Məhkəmə qərarları › İş №2(073)-403/2024

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-403/2024

15.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-403/2024 15.05.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cavabdehdən 8350 manat və 24500 ABŞ dolları məbləğində pul vəsaitinin alınıb ona verilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 50000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 240 manat pul vəsaitinin alınıb ona verilməsini barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin predmetinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh 8350 manat və 24500 ABŞ dolları məbləğində pul vəsaitinin alınıb ona verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsində göstərilir ki, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək verdiyi izahatında bildirdi ki, o, 2006-cı ildən etibarən Bakı şəhəri, Nizami rayonu, 8-ci km bazarında, mənzil qapılarının satışı ilə əlaqədar icarə əsasında mağaza işlədir. Cavabdeh 30 ildən çoxdur ki tanıyır, belə ki, cavabdehlə dostluq münasibətləri olmuş, aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. Bir müddət Cavabdehlə görüşə bilməsə də, 2017-ci ildə “Ramal Ticarət Mərkəzi”nin qarşısında cavabdehlə rastlaşmışlar. Hal-əhval tutduqdan sonra Cavabdeh ondan nə ilə məşğul olduğunu soruşmuş, o, isə “Ramal Ticarət Mərkəzi”ndə qapıların satışı ilə məşğul olduğunu bildirmişdir. Cavabdeh ona avtomobil ehtiyyat hissələrinin satışı ilə məşğul olmağı təklif etmiş və onlar razılaşmışlar. Həmin vaxt Cavabdeh ona bu iş üçün 4000 ABŞ dolları pul lazım olduğunu bildirmiş, o, da ilkin olaraq Cavabdeh 4000 ABŞ dolları vermişdir. Cavabdeh 20-30 qutu mexanizm və ehtiyyat hissələrini aldıqdan bir müddət sonra 4000 ABŞ dolları pul vəsaitini ona qaytarmış və əlavə hər birinə 500 ABŞ dolları qazanc qalmışdır. Daha sonra al-ver üçün ondan 3000 ABŞ dolları almış, lakin xeyli vaxt keçməsinə baxmayaraq qaytarmamış, səbəbini soruşduqda həmin pula yenidən mal aldığını, malı satdıqdan sonra qaytaracağını bildirmiş, lakin qaytarmamışdır. baxmayaraqBir müddət sonra Cavabdeh ona daha böyük işlərlə məşğul olmağı təklif etmiş, bu dəfə isə 30000-40000 ABŞ dolları lazım olduğunu bildirmişdir. O, da həmin ərəfələr özünə məxsus evini satdığından əlində müəyyən qədər pulu olmuşdur. O, Cavabdeh verdiyi pulu satdığı evin pulu olduğunu və həmin pulu 6 aya qaytara biləcəyi təqdirdə işə sərmayə qoymağı təklif etmiş, Cavabdeh də onunla razılaşıb 6 aya qaytaracağını və bu pulla 6 aya təxminən 10000 manat gəlir əldə edəcəklərini vəd etmişdir. Sonra o, Binə ticarət mərkəzində ticarətlə məşğul olan tanışına mobil telefon vasitəsi ilə zəng vuraraq, onda olan 10000 ABŞ dolları məbləğində pul vəsaitinin Cavabdeh adlı şəxsin gəlib ondan götürəcəyini bildirmiş və bundan sonra Cavabdeh gedib həmin şəxsdən 10000 ABŞ dolları məbləğində pul vəsaitini götürdükdən sonra, mobil telefon vasitəsi ilə ona zəng vuraraq pulu götürdüyünü bildirmişdir. Cavabdeh sonradan dediyinə görə ondan aldığı 10000 ABŞ dolları məbləğdən 4000 ABŞ dollarına hidrovlik motor hissələri almış, lakin 6000 ABŞ dollarını isə ticarət məqsədi üçün başqa mal almaq üçün ödədiyini bildirmişdir. Beləliklə o, 2018-ci ilin əvvəlinə qədər Cavabdeh 36000 ABŞ dolları vermiş, həmin məbləğin 11000 ABŞ dollarını Cavabdeh həmin ilin aprel ayına qədər ona qaytarmışdır. Lakin bir müddət sonra Cavabdeh yerdə qalan 25000 ABŞ dolları pulu qaytarmadığına görə, həmin pulun əvəzində aldığı mallara özü müştəri tapıb satacağını Cavabdeh bildirmiş, lakin Cavabdeh həmin mallara heç kəsin müdaxilə edə bilməyəcəyini, malları yalnız özü sata biləcəyini ona demişdir. O, Cavabdeh satdığı evinin pulunu ona verdiyini, evsiz qaldığını dedikdə, Cavabdeh qudası Ağaveyis Şahverdiyevin ev tikintisi ilə məşğul olduğunu və Bakı şəhəri, Nərimanov rayonu ərazisində tikintisini həyata keçirdiyi yaşayış binasının 4-cü mərtəbəsində yerləşən təxminən 80 kv/metrlik mənzilin birinin ona, birinin də Cavabdeh özünə veriləcəyini bildirmişdir. O, da Cavabdeh bu təklifinin daha səmərəli olduğunu zənn edib, mənzilin tikintisinin başa çatmasını gözləmişdir. Bundan sonra Cavabdeh bir neçə dəfə ondan pul istəyərək iş görməyi, məsələn Kürdəmir rayonundan biyan kökü alıb-satmağı təklif etsə də, o, əlində pul olmadığı üçün Cavabdeh təklifləri ilə razılaşmamışdır. 2021-ci ilin fevral ayında Tahir onunla yenidən telefon əlaqəsi saxlayaraq yenə iş görməyi təklif edərək pul istəmiş, onun pulu olmadığı üçün Cavabdehlə iş görə bilməmişdir. 2021-ci ilin mart ayında Cavabdeh 600 manat vermiş, həmin məbləğin 500 manatını cavabdeh ona qaytarmış, lakin 100 manatını ehtiyacı olduğundan sanra qaytaracağını bildirmişdir. Bundan əlavə yenə Cavabdeh ondan pul istəmiş və o, dostlarından birinin mağazasından 400 manat, başqa birinin mağazasından 450 manat olmaqla, ümumilikdə 850 manat dəyərində hamam aksesuarları götürüb Cavabdeh vermişdir. Cavabdeh ondan götürdüyü malları hansısa şirkətə aparıb göstərəcəyini və şirkətin həmin malları vitrinə qoyub sonra ondan yüz min manatlarla dəyərində bu mallardan sifariş edəcəyini bildirmiş, o, da Cavabdehlə razılaşmışdır. 2021-ci ilin aprel ayında Cavabdeh onunla əlaqə saxlayıb hansısa zavoda nasos vermək istədiyini və bunun üçün də 7500 manat pul lazım olduğunu bildirmişdir. Lakin, o, Cavabdeh pulu olmadığı üçün kimnənsə sələmə pul götürmək imkanı olduğunu bildirdikdə, Cavabdeh sələmə pul götürməyi istəməmişdir. O, dükan qonşusu və uzun illər tanıdığı tanışı Vüqar Əhmədovdan 2000 manat və digər tanışlarından 5500 manat alıb, ümumilikdə 7500 manat düzəldib Cavabdeh vermişdir. Bundan təxminən bir neçə gün sonra Cavabdeh istifadəsində olan mobil nömrədən ona zəng gəlmiş və adının Mehman olduğunu bildirən kişi Cavabdeh tanıdığını, onlarla iş görüb mal alacağını bildirmişdir. Lakin o, Cavabdeh hərəkətlərindən onu aldatdığını başa düşüb pulunu geri istədikdə, Cavabdeh hər dəfə bir bəhanə gətirərək pulu qaytarmamışdır. O, bir müddət əvvəl artıq Cavabdeh onu aldatdığını başa düşmüş, onunla apardığı telefon danışıqlarını qeydə almış və bunu Cavabdeh özü də hiss etdiyini söhbət əsnasında ona demişdir. O, Cavabdeh əvvəl gündən inanıb hissə-hissə pullarını ona vermiş və hətta bir hissəsini də manata çevirərək valyuta kursuna görə əlavə ziyan da etmişdir. O, Cavabdeh hər dəfə məcburiyyətdən pul vermişdir ki, bəlkə qazancı yaxşı olar, əvvəl verdiyi pulları da geri ala bilər, amma ala bilməmişdir. Qeyd edilən məsələ ilə bağlı o, Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinə ərizə ilə müraciət etmiş, lakin təhqiqatçı tərəfindən 28 mart 2022-ci il tarixdə “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar qəbul edilərək, hazırki məsələ ilə bağlı məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmənin əvvəlki iclasında Cavabdeh iddianı qəbul etməyərək verdiyi izahatında bildirdi ki, o, İddiaçı 1985-ci ildən tanıyır və dostluq münasibətləri olmuşdur. İddiaçı müsiqiçi olmaqla qarmon ifaçısıdır. Onların bütün toy və xeyir işlərində iddiaçı müsiqi dəstəsini təşkil etməklə qarmon ifaçısı kimi iştirak etmişdir. O, 1991-ci ildən ticarət məqsədi ilə İran İslam Respublikasına gedib-gəlmişdir. 1995-ci ildə İddiaçı da ticarətlə məşğul olmaq istəmiş və onunla birlikdə İrana getmişlər. İİR-da olarkən orada görmüşdür ki, onun ticarət əlaqələri olan şəxsi, İddiaçı öz şəxsi məqsədləri üçün ələ almağa çalışmışdır. O, İddiaçı bu hərəkətlərini gördükdən sonra, iddiaçı ilə əlaqələrini kəsmişdir. 2014-cü ildə qardaşı evini inşa etdirdikdən sonra, hamam üçün aksesuarlar almaq məqsədi ilə “Ramal Ticarət Mərkəzi”nə getmiş və orada İddiaçıla rastlaşmışlar. Hal-əhval tutduqdan sonra İddiaçı ondan nə ilə əlaqədar gəldiyini soruşmuş, o, da hamam üçün aksesuarlar almağa gəldiyini bildirmişdir. İddiaçı özünün hamam üçün aksesuarlar satdığını bildirmiş və ona ucuz qiymətə verəcəyini bildirmişdir. Həmin vaxt İddiaçı hamam üçün aksesuarlar almış, təxminən 300 manat borcu qalmış və az müddət sonra qalan borcunu da ödəmişdir. 2017-ci ildə “Ramal Ticarət Mərkəzi”nin qarşısında İddiaçıla rastlaşmışlar, söhbət əsnasında qızının xeyir işi ilə əlaqədar maddi durumunun zəif olduğunu və al-ver üçün əlində mayasının az olduğunu bildirdikdə, İddiaçı pul qoyub birlikdə al-ver etməyi təklif etmişdir. Həmin söhbətdən bir neçə gün sonra İddiaçı ona 4000 ABŞ dolları vermiş və İİR-dan 20-30 qutu mexanizm və ehtiyyat hissələri almışdır. Aldığı malları satdıqdan bir müddət sonra 4000 ABŞ dolları pul vəsaitini İddiaçı qaytarmış və əlavə hər birinə 500 ABŞ dolları qazanc qalmışdır. Daha sonra al-ver üçün İddiaçı 3000 ABŞ dolları almış, həmin pula mal alıb satdıqdan sonra həmin 3000 ABŞ dollarını İddiaçı qaytarmışdır. Sonra 10000 ABŞ dolları məbləğində pul vəsaiti olduğu təqdirdə daha çox qazanc əldə edə biləcəklərini İddiaçı bildirmişdir. İddiaçı özündə pul olmadığını, Binə bazarında ticarətlə məşğul olan qaynından alacağı olduğunu bildirmiş və ona gedib həmən pulu götürməsini tapşırmışdır. Sonra o, Binə ticarət mərkəzində gedib, İddiaçı qaynından 10000 ABŞ dolları götürmüş və həmin 10000 ABŞ dolları məbləğdən 4000 ABŞ dollarına hidrovlik motor hissələri, 6000 ABŞ dollarına isə başqa mal almışdır. İddiaçı aldığı 10000 ABŞ dollarını İddiaçı qaytarmış və həmin puldan əldə olunan qazancı öz aralarında bölmüşlər. Bundan sonra 2021-ci ildə İddiaçı 600 manat almış, sonra həmin məbləği geri qaytarmış və həmin puldan da əldə olunan qazancı öz aralarında bölmüşlər. Bundan əlavə İddiaçı tanışlarının birinin mağazasından 400 manat, başqa birinin mağazasından 450 manat olmaqla, ümumilikdə 850 manat dəyərində hamam aksesuarlarını nisyə götürmüş və müəyyən müddətdən sonra da 850 manat borcunu hissə-hissə ödəyib qurtarmışdır. Sonuncu dəfə İddiaçı 7500 manat götürüb mal almışlar, aldıqları malı satdıqdan sonra 7500 manat pulu İddiaçı qaytarmış və həmişə olduğu kimi, yenə də həmin ticarətdən əldə olunan qazancı İddiaçıla aralarında bölmüşlər. İddiaçı onunla telefon vasitəsi ilə danışarkən onun səsini yazmasını bilmişdir, İddiaçı təqdim etdiyi səs yazıları da ona məxsusdur. Onun İddiaçı borcu qalmamışdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının, cavabdehin və şahidlərin izahatlarını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X1 verdiyi izahatında bildirdi ki, İddiaçı onun yeznəsidir. İddiaçı onda 10000 ABŞ dolları məbləğində pulu olmuşdur. 2018-ci ildə İddiaçı mobil telefon vasitəsi ilə onun istifadəsində olan mobil telefona zəng vuraraq pula ehtiyacı olduğunu və onda olan pulunu qaytarmasını bildirmişdir. O, İddiaçı 10000 ABŞ dolları məbləğində pulunu tam düzəltdikdən sonra İddiaçı zəng vurmuş və pulunu qaytarmaq istədiyini bildirdikdə, İddiaçı Tahir adlı şəxsin gəlib pulu ondan götürəcəyini bildirmişdir. Sonra hazırki Cavabdeh Binə bazarında 7-ci sıraya gəlib 10000 ABŞ dollarını ondan götürmüşdür. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X2 verdiyi izahatında bildirdi ki, İddiaçı onun qardaşıdır. Cavabdeh də qardaşı İddiaçı görə tanıyır. İddiaçıla Cavabdeh arasında olan iş birliyini dəqiqliyi ilə bilmir. Lakin bir gün Cavabdeh onun yanına gələrək vitrinə qoymaq üçün hamam ləvazimatları lazım olduğunu bildirmiş, o, da qardaşı İddiaçı görə 500-600 manat dəyərində müxtəlif hamam ləvazimatlarını Cavabdeh vermişdir. Bazarda olduğu vaxt İddiaçı Cavabdehlə birlikdə ona yaxınlaşıb 7500 ABŞ dolları borc pul istəmiş, o, da özündə olmamış, başqalarından da tapa bilməmişdir. Bir qədər sonra İddiaçı işlətdiyi dükana getmiş və orada Cavabdehlə İddiaçı pul saydıqlarını görmüşdür. Soruşduqda İddiaçı bildirmiş ki, “səndə pul olmadı, mən də başqasından, yəni Vüqar Əhmədovdan tapıb verdim”. Həmin vaxt İddiaçı onun yanında 7500 manat pulu sayıb vermiş Cavabdeh. Qeyd etdiklərindən bir müddət sonra İddiaçı bikef görüb nə baş verdiyini soruşmuş, İddiaçı da ona bildirmiş ki, “Cavabdeh ona borcu var vermir”. O, bu barədə Cavabdehlə görüşmüş və Cavabdeh ilk öncə inkar etmişdir. Sonra Cavabdeh vitrinə qoymaq üçün götürdüyü hamam ləvazimatlarının pulunu nəyə görə ödəmədiyni soruşduqda sonra, Cavabdeh ona bildirmiş ki, İddiaçı 20000 manat borcu var. O, Cavabdeh bildirmiş ki, Notarius ofisinə gedib borcu təsdiq elətdirmək lazımdı, Cavabdeh də onunla razılaşmışdır. Sonra İddiaçı mobil telefon vasitəsi ilə zəng vuraraq onların yanına gəlməsini bildirmiş, İddiaçı gəldikdən sonra Cavabdeh ona 50000 manat borcu olduğu bildirmiş, bundan sonra Cavabdeh ümumiyyətlə İddiaçı borcu olmadığını bildirərək, onların yanından ayrılıb getmişdir. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X5 verdiyi izahatında bildirdi ki, İddiaçı 17 ildir tanıyır. Belə ki, İddiaçı işlətdiyi dükanın yaxınlığında onun da santexnik materialları dükanı vardır. Cavabdeh İddiaçı vasitəsi ilə tanıyır. 2021-ci ildə Cavabdeh ona yaxınlaşaraq maddi cəhətdən xeyirli bir iş olduğunu və bunun üçün də 9500 manat pul lazım olduğunu bildirmişdir. O, Cavabdeh nə iş olduğunu soruşduqda, Cavabdeh bir müəssisə olduğunu və həmin müəssisəyə nasos sistemi quraşdırılacağını bildirmişdir. Cavabdeh həmin işdə 4500 manat qazanc olacağını bildirmişdir. O, Cavabdeh özündə o qədər pul olmadığını, İddiaçı 2000 manat pulu olduğunu və həmin məbləğin İddiaçı tərəfindən Cavabdeh verilməsinə etiraz etməmişdir. Həmin işlə bağlı İddiaçı da onda olan 2000 manat məbləğin üzərinə 5500 manat da qoyub, Cavabdeh 7500 manat vermişdir. Bundan əvvəl də İddiaçı Cavabdeh al-verləri olmuş, lakin tamamlanmamışdır. O, İddiaçı Cavabdehlə əvvəlki al-verlərinin baş tutmadığı təqdirdə yenidən nəyə görə Cavabdehlə iş qurmağını soruşduqda, İddiaçı Cavabdeh ona kişi kimi söz verdiyini bildirmişdir. Məhkəmə baxışı zamanı İddiaçı təqdim etdiyi səs yazısı proses iştirakçıları ilə birlikdə dinlənilərkən, tərəflər səs yazılarının onlara məxsus olduğunu bildirdilər. Səs yazıları ilə Cavabdeh İddiaçı borcunun yaranması öz təsdiqini tapmışdır. İşdə olan xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı hazırkı iddianın verilməsi ilə əlaqədar 240 manat dövlət rüsumu ödəmişdir. İşdə olan Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi tərəfindən qəbul edilmiş 28 mart 2022-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, İddiaçı müraciəti Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsində araşdırılmış, lakin mübahisə mülki xarakterli olduğundan İddiaçı məhkəməyə müraciət etməsi izah edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh müştərək ticarətlə məşğul olmaq adı ilə, müxtəlif tarixlərdə İddiaçı 4000 ABŞ dolları, 3000 ABŞ dolları, 10000 ABŞ dolları və 7500 manat nəğd pul vəsaiti və 850 manat dəyərində hamam aksesuarları almışdır. Həmin məbləğlərdən 4000 ABŞ dollarını cavabdeh iddiaçıya qaytarmış, lakin 3000 ABŞ dolları, 10000 ABŞ dolları, 7500 manat və 850 manat məbləğləri qaytarmamışdır. Həmin hal hər iki tərəfin verdiyi izahatlarla öz təsdiqini tapır. Belə ki, Cavabdeh həmin məbləğləri aldığını etiraf etsə də, qaytarması barədə hər hansı sübut məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı dəfələrlə cavabdehin ondan aldığı pul məbləğlərini qaytarmasını tələb etsə də, cavbdeh hər dəfə fərqli bəhanələrlə iddiaçıdan aldığı pul vəsaitlərini qaytarmaqdan yayınmışdır. Bununla da cavabdehin iddiaçıya 8350 manat və 13000 ABŞ dolları borcu yaranmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı borca görə 8350 manat və 24500 ABŞ dolları alınaraq ona verilməsi tələbində qismən, yəni 8350 manat və 13000 ABŞ dolları məbləği tələbində haqlıdır. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.7-ci maddəsinə əsasən əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən əmlak istənilən əşyaların və qeyrimaddi əmlak nemətlərinin toplusudur. Həmin Məcəllənin 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh oglunın hərəkətləri əsassız varlanma kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etiazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, Cavabdeh 8350 manat və 13000 ABŞ dollarının Azərbaycan manatının həmin günə olan məzənnəsi ilə alınıb İddiaçı verilməli, iddia qalan hissədə əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 240 manat dövlət rüsumunun 130 manat hissəsi cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh borca görə 8350 (səkkiz min üç yüz əlli) manat və 13000 (on üç min) ABŞ dollarının Azərbaycan manatının həmin günə olan məzənnəsi ilə və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 130 (bir yüz iyirmi) manat alınıb İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar