Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-3348/2025 07.01.2026 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyeva Ləman Həmzağa qızının sədrliyi, Həşimzadə Şahanə İlham qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4250 manat miqdarında pulun tutularaq ona ödənilməsi və ona verilmiş bir baş heyvan və balasının cavabdehə qaytarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 2025-ci ilin oktyabr ayında bir baş heyvan almışdır. O, heyvana görə 4259 manat cavabdehə vermişdir. Cavabdehdə həmin pulun müqabilində ona bir baş yanıbalalı inək vermişdir. Heyvanı evə aparandan sonra heyvanın balasının xəstə olduğunu, habelə heyvanın da cavabdehin dediyi kimi gündə müəyyən litrdə süd vermədiyini görmüşdür. O cavabdehə dəfələrlə müraciət etməsinə baxmayaraq, cavabdeh müxtəlif bəhanələr gətirməklə heyvanı aparmır və ona verilən pulu da geri qaytarmır. Heyvanın balasının xəstə olması ilə bağlı baytar tərəfindən heyvanın balasına baxılmış və xəstə olması ilə bağlı arayış da verilmişdir. Lakin cavabdeh heyvanı və balasını gəlib aparmamışdır. Bundan sonra məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirmişdir ki, heyvanı şəkillər əsasında almışdır. Cavabdeh heyvanın gün ərzində on səkkiz litr süd verdiyini iddia etmişdir. Heyvan gəldikdən sonra onun cəmi səkkiz litr süd verdiyini, bundan əlavə balasının xəstə olduğunu görmüşdür. Cavabdeh heyvanı satarkən bu kimi problemlər olduğunu bildirməmişdir. Baytar həkim qara-ala cinsli inəkdə xroniki endometrit xəstəliyi olduğunu bildirmişdir. Bala inək də alınan gündən xəstədir. Bu hal məhkəməyə təqdim olunan şəkillərdə də açıq aydın görünür. Qeyd olunanlara əsasən iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, inəyi satarkən heç bir problem olmamışdır. Sonradan yaranmış qüsura görə məsuliyyət daşımır. Bununla əlaqədar iddianın təmin olunmaması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - X1 ilə məşğul olan Vaqif Həsənov tərəfindən təqdim olunan xx.xx.2025-ci il tarixli arayışda qeyd olunmuşdur ki, qara-ala cinsli inəkdə xroniki endometrit xəstəliyi vardır. Heyvan uzun müddət müalicə olunmasına baxmayaraq müalicənin effekti olmamışdır. Heyvan sahibinin verdiyi məlumata əsasən inək gün ərzində səkkiz litr süd verir. İnəyin balası da alınan gündən xəstədir. - İddiaçı tərəfindən təqdim edilmiş CD diskdə olan fotoşəkillər və video görüntüdən aydın görünür ki, inəyin balasının arxa sağ nahiyəsində dəridə patoloji xarakterli dəyişikliklər müşahidə olunur. Həmin görüntülərdən balanın sağlamlıq vəziyyətində pozuntu olmasını ehtimal etməyə əsas verən əlamətlərin mövcudluğu aydın görünür. Məhkəmə tərəfindən işin müəyyən olunmuş hallarından görünür ki, İddiaçı fotoşəkillər əsasında Cavabdeh 4250 manat ödəməklə qara-ala cinsli inək və balasını almışdır. İddiaçı heyvan gəldikdən sonra onun on səkkiz litr deyil, səkkiz litr süd verdiyini və balasının xəstə olduğunu görmüşdür. İnəyin qaytarılması üçün cavabdehə dəfələrlə müraciət etmiş, lakin qaytarılmasından imtina olunmuşdur. Hazırda iddiaçı heyvan barəsində düzgün informasiya verilməməsi və heyvanın balasının xəstə olması səbəbindən 4250 manat məbləğində pulun ödənilməsi və cavabdehin satdığı inəyin və balasının geri qaytarılmasının təmin edilməsi tələbini irəli sürmüşdür. Göründüyü kimi, tərəflər arasında şifahi alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 581.1, 581.2 və 581.4-cü maddələrinə görə satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. Alqı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. Satılan əşyanın keyfiyyəti barəsində məcburi tələblər olduqda, sahibkarlıq fəaliyyəti ilə məşğul olan satıcı alıcıya həmin məcburi tələblərə uyğun gələn əşya verməyə borcludur. Həmin Məcəllənin 586.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin 586.1-ci maddəsinə uyğun olaraq əşyanın keyfiyyətinin yoxlanması qaydası müəyyənləşdirilməyibsə, əşyanın keyfiyyəti işgüzar dövriyyə adətlərinə və ya alğı-satqı müqaviləsi üzrə verilməli əşyanın yoxlanmasının adətən tətbiq edilən digər şərtlərinə müvafiq surətdə yoxlanılır. Bu Məcəllənin 587.2-ci maddəsinə görə əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin və ya lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. Mülki Məcəllənin 588-ci maddəsinə əsasən əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. Satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin. Mülki Məcəllənin 612-ci maddəsinə əsasən heyvanlarda, quşlarda və balıqlarda başlıca qüsurların olması nəticəsində alıcı yalnız müqavilənin ləğvini tələb edə bilər, qiymətin azaldılmasını tələb edə bilməz. İstehlakçı ilə satıcı arasında hüquqi münasibətlərinə “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu tətbiq edilir. Həmin Qanunun 1- ci maddəsinə görə istehlakçı şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxsdir. İstehlaklakçıların əsas hüquqlarından biri istehlak etdikləri malların (işlərin, xidmətlərin) lazımi keyfiyyətdə olması və malların (işlərin, xidmətlərin) miqdarı, çeşidi və keyfiyyəti haqqında dolğun, düzgün məlumat əldə etmək hüququdur (3-cü maddə). Qanunun 5.1 və 13.1-ci maddələrinə görə, istehlakçı satıcıdan (istehsalçıdan, icraçıdan) alınmış malın (görülmüş işin, göstərilmiş xidmətin) keyfiyyətinin normativ sənədlərə, müqavilə şərtlərinə uyğunluğu barədə və həmçinin mal (iş, xidmət) haqqında satıcının (istehsalçının, icraçının) təqdim etdiyi məlumata cavab verməsini tələb etmək hüququna malikdir. Satıcı (icraçı) istehlakçıya müəssisənin satdığı malların ticarət qaydaları və xidmət növləri barəsində də dolğun və düzgün məlumat verməlidir. Göründüyü kimi, istehsalçı, satıcı istehlakçıya keyfiyyəti normativ sənədlərə, müqavilə şərtlərinə, eləcə də mal haqqında istehsalçının (satıcının) təqdim etdiyi məlumata uyğun olan mal verməlidir. Adıçəkilən Qanunun 8-ci maddəsində qüsurlu mal satılarkən istehlakçının hüquqları nəzərdə tutulmuşdur. Həmin maddənin 1 və 2-ci bəndlərinə görə, istehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan aşağıdakıları tələb etmək hüququna malikdir: - lazımi keyfiyyətli mala dəyişdirməyi; - satış qiymətini uyğun məbləğdə azaltmağı; - malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini; - malın, həmin mala uyğun digər modelli (markalı, tipli və i. a.) mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini; - müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini. Satıcı (icraçı) istehlakçıdan lazımi keyfiyyəti olmayan malı geri götürməyə və bu maddənin birinci bəndində göstərilən istehlakçının tələblərindən birini yerinə yetirməyə borcludur. Yuxarıda sadalanan qanunvericilik normalarından da görünür ki, alqı-satqı müqaviləsinə əsasən, satıcı alıcıya müqavilə şərtlərinə, o cümlədən əşyanın keyfiyyətinə dair şərtlərə, bu barədə mövcud olan məcburi tələblərə uyğun əşya verməlidir. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində istinad etdiyi qanuni əsasının dispozisiya şərtlərinə uyğun olub-olmamasının yoxlanılmasına başlanmamışdan əvvəl mübahisə predmeti olan heyvanın xəstə olması halı müəyyən edilməlidir. Hazırki iş üzrə cavabdehin iddiaçıya heyvan barəsində düzgün olmayan məlumat verməsi (heyvanın gün ərzində guya on səkkiz litr süd verməsi), iddiaçıya lazımi keyfiyyətli olmayan xəstə heyvan balasının verilməsi, xəstəliyin heyvanın verilməsindən əvvəl əmələ gəlməsi, yəni bununla da cavabdehin müqavilə şərtlərinə, keyfiyyət barəsində məcburi tələblərə əməl etməməsi təqdim edilmiş sübutlar və iddiaçının və cavabdehin izahatları ilə təsdiq olunur. Nəzərə alınmalıdır ki, qüsur dedikdə, malın (işin, xidmətin) normativ sənədlərin tələblərinə, müqavilə şərtlərinə, yaxud irəli sürülən başqa tələblərə, habelə icraçı və ya satıcının mal (iş, xidmət) haqqında verdiyi məlumata uyğunsuzluğu başa düşülür. Halbuki sahibkarlıq fəaliyyəti ilə məşğul olan satıcı alıcıya əşyanın keyfiyyəti barədə məcburi və tərəflərin razılaşdırdıqları tələblərə uyğun gələn əşya verməyə borcludur. Satılan mal barəsində yanlış məlumatın və ya kifayət qədər dolğun olmayan məlumatın verilməsi, istehlakçının lazımi xassələrə malik olmayan malı (işi, xidməti) almasına səbəb olmuşdursa, onun müqaviləni ləğv etmək və itkilərin ödənilməsini tələb etmək hüququ vardır (Qanunun 13.4-cü maddəsi). Həmin Qanunun 18.0-cı maddəsinə uyğun olaraq, istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədilə özündə bir sıra tələbləri ehtiva edir. Bu tələblərdən biri də həcmi müvafiq qaydada müəyyənləşdirilərək, təsdiq olunmuş maddi və mənəvi zərərin satıcı tərəfindən (istehsalçı, idxalçı, reklam fəaliyyətinin subyekti) alıcıya (istehlakçıya) ödənilməsidir (18.0.6-cı maddə). Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq hesab edir ki, iddiaçının malda qüsur aşkar etdiyi halda müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini tələb etmək hüququnun olmasına baxmayaraq, cavabdehin isə lazımi keyfiyyətli mal verməsi, mal haqqında kifayət qədər dolğun və düzgün məlumat verməsi vəzifəsinin olmasına, lazımi keyfiyyətli mal verilmədikdə istehlakçıdan malı geri götürməyə borclu olmasına baxmayaraq bunlara əməl etməməsi istehlakçının hüquqlarının pozulması ilə nəticələnmişdir. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən isə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. Həmin qanunun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə hesab edir ki, iddiaçı müharibə veteranı olduğundan və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.20-ci maddəsinə əsasən iddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğundan, habelə iddia məbləği 1000 manatdan çox olduğu üçün həmin Qanunun 8.1.1-ci maddəsinə əsasən iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar ödənilməli olan 62,50 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət mədaxilinə ödənilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 4250 manat məbləğində pul tutularaq İddiaçı ödənilməli, İddiaçı sahibliyində olan qara-ala cinsli inək və balası Cavabdeh qaytarılmalı, məhkəmədə baxılması üçün ödənilməli olan 62,50 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77, 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 4250 (dörd min iki yüz əlli) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddiaçı sahibliyində olan qara-ala cinsli inək və balası Cavabdeh qaytarılsın. İddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar köçürülməli olan 62,50 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən sonra bir ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ləman Mehrəliyeva
Məhkəmə qərarları › İş №2(073)-3348/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-3348/2025
07.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver