Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-402/2023 06.04.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 06 avqust 2021-ci il tarixli, RGTK4015963A110 saylı kredit müqaviləsinə əsasən 11763,84 manat əsas borcun, 919,28 manat faiz borcunun, cəmi 12683,12 manat məbləğində borcun və ödənilmiş 128,05 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 06 avqust 2021-ci il tarixli, RGTK4015963A110 saylı kredit müqaviləsinə əsasən ona 83 ay müddətinə illik 20 faiz olmaqla 12409,56 manat kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə öhdəliyin təminatı olaraq Cavabdeh2 ilə iddiaçı Bank arasında 06 avqust 2021-ci il tarixli, Z-RGTK4015963A110 saylı zaminlik müqaviləsi bağlanmış və zamin borc alanın öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı kreditor qarşısında borcalanla birlikdə məsuliyyət daşıyır. Cavabdeh iddiaçı Banka olan borcunu vaxtında ödəmədiyindən onun iddiaçı cəmiyyətə 11763,84 manat əsas borcu, 919,28 manat faiz borcu, cəmi 12683,12 manat məbləğində borcu yaranmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər yaranmış borcu ödəməmişlər. Buna görə də iddiaçı bank məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 06 avqust 2021-ci il tarixli, RGTK4015963A110 saylı kredit müqaviləsinə əsasən 11763,84 manat əsas borcun, 919,28 manat faiz borcunun, cəmi 12683,12 manat məbləğində borcun və ödənilmiş 128,05 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəməyə ərizə göndərərək işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 izahatında iddianı etiraf etdiyini bildirdi. Lakin əlavə ipoteka krediti ödədiyi üçün, hazırki borcu tam ödəməyə imkanı yoxdur, hissə-hissə ödəyəcəkdir. Bu səbəbdən də ərizəsinin nəzərə alınmasını xahiş edərək, iddianın təmin olunmasına dair qətnamə çıxarılmasına etiraz etmədiyini bidirdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, Cavabdeh2 izahatını dinləyib, iddia ərizəsini, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan 06 avqust 2021-ci il tarixli RGTK4015963A110 saylı kredit müqaviləsindən görünür ki, iddaçı Bank tərəfindən Cavabdeh1 83 ay müddətinə illik 20 faiz olmaqla 12409,56 manat kredit verilmişdir, zamin Cavabdeh2 06 avqust 2021-ci il tarixli, RGTK4015963A110 saylı kredit müqaviləsi üzrə Cavabdeh1nın öhdəliklərini icra etməsi üçün borcalanla birgə məsuliyyəti üzərinə götürmüşdür. İşdə olan 06 avqust 2021-ci il tarixli məxaric orderindən görünür ki, Cavabdeh1 oglu 06 avqust 2021-ci il tarixli, RGTK4015963A110 saylı kredit müqaviləsi üzrə verilməsi nəzərdə tutulmuş 12409,56 manat vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Əhmədli filialından almışdır. İşdə olan 08 dekabr 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 02 dekabr 2022-ci il tarixə 06 avqust 2021-ci il tarixli, RGTK4015963A110 saylı kredit müqaviləsinə əsasən 11763,84 manat əsas borcu, 919,28 manat faiz borcu, cəmi 12683,12 manat borcu vardır. İşdə olan bildirişdən görünür ki, iddiaçı Bank tərəfindən yaranmış borcun ödənilməsi cavabdehlərdən tələb edilmiş, əks təqdirdə qanuna müvafiq tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsinin verilməsi üçün 128,05 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh1 06 avqust 2021-ci il tarixli, RGTK4015963A110 saylı kredit müqaviləsinə əsasən 83 ay müddətinə illik 20 faiz olmaqla 12409,56 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə öhdəliyin təminatı olaraq Cavabdeh2 ilə iddiaçı Bank arasında 06 avqust 2021-ci il tarixli, Z-RGTK4015963A110 saylı zaminlik müqaviləsi bağlanmış və zamin borc alanın öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı kreditor qarşısında borcalanla birlikdə məsuliyyət daşıyır. Cavabdeh iddiaçı Banka olan borcunu vaxtında ödəmədiyindən onun iddiaçı cəmiyyətə 02 dekabr 2022-ci il tarixə 11763,84 manat əsas borcu, 919,28 manat faiz borcu, cəmi 12683,12 manat məbləğində borcu yaranmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər yaranmış borcu ödəməmişlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdehlər arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları-fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (MM-nin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu-pul ödəməyə, əmlak verməyə işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor-borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu mənada, öhdəliyin pozulması-öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh1nın hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, iddiaçının digər Cavabdeh2 münasibətdə də tələbi qanuni və əsaslıdır. Belə ki, Azərbayan Respublikasının Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Yuxarıda da qeyd olunduğu kimi cavabdehlər zaminlik müqaviləsini imzalamaqla kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşlər. Məhkəmə onu da qeyd edir ki, hazırkı mübahisənin hüquqi və faktiki halları baxımından cavabdehlər kreditor olan iddiçının qarşısında müqavilədən irəli gələn birgə borclular kimi çıxış edirlər və müvafiq olaraq götürdükləri öhdəliklər də birgə öhdəliklər kimi qiymətləndirilməlidir. Bu mənada, məhkəmə hesab edir ki, iddiacının cavabdehlərin hər ikisinə qarşı eyni zamanda hazırkı iddia tələbi ilə çıxış etmək və onlardan kredit borcunun və faizlərin tutulmasını tələb etmək hüququ həm də Mülki Məcəllənin 500-cü maddəsinin müddəalarından irəli gəlir. Həmin maddəyə görə əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borcludurlar. Birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. İşdə olan iddiaçı Bankla Cavabdeh2 arasında bağlanmış 06 avqust 2021-ci il tarixli, Z-RGTK4015963A110 saylı zaminlik müqaviləsi ilə müəyyən edilir ki, zamin 06 avqust 2021-ci il tarixli, RGTK4015963A110 saylı kredit müqaviləsi üzrə Cavabdeh1nın öhdəliklərini icra etməsi üçün məsuliyyət daşıyır. İş materiallarından göründüyü kimi cavabdehlər kredit və zaminlik müqaviləsi üzrə götürdükləri öhdəlikləri yerinə yetirməmiş və nəticədə qeyd edilən kredit müqaviləsi üzrə iddiaçı Banka hazırkı borc yaranmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə görə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 11763,84 manat əsas borc, 919,28 manat faiz borcu, cəmi 12683,12 manat kredit borcu alınıb İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 128,05 manat dövlət rüsumu da cavabdehdən alınıb iddiaçıya verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 11763,84 (on bir min yedd yüz altmış üç manat səksən dörd qəpik) manat əsas borc, 919,28 (doqquz yüz on doqquz manat iyirmi səkkiz qəpik) manat faiz borcu, cəmi 12683,12 (on iki min altı yüz səksən üç manat on iki qəpik) manat borc və 128,05 (bir yüz iyirmi səkkiz manat beş qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-402/2023
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-402/2023
06.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver