Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-356/2024 06.03.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi ilə, İddiaçı rəisi vəzifəsini müvəqqəti icra edən (nümayəndə) X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə Cəlilabad şəhərində, 06 mart 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh təhkim edilmiş elektron nəzarət vasitəsinin dəyəri olan 2277.40 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat pulun ondan (cavabdehdən) tutularaq Bakı şəhəri Maliyyə İdarəsinin hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı rəisi vəzifəsini müvəqqəti icra edən (nümayəndə) X4 məhkəmə iclasında iddianı müdafiə edərək bildirdi ki, cavabdeh Ağayev X1 Ağır Cinayətlər Məhkəməsinin 06 may 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib, 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkəmə tərəfindən məhkumun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmuşdur. Hökmün icrası İddiaçınə həvalə edilmişdir. xx.xx.2021-ci il tarixdə böyük icra məmuru (probasiya üzrə) Aqşin Əliyev tərəfindən məhkumun iştirakı ilə müvafiq protokol tərtib edilmiş və cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsinin istifadə qaydaları məhkuma izah edilərək ona “Attenti” markalı elektron nəzarət vasitəsi tətbiq edilmiş, ona bir ədəd mobil qurğu, bir ədəd mobil qurğunun enerji adapteri, bir ədəd qolbağ və yaddaş kitabçası təhvil verilməklə onun yaşadığı ünvanda quraşdırılmışdır. Bu nəzarət avadanlıqlarının istifadə qaydaları cavabdehə izah edilmiş və həmin avadanlıqlara görə üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. Cavabdeh cəza çəkdiyi müddətdə elektron nəzarət vasitəsi olan mobil telefonu yararsız hala salmışdır. Ədliyyə Nazirliyinin Maliyyə və Təminatı İdarəsinin təqdim etdiyi maliyyə arayışına görə həmin zədələnmiş elektron nəzarət vasitəsinin dəyəri ümumilikdə 2277.40 manat təşkil edir. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 06 may 2021-ci il tarixli, 1(099)-237/2021 hökmü hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib, ona 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Təyin edilmiş cəza müddəti ərzində Cavabdeh üzərinə yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Cəlilabad rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və başqa tədbirlər təşkil etməmək yə belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmuşdur. İşdə olan xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, “Attenti” markalı elektron nəzarət vasitələri tətbiq edilmiş məhkumlar tərəfindən onlara verilmiş həmin elektron avadanlıqların itirilməsi və yararsız hala salınması hallarında həmin vasitələrin dəyəri də daxil olmaqla, ümumilikdə 2277.40 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat nəzarət subyektindən tutulur. İşdə olan 13 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, X2 məhkəmə hökmünün (qərarının) tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmişdir. İşdə olan Elektron nəzarət vasitəsinin vəziyyəti haqqında texniki rəydən görünür ki, Cavabdeh verilmiş Attenti V6 mobil qurğusunda xx.xx.2023-cü il tarixdə texniki baxış nəticəsində ana plata elementlərinin üzərində korroziya müşahidə olunur, təmiri mümkün deyil və istifadəyə tam yararsızdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı tərəfindən ona təhkim olunmuş elektron nəzarət vasitəsini yararsız vəziyyətə salmış, nəticədə iddiaçıya 2277.40 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat məbləğində ziyan vurmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuşşəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyəşəraitindəəldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir (hərəkət və ya hərəkətsizlikdir); Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 aprel tarixli, 144 nömrəli qərarı ilə təsdiq edilmiş “Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə elektron nəzarət vasitələrinin tətbiqi Qaydaları”nın 7.5-ci bəndinə əsasən tətbiq olunan elektron nəzarət vasitəsi yararsız hala düşdükdə və ya fəaliyyətində nasazlıqlar müşahidə olunduqda, o yenisi ilə əvəz edilə bilər. Bunun üçün icra məmuru (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsi nasaz avadanlığa onu çıxarmadan baxış keçirməli və onun bilərəkdən korlanmaması aşkar olunduqda, dəyişdirilməsi barədə qərar verməlidir. Belə halda, icra məmuru (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsi bu Qaydaların 7.4-cü bəndində göstərilən tədbirləri yerinə yetirir. Nəzarət subyekti elektron nəzarət vasitəsini zədələdikdə və ya digər üsullarla yararsız vəziyyətə saldıqda, həmin vasitənin dəyəri ondan tutulur. Məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq iddia tələbi üzrə belə nəticəyə gəlir ki, məhkəmə prosesi zamanı cavabdeh tərəfindən elektron nəzarət vasitəsini yararsız vəziyyətə saldığına görə iddiaçıya 2277.40 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat zərərin vurulması təsdiq edilmiş, iddiaçının zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ olduğundan, cavabdehdən dəymiş zərərin əvəzi üzrə 2277.40 manat pul tutularaq Bakı şəhəri Maliyyə İdarəsinin hesabına ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh elektron nəzarət vasitəsinin dəyəri olan 2277.40 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat pul tutularaq Bakı şəhəri Maliyyə İdarəsinin hesabına hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə («Elektron Məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Vüsal Cəbrayılov
Məhkəmə qərarları › İş №2(073)-356/2024
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-356/2024
06.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver