Məhkəmə qərarları › İş №2(073)-3511/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-3511/2025

05.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-3511/2025 05.03.2026 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynli Nail Ağasəlim oğlunun katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 3000 manat borc və 50 manat dövlət rüsumu tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3000 manat pulun və 50 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək verdiyi izahatında bildirdi ki, o, 25 avqust 1976-cı il tarixində Cəlilabad şəhərində doğulmuşdur. Hazırda fərdi əməklə məşğul olur. Bundan başqa, ailə üzvləri ilə birlikdə qapı-pəncə təmiri ilə məşğul olur. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Cəlilabad rayon sakini kimi tanımış və aralarında səmimi dostluq münasibətləri yaranmışdır. 2023-cü ilin qış aylarında cavabdehlər ona müraciət edərək, kartof almaq üçün pula ehtiyaclarının olduqlarını bildirmiş və ondan xahiş etdilər ki, 3000 manat borc versin. O da cavabdehlərə etibar etdiyi üçün ehtiyacları olan 3000 manal pulu borc olaraq vermişdir. Cavabdehlər ondan aldığı pulu iki ay müddətində qaytarmağı öhdəsinə götürmüşlər. Cavabdehlər 3000 manat puldan 300 manatını geri qaytarmışlar və 2700 manat borclu qalmışlar. Lakin, cavabdehlər söz verdiyi həmin vaxtda pulu qaytarmamışlar və bu günə kimi də onun pulu qanunsuz olaraq cavabdehlərdə qalır. Dəfələrlə cavabdehlərə 2700 manat pulu tələb etsə də, cavabdehlər hər dəfə müxtəlif bəhanələr gətirməklə pulu qaytarmaqdan imtina etmiş və onu söyüb təhqir etmişlər. O da məcbur qalaraq məhkəməyə müraciət etmişdir. Cavabdehlərin ona borclu olmaları barədə məhkəməyə müraciət etməzdən əvvəl Cəlilabad rayon X1 polis bölməsinə ərizə ilə müraciət etmiş və cavabdehlər tərəfindən hədələndiyimi bildirmişdir. Onun ərizəsi əsasında Cəlilabad rayon X1 polis bölməsində araşdırma aparılmış, aparılmış araşdırma zamanı onların izahatları alınmış və cavabdehlər verdiyi izahatında 3000 manat pul almasını etiraf etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı etiraf etməyərək verdiyi izahatında bildirdi ki, o və digər Cavabdeh2 ilə birlikdə kartof məhsullarının alqı-satqısı ilə məşğul olurlar. O, İddiaçı Cəlilabad rayon sakini kimi tanımış və aralarında səmimi dostluq münasibətləri yaranmışdır. O və Cavabdeh2 2023-cü ilin qış aylarında İddiaçı 3000 manat borc pul almışlar. Aralarında həmin 3000 manat pulu aylıq əlavə 15 faiz ödəməklə razılaşmışlar. Aldıqları 3000 manat pulu iddiaçıya tam olaraq geri qaytarmışlar. Bundan sonra kartof məhsulunun alqı-satqısı istənilən kimi baş tutmamış və maddi imkanları zəifləmişdir. Ona görə də iddiaçıya söz verdikləri əlavə faiz məbləğlərini verə bilməmişlər. Hazırda iddiaçıya borcları yoxdur. Qeyd edilənlərin nəzərə alınaraq iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddianı etiraf etməyərək verdiyi izahatında bildirdi ki, o və digər Cavabdeh1 ilə birlikdə kartof məhsullarının alqı-satqısı ilə məşğul olurlar. O, İddiaçı Cəlilabad rayon sakini kimi tanımışdır və aralarında səmimi dostluq münasibətləri yaranmışdır. O, Cavabdeh1la birlikdə 2023-cü ilin qış aylarında İddiaçı 3000 manat pul almışlar. İddiaçı 3000 manat pulu onun istifadəsində olan bank kartına göndərmişdir. Onlar iddiaçıdan pulu faizə götürmüşlər. Hazırda iddiaçıya olan borclarını tam olaraq ödəmişlər. Ona görə də iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan 23 sentyabr 2025-ci il tarixli Cəlilabad rayon X1 Polis Bölməsinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Cavabdeh1 müraciəti əsasında toplanmış material üzrə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərardan görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 verdikləri izahatında İddiaçı 3000 manat pul almalarını etiraf etmişlər. Həmçinin, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasında verdikləri izahatında iddiaçıdan 3000 manat məbləğində borc aldığlarını və həmin borcu iddiaçıya tam şəkildə geri qaytardıqlarını bildirmişlər, lakin, həmin borcu qaytarmaları ilə bağlı hər hansı sənədi və ya sübutu məhkəməyə təqdim etməmişlər və borcu qaytarmalarını sübut edə bilməmişlər. Məhkəmə iclasında müəyyən edildi ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 üzərinə götürdükləri öhdəliyi yerinə yetirməmiş və nəticədə iddiaçıya borcları yaranmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 3000 manat pul tələbində qismən haqlıdır. Belə ki, məhkəmə iclasında İddiaçı cavabdehlərin ona 3000 manat borcdan 300 manat qaytarmasını bildirmişdir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 14.2.7-ci maddəsinə əsasən əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsində təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları-fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (MM-nin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu-pul ödəməyə, əmlak verməyə işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor-borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu mənada, öhdəliyin pozulması-öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehlərin hərəkətləri öhdəliyin icra edilməməsi kimi qiymətləndirilməlidir. İş materiallarından göründüyü kimi cavabdehlər üzərlərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiklərindən onların iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etiazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin iş üzrə gəldiyi nəticə ondan ibarətdir ki, iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2700 manat alınıb İddiaçı verilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdə olan 06 noyabr 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı hazırkı ərizənin verilməsi ilə əlaqədar 50 manat dövlət rüsumu ödəmişdir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 50 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2700 (iki min yeddi yüz) manat borc alınıb İddiaçı verilsin. İddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 50 (əlli) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar