Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-3584/2025 03.03.2026 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynli Nail Ağasəlim oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı cavabdeh X2 qarşı cavabdehdən 1450 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 40 manat pul vəsaitinin alınıb ona verilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdeh X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 1450 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 40 manat pul vəsaitinin alınıb ona verilməsini barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək verdiyi izahatında bildirdi ki, o, Göytəpə şəhər sakini Cavabdeh uzun müddətdir ki, tanıyır və həmişə münasibətləri yaxşı olmuşdur. Cavabdeh Qaz İstismar idarəsində nəzarətçi işləmiş və 2024-cü il noyabr ayında ondan borca pul istəmiş və bildirmişdir ki, abonentlərdən yığdığı pulu idarəyə ödəməmişdir. İşlədiyi qaz idarəsində bilirlər, ödəməsə onu işdən qovarlar və ona 3000 manat pul lazımdır. O, cavabdehə o qədər pulunun olmamasını, vacib məsələdirsə banka qızıl girov qoyub pulu götürüb ona verə biləcəyini, amma kredit pulunu isə cavabdehin ödəməsini bildirmişdir. Cavabdeh onunla razılaşmışdır. O, ailəsinə məxsus olan qızıl zinətləri “Bank Respublika “ASC-yə qoyaraq 2740 manat kredit götürüb cavabdehə vermişdir. Cavabdehlə həmin pulun faizi ilə birlikdə cəmi 3610 manat ödənilməsinə və ödənişi hər ayın 18-i 151 manat olmaqla razılamışlar və cavabdeh qısa müddətdə krediti tam bağlayacağını bildirmişdir. Cavabdeh ayrı-ayrı vaxtlarda ona 200 manat və 560 manat vermişdir. Cavabdehin atası Elaydın Abullayev isə 1400 manat vermişdir. Cavabdeh krediti ödəyib ona məxsus olan qızıl zinətləri Bank Respublikadan götürüb verəcəyinə söz versə də bu günə kimi verdiyi sözünə əməl etmir. Krediti məcbur qalıb özü ödəyir. Cavabdeh whatsapp yazışmasında qeyd edib ki, ona olan 1450 manatı sadəcə maddi cəhətdən vəziyyəti pis olduğu üçün ödəyə bilmir. Buna görə də o, məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etməyərək izahatında bildirdi ki, o, Göytəpə şəhər sakini İddiaçı uzun müddətdir ki, tanıyır və həmişə aralarında münasibətləri yaxşı olmuşdur. Lakin iddiaçının ona qarşı iddiası əsassızdır. Belə ki, İddiaçı 2021-ci ilin qış aylarında aylıq 20 faiz ödəmək şərti ilə ümumilikdə 1400 manat pul götürmüşdür. İddiaçıya olan borcunu tam ödəmişdir. Hal-hazırda iddiaçıya borcu yoxdur. Odur ki, qeyd edilənlərin nəzərə alınaraq iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cəlilabad RPŞ-nin 05 sentyabr 2025-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarından görünür ki, qərarın təsvir hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işi başlanılması rədd edilmiş, cinayət işi başlanılmasının rədd edilməsi barədə qərarın surəti tərəflərə göndərilməklə həmin qərardadn müvafiq olaraq ibtidai araşdırmaya prossesual rəhbərliyi həyata keçirən prokurora, yuxarı prokurora yaxud, məhkəməyə şikayət etmək, həmçinin müraciət mülki xarakterli olduğuna görə AR MPM-nin 25-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İş materiallarında olan Cavabdeh özünə məxsus +**********94 nömrə ilə İddiaçı arasında olan Whatsapp aplikasiyası yazışmasında qeyd olunmuşdur: “Salam əmi necəsən, sənin zənginidə açmağa utanıram, Allah haqqı sənin pulunu verəcəm, hələ çiyələyin pulun tam verməyiblər, get bizə atam sənə 1400 manat verəcək, yerdə qalan 1450 manatıda sentyabr ayının 1-inə kimi verəcəm, vəziyyətim pisdi, maaş kartımda Lalə gildədi, onada verəcəyim var, bank maaşımı tutur, heçnə qalmır, dünən də zəng edəndə məni polislər axtarırdı, əmimdə məni verib polisə onada verəcəyim var. Səndən xahiş edirəm mənə vaxt ver”, “Salam ayıbdı eee mən sənə pislik elədim? məni niyə pis vəziyyət qoyursan, belə eləmə aramız dəyər özüdə pis dəyər”. İşdə materiallarında olan "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 18 noyabr 2024cü il tarixli kredit razılaşmasına əsasən ödəniş cədvəlindan görünür ki, İddiaçı 24 ay müddətinə, hər ay 150,45 manat olmaqla, 2740 manat əsas borcu və 870,81 manat faiz borcu olmaqla, ümumilikdə 3610,81 manat borcu öhdəsinə götürmüşdür. İş materiallarında olan 17 noyabr 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı hazırkı iddianın verilməsi ilə əlaqədar 40 manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında şifahi borc müqaviləsi bağlanmış və cavabdeh iddiaçıdan 3000 manat məbləğində borca pul istəmiş, iddiaçı "xxxx" ASC-dən 2740 manat pul götürüb cavabdehə vermişdir. "xxxx" ASC ilə İddiaçı arasında 18 noyabr 2024-cü il tarixli kredit müqaviləsi bağlanmış, kredit müqaviləsi razılaşmasının ödəniş cədvəlinə əsasən İddiaçı 24 ay müddətinə, hər ay 150,45 manat olmaqla, 2740 manat əsas borcu və 870,81 manat faiz borcu olmaqla, ümumilikdə 3610,81 manat borcu banka ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh həmin borc məbləğindən ayrı-ayrı vaxtlarda iddiaçıya 200 manat və 560 manat vermiş, cavabdehin atası Elaydın Abullayev isə iddiaçıya 1400 manat olmaqla, cəmi 2160 manat ödəniş etmiş, qalan 1450 manatı ödəməmişdir. İddiaçı dəfələrlə cavabdehdən qalan 1450 manat pul məbləğini qaytarmasını tələb etsə də, cavabdeh borcu qaytarmaqdan yayınmışdır. İddiaçı ilə cavabdeh arasında həmçinin bu borc məsələsinə görə “Whatsapp” aplikasıyanda yazışma olmuş, həmin yazışmada cavabdeh iddiaçıdan 1450 manat borc məbləğini qaytarması üçün vaxt istədiyini bildirmişdir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh X2 qarşı 1450 manat pul tələbində haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 14.2.7-ci maddəsinə əsasən əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsində təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları-fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (MM-nin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu-pul ödəməyə, əmlak verməyə işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor-borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu mənada, öhdəliyin pozulması-öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehlərin hərəkətləri öhdəliyin icra edilməməsi kimi qiymətləndirilməlidir. İş materiallarından göründüyü kimi cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən onun iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etiazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək, cavabdeh X1 1450 manat alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 40 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qət etdi: İddia təmin edilsin. Cavabdeh X1 1450 (bir min dörd yüz əlli) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 40 (qırx) manat alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-3584/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-3584/2025
03.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver