Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-3395/2025 26.02.2026 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyeva Ləman Həmzağa qızının sədrliyi, Həşimzadə Şahanə İlham qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı ödənilmiş pulun geri qaytarılması və kompensasiya tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ödənilməsi olan 4550 (dörd min beş yüz əlli) manat pulun, əlavə olaraq 3550 (üç min beş yüz) manat dəymiş mənəvi ziyanın, 101 (yetmiş) manat məhkəməyə ödənilmiş dövlət rüsumunun, ümumilikdə 8201 (səkkiz min iki yüz bir) manat pulun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, borc götürdüyü pul ilə özünə maşın almaq qərarına gəlmişdir. xx.xx.1998-ci il təvəllüdlü Cəlilabad Rayon Qarğılı kəndində anadan olmuş Cavabdeh adlı şəxsə 3900 (üç min doqquz yüz) manat pul vəsaiti ödəyərək "Mercedes" markalı **-GG-*** dövlət qeydiyyat nişanlı avtomobil aldığını, lakin sonradan Orxanın ona verdiyi etibarnamənin etibarsız olduğunu müəyyən etmişdir. Özünə avtomobil almaq məqsədi ilə internetdə avtomobil satışı ilə bağlı saytlardan avtomobil axtararkən “Turbo az" sayıtında "Mercedes" markalı **-GG-*** dövlət qeydiyyat nişanlı avtomobilin satılması ilə bağlı elan onun diqqətini cəlb etmiş, həmin elanda qeyd edilən ***-***-**-** mobil nömrəsi ilə Cavabdeh ilə əlaqə saxlayaraq Maştağa qəsəbəsində görüşmüşlər. Orxanla birlikdə həmin avtomobilin müvəqqəti duracaqda olduğu Kürdəxanı qəsəbəsində yerləşən duracağa getmişlər. İddiaçı avtomobilə baxaraq avtomonbili bəyənmiş və orada avtomobili almaq üçün Orxanla aralarında 3900 (üç min doqquz yüz) manat pul vəsaitini verməyə razılaşmışlar. O, avtomobilin duracaqdan çıxarmaqdan ötrü cərimə ödənilməsi üçün Orxana 400 (dörd yüz) manat pulu vermiş və avtomobili cərimə meydançasından çıxararaq yaşadığı ünvana gəlmişlər. İddiaçı yaşadığı ünvanda Orxana daha 250 (ikin yüz əlli) manat pul vermiş, bir gün sonra Orxana onun dostuna onlayn etibarnamə verərək şəklini iddiaçının telefonuna göndərmiş, o da Orxanın göndərdiyi kart hesabına 3250 (üç min iki yüz əlli) manat pul köçürmüşdür. Oktyabr ayının 6-da o, Orxandan aldığı avtomobili öz adına sənədləşdirmək istəyərkən Orxanın verdiyi etibarnamənin saxta olduğunu bilmişdir. Həmin vaxt Orxanla əlaqə saxlamış, Orxan rayonda olduğunu deyərək iki gün sonra Bakı şəhərinə gələrək avtomobili sənədləşdirəcəyini bildirmişdir. İki gün sonra Orxan gəlmədiyi üçün onunla əlaqə saxlamış, Orxan isə Bakıya gəlməyəcəyini və “nə bacarırsan et” demişdir. İddiaçı da çox çətin vəziyyətdə qalmışdır. Aldadıldığını bildikdən sonra pozulmuş hüquqlarının bərpası üçün hüquq mühafizə orqanlarına yəni polisə müraciət etmişdir. Bakı şəhəri, Yasamal RPİ-nin 27-ci PŞ-nin təhqiqatçısı polis mayoru X4, fakt üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul etmişdir. Qeyd olunanlara əsasən məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilən məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə iddiaçının izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Ödəniş qəbzindən görünür ki, xx.xx.2025-ci il tarixdə MPAY terminalı vasitəsi ilə cavabdehin bank kartına 3000 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Qəbz olan məlumata əsasən köçürmə ABB bank kartına həyata keçirilmiş, əməliyyat nömrəsi ilə təsdiq edilmişdir; - Ödəniş qəbzindən görünür ki, xx.xx.2025-ci il tarixdə MPAY terminalı vasitəsi ilə cavabdehin bank kartına 250 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Qəbz olan məlumata əsasən köçürmə ABB bank kartına həyata keçirilmiş, əməliyyat nömrəsi ilə təsdiq edilmişdir; - nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin sürətindən görünür ki, 1994-cü il buraxılışlı, “Mercedes Benz C190” minik markalı **-GG-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2024-cü il tarixdə X2 adına sənədləşdirilmişdir; - xx.xx.2025-ci il tarixli etibarnamədən görünür ki, X1 Ölgene baş etibarnaməni 01 ay müddətinə vermiş və xx.xx.2025-ci ilədək qüvvədə olmuşdur; - “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 19 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, təhqiqat müddətində Cavabdeh müəyyən edilərək izahatının alınması mümkün olmadığından daxil olmuş müraciətə hüquqi qiymət verilməsi mümkün olmamışdır. Məhkəmə iş materiallarını, iddiaçının izahatını və təqdim edilmiş sübutları Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq hərtərəfli, tam və obyektiv şəkildə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş ödəniş qəbzlərindən müəyyən olunur ki, cavabdehin bank hesabına ümumilikdə 3250 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Bundan əlavə, iddiaçının izahatı ilə təsdiq edilir ki, o, cavabdehə nağd qaydada da müəyyən məbləğlərdə pul vəsaiti təqdim etmişdir. Lakin nağd şəkildə verildiyi iddia olunan məbləğlər üzrə hər hansı yazılı sübut məhkəməyə təqdim edilməmişdir. İş materiallarından həmçinin görünür ki, mübahisə predmeti olan “Mercedes Benz C190” markalı, **-GG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi cavabdehin deyil, üçüncü şəxs – X2 adına qeydiyyatdadır. Bu hal cavabdehin həmin nəqliyyat vasitəsi üzərində sərəncam vermək hüququnun olmadığını göstərir. Eyni zamanda təqdim olunmuş etibarnamədən müəyyən edilir ki, nəqliyyat vasitəsi ilə bağlı verilmiş etibarnamə məhdud müddətli olmuş və konkret şəxsə verilmişdir. İddiaçıya təqdim edilən etibarnamənin hüquqi qüvvəsinin olmaması faktı işin hallarından təsdiqini tapır. Məhkəmə hesab edir ki, tərəflər arasında faktiki olaraq alqı-satqı münasibətləri yaranmış, lakin cavabdeh öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, yəni iddiaçıya nəqliyyat vasitəsinin verilməsi rəsmiləşdirilməmişdir. Bu isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin öhdəliklərin icrası ilə bağlı normalarının pozulması kimi qiymətləndirilməlidir. Bununla yanaşı, iddiaçı tərəfindən ödənildiyi iddia edilən bütün məbləğin sübuta yetirilməsi mümkün olmamış, yalnız bank köçürmələri ilə təsdiq edilən hissə sübut olunmuşdur. Göstərilənlərə əsasən, məhkəmə belə qənaətə gəlir ki, iddia qismən əsaslıdır və yalnız sübuta yetirilmiş məbləğ hissəsində təmin edilməlidir. Cavabdeh tərəfindən əsassız əldə edilmiş pul vəsaiti iddiaçıya qaytarılmalıdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə sübuta yetirilmiş məbləğdə pul vəsaiti tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 1091-ci maddəsində qeyd olunur ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1096 və 1097.1-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. İddiaçı həmçinin tələbində vurulmuş mənəvi zərər qismində 3550 manat pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası mülki qanunvericiliyinə əsasən mənəvi ziyanın ödənilməsi üçün hüquqa zidd hərəkətin mövcudluğu, şəxsin mənəvi iztirab keçirməsi və həmin iztirab ilə cavabdehin hərəkətləri arasında səbəbli əlaqə müəyyən edilməlidir. İş materialları ilə müəyyən olunur ki, cavabdehin hərəkətləri nəticəsində iddiaçı müəyyən narahatlıq, əsəb gərginliyi və mənfi psixoloji vəziyyət keçirmişdir. Lakin iddiaçı tərəfindən tələb edilən 3550 manat məbləğində mənəvi ziyanın həcmini təsdiq edən hər hansı konkret sübutlar (məsələn, tibbi arayışlar, psixoloji yardım alınması və s.) məhkəməyə təqdim edilməmişdir. Məhkəmə həmçinin nəzərə alır ki, yaranmış mübahisə əsasən əmlak xarakterli münasibətlərdən irəli gəlmiş, iddiaçının məruz qaldığı mənəvi iztirabın dərəcəsi yüksək həddə olmamışdır. Bununla yanaşı, məhkəmə ədalətlilik, ağlabatanlıq və mütənasiblik prinsiplərini rəhbər tutaraq hesab edir ki, iddiaçının müəyyən həcmdə mənəvi zərər çəkməsi istisna edilmir və bu zərər qismən kompensasiya olunmalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, iddiaçının mənəvi ziyan tələbi qismən əsaslıdır və cavabdehdən iddiaçının xeyrinə 200 (iki yüz) manat məbləğində mənəvi ziyanın tutulması ədalətli və kifayət hesab edilməlidir. Məhkəmə iddiaçının mənəvi zərər tələbi ilə bağlı qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri- əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Kostitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Həmin Qərarda qeyd olunur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Məhkəmə qeyd edir ki, mənəvi zərər, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehlərin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin və zərərvuran şəxsin təqsirinin olması ilə bağlıdır. Mülki Prosessual Məcəllənin 14.2, 217.3 və 217.4-cü maddələrinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 3250 (üç min iki yüz əlli) manat, mənəvi zərərə görə 200 (iki yüz) manat məbləğində pul və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 101 manat pulun 54 (əlli dörd) manatı tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 3250 (üç min iki yüz əlli) manat, mənəvi zərərə görə 200 (iki yüz) manat məbləğində pul və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 101 manat pulun 54 (əlli dörd) manatı tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ləman Mehrəliyeva
Məhkəmə qərarları › İş №2(073)-3395/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-3395/2025
26.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver