Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-361/2024 09.04.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Rüstəmov Cavid Emin oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, əvvəllər tanıdığı Cavabdeh 02 aprel 2019-cu ildə 2000 (iki min) manat borc pul vermişdir. Cavabdeh aldığı pulu 25 may 2019cu il tarixə kimi qaytaracağına söz vermişdir. Daha sonra 01 dekabr 2019-cu il tarixdə cavabdeh yenidən onunla telefon əlaqəsi saxlayaraq, görüşüb söhbət etmək istədiyini bildirmişdir. Görüşən zaman cavabdeh yenidən ondan (iddiaçıdan) 5000 (beş min) manat pul istəmiş, yaşadığı kənddə sarımsaq əkib sataraq gəlir əldə edəcəyini və əvvəl aldığı 2000 (iki min) manatı 5000 (beş min) manat ilə birlikdə qaytaracağını bildirmişdir. Lakin hazırkı vaxtadək cavabdeh ondan (iddiaçıdan) aldığı 7000 (yeddi min) manat məbləği qaytarmamışdır. Dəfələrlə tələb etməsinə baxmayaraq, cavabdeh borcunu ödəməkdən yayınmışdır. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 740 və 743-cü maddələrinə istinad edərək, cavabdehdən 3000 (üç min) manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddianın dəqiqləşdirilməsinə və həcminin artırılmasına dair ərizə verərək, Cavabdeh 7200 (yeddi min iki yüz) manat pulun alınıb ona (iddiaçıya) verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə teleqram göndərərək, iddianı müdafiə etdiyini bildirmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək, hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2019-cu il tarixli borc müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh xx.xx.2019-cu ilədək geri qaytarmaq şərtilə 2000 (iki min) manat borc pul vermişdir. İşdə olan xx.xx.2019-cu il tarixli borc müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh xx.xx.2020-ci ilədək geri qaytarmaq şərtilə 5000 (beş min) manat borc pul vermişdir. İşdə olan AA N151362 seriyalı vəsiqədən görünür ki, 1977-ci il təvəllüdlü İddiaçı 1993-cü ildə Cəbrayıl rayonundan məcburi köçkün düşmüşdür. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli borc müqaviləsinə əsasən iddiaçı cavabdehə xx.xx.2019-cu ilədək geri qaytarmaq şərtilə 2000 (iki min) manat və xx.xx.2019-cu il tarixli borc müqaviləsinə əsasən xx.xx.2020-ci ilədək geri qaytarmaq şərtilə 5000 (beş min) manat borc vermişdir. Lakin cavabdeh öhdəliyini lazımi qaydada yerinə yetirməmiş, iddiaçıdan aldığı borcunu müəyyən edilmiş vaxtda qaytarmamışdır. İddiaçı tərəfindən tələb edilməsinə baxmayaraq, cavabdeh borcunu ödəməkdən yayınmışdır. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üc min manatdan coxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakcısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə iclasında müəyyən edildiyi kimi cavabdeh iddiaçıya olan borcunu razılaşdıqları vaxtadək qaytarmalı olduğu halda, götürdüyü öhdəliyə əməl etməyərək borcunu qaytarmamışdır. Məhkəmə iddianın 200 (iki yüz) manat tələbinə dair hissəsinə qiymət verərək, hesab edir ki, iddia həmin hissədə əsassızdır. Belə ki, tərəflər arasında 2000 (ik min) manata və 5000 (beş min) manata dair yazılı formada borc müqaviləsi bağlansa da, 200 (iki yüz) manatın cavabdehə verilməsini təsdiq edən sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. İddiaçı tərəfindən 200 (iki yüz) manatın köçürülməsi ilə əlaqədar məhkəməyə qəbz təqdim edilsə də, həmin qəbzdən pulun cavabdehin hesabına köçürüldüyünü müəyən etmək mümkün olmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilərək, cavabdehdin 7000 (yeddi min) manat pulun alınıb iddiaçıya verilməsinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. İşdə olan 151362 saylı vəsiqənin surətindən görünür ki, Həsənova X1 rayonundan məcburi köçkündür. Buna görə məhkəmə hesab edir ki, iş üzrə ödənilməli olan 90 (doxsan) manat dövlət rüsumu cavabdehdən alınıb dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220 və 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 7000 (yeddi min) manat borc pul alınıb İddiaçı və 90 (doxsan) manat dövlət rüsumu alınıb dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №2(073)-361/2024
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-361/2024
09.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver