunun olmasını etiraf etdiyi təsdiq edilmişdir. Məhkəmə cavabdehin hazırki halda iddianı qismən etiraf etməsini qanuni olduğunu, habelə üçüncü şəxslərin mənafelərinə zidd olmadığını nəzərə alaraq cavabdeh tərəfindən iddianın qismən etiraf edilməsini təsdiq edir. İddiaçının 1360 manat pulun qaytarılması tələbinə gəlincə isə qeyd edilməlidir ki, iddiaçının nümayəndəsi bu halları sübut edən heç bir mötəbər sübut təqdim etməmişdir. Belə ki, iddiaçı öz iddiasının əsaslılığını sübut edə bilməmişdir. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınarsa bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Hazırkı mülki işdə iddiaçı iddia ərizəsində cavabdehlərə 1360 manat məbləğində pul verməsini göstərsə də, iddiaçı iddianın əsasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmiş, cavabdeh tərəf isə iddianı etiraf və ya qəbul etməmişdir. Belə ki, iddiaçı tərəfindən cavabdehin 1360 manat məbləğində borclu olmasını təsdiq edən yazılı sənəd, qəbz, müqavilə və ya digər sübutlar təqdim edilməmişdir. İş materiallarında cavabdehin etiraf etdiyi 840 manat məbləğindən artıq borcun mövcudluğunu təsdiq edən sübutlar mövcud deyildir. Məhkəmə hesab edir ki, cavabdehlərin bu izahı iş materialları və hadisələrin məntiqi gedişi ilə uyğunluq təşkil edir və iddiaçı tərəfindən bunun əksini sübut edən heç bir dəlil təqdim olunmamışdır. Nəzərə almaq lazımdır ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Borcun mövcudluğu və məbləği ilə bağlı sübutlar o qədər etibarlı olmalıdır ki, qəbul edilmiş qərarın obyektivliyi şübhə altına alınmasın. Hazırkı işdə iddiaçının tələb etdiyi məbləği cavabdehlərə verməsinə dair etibarlı və mötəbər sübutlar mövcud deyil. Mülki prosessual qanunvericiliyin tələblərinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217.4-cü maddələri) Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 840 manat pul və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 35 manat pulun 30 (otuz) manatı müştərək qaydada tutularaq İddiaçı ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77, 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 840 manat məbləğində pul müştərək qaydada alınaraq İddiaçı ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş 35 manat pulun 30 (otuz) manatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəfə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ləman Mehrəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar