Məhkəmə qərarları › İş №2(073)-356/2023

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-356/2023

28.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-356/2023 28.03.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Nurəddin oğlunun Cavabdeh qarşı pul tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Nurəddin oğlu Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, borca görə 460 manat, dövlət rüsumuna görə 30 manat və iddia ərizəsinin hazırlanması ilə əlaqədar hüquqi xidmətə görə Qusar rayon Vəkil Bürosunun hesabına ödənilmiş 50 manat pul məbləğlərinin Cavabdeh alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Nurəddin oğlu məhkəməyə ərizə göndərərək iddianı müdafiə etdiyini, yolun uzaqlığı ilə əlaqədar olaraq məhkəmədə iştirak edə bilməyəcəyini göstərərək, mülki işə ona iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Nurəddin oğlu iddia tələbini əsaslandıraraq göstərmişdir ki, o, 2022-ci ilin avqust ayında Qusar şəhərində Cavabdeh ilə tanış olmuşdur. Həmin vaxtlar Cavabdeh Qusar şəhəri ərazisində tikilən çoxmərtəbəli binaların tikintisində briqadir kimi işləmişdir. Həmin binanın tikintisində fəhlə və ustalara ehtiyac olduğundan, o, Cavabdehla razılaşaraq hər gün üçün 20 manat məbləğində fəhlə kimi işə düzəlmişdir. Ondan başqa 5-6 nəfər də fəhlə və usta kimi işə düzəlmişlər. Bütün fəhlələr onun kimi günəmuzd 20 manat məbləğində işləmişlər. O, 21 avqust 2022-ci il tarixdən başlayaraq həmin binanın tikintisində 23 gün fəhlə kimi işləmiş və bunun müqabilində Cavabdeh ona 460 manat ödəməli idi. Lakin Cavabdeh 460 manat pul məbləğindən ona bir manat olsun belə ödəməmişdir. O, da bu barədə Qusar RPŞ-nə ərizə ilə müraciət etmiş və Cavabdeh izahatında ona olan borcunu etiraf etmişdir. Lakin cavabdeh ona verdiyi öhdəliyə əməl etməmiş və eyni zamanda onun pulunu qaytarmamışdır. Bundan əlavə hazırki iddia əriaəsinin hazırlanmasından ötəri Qusar rayon Vəkil bürosuna 50 manat və dövlət rüsumuna görə 30 manat ödənişlər etmişdir. Sonda İddiaçı Nurəddin oğlu borca görə 460 manat, dövlət rüsumuna görə 30 manat və iddia ərizəsinin hazırlanması ilə əlaqədar hüquqi xidmətə görə Qusar rayon Vəkil Bürosunun hesabına ödənilmiş 50 manat pul məbləğlərinin Cavabdeh alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbinin etiraf edilməsi barədə ərizə təqdim edərək bildirdi ki, hal-hazırda borcunu ödəməyə imkanı yoxdur, lakin borcunu hissə-hissə ödəyəcəyinə söz verir. Bu səbəbdən də iddianın təmin edilməsinə etiraz etmir. Məhkəmə, cavbdehin izahatını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materialında olan cinayət işinin başlanılmasının rədd edilməsi barədə 30 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Cavabdeh Qusar RPŞ-də verdiyi ifadəsində İddiaçı Nurəddin oğluna 460 manat borcu olduğunu etiraf etmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı Nurəddin oğlu hazırkı iddianın verilməsi ilə əlaqədar 30 manat dövlət rüsumu ödəmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı Muradəliyev X1 rayon Vəkil Bürosunun hesabına 50 manat ödəmiş etmişdir. İş materillarına əlavə edilmiş Cavabdeh ərizəsindən görünür ki, o, İddiaçı Nurəddin oğlunun ona qarşı iddiasını etiraf etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh 21 avqust 2022-ci il tarixdən başlayaraq İddiaçı Nurəddin oğlunu tikintidə 23 gün fəhlə kimi işlətmiş və bunun müqabilində Cavabdeh ödəməli olduğu 460 manat pulu ona ödəməmişdır. Qeyd olunanlara əsasən İddiaçı Nurəddin oğlu Cavabdeh qarşı əmək haqqına görə 460 manat, dövlət rüsumuna görə 30 manat və iddia ərizəsinin hazırlanması ilə əlaqədar hüquqi xidmətə görə 50 manat pul tələbində haqlıdır. Məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı günü 20 manat olmaqla günəmuzd işlətmiş, lakin verdiyi sözə əməl etməyərək ona verəcəyi 460 manat pul məbləğini özündə saxlamaqla əsassız varlanmaq istəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə görə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək, Cavabdeh 460 manat və iddia ərizəsinin hazırlanması ilə əlaqədar hüquqi xidmətə görə Qusar rayon Vəkil Bürosunun hesabına ödənilmiş 50 manat alınıb İddiaçı Nurəddin oğluna verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 (otuz) manat dövlət rüsumu da cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qət etdi: İddia təmin edilsin. Cavabdeh əmək haqqına görə 460 (dörd yüz altmış) manat, dövlət rüsumuna görə 30 (otuz) manat və iddia ərizəsinin hazırlanması ilə əlaqədar hüquqi xidmətə görə 50 (əlli) manat alınıb İddiaçı Nurəddin oğluna verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar