Məhkəmə qərarları › İş №2(073)-410/2024

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-410/2024

12.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-410/2024 12.03.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı maddi ziyan tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq cavabdehdən ona vurulmuş maddi ziyan kimi 1.000 (bir min) manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə verdiyi izahatında iddia tələbini müdafiə edərək göstərdi ki, Cavabdeh ona məxsus əkin sahəsini dəfələrlə iri buynuzlu heyvanlarla otarmışdır. O, cavabdehə dəfələrlə bu barədə xəbərdarlıq etsə də heç bir nəticəsi olmamışdır. O, təqribən 2023-cü ilin noyabr ayının 20-si cavabdehin 7 baş heyvanının onun əkin sahəsində olduğunu görüb heyvanları oradan çıxararaq öz fermasına gətirmişdir. 26 noyabr 2023-cü il tarixdə isə bu barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. Müraciəti Cəlilabad RPŞ-nin təhqiqatçısı X3 tərəfindən araşdırılaraq cinayət işinin başlanılmasının rədd edilməsi barədə 06 dekabr 2023-cü il tarixli qərar qəbul edilmişdir. Təhqiqat zamanı dəymiş ziyanı müəyyən etmək üçün mütəxəssis rəyinin alınmasından ötrü X4 İnkişaf Mərkəzinə müraciət edilmişdir. X4 İnkişaf Mərkəzi öz rəyində həmin torpaq sahəsində mal-qara otarılmasının müəyyən edilməsi və ziyanın gələcəkdə məhsuldarlığa təsir etməsini göstərmişdir. Əkin sahəsinə cavabdehin heyvanlarının ziyan vurması faktı öz təsdiqini tapmışdır. Ona görə də qeyd edilənləri nəzərə alaraq iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəməyə verdiyi izahatında iddianı qəbul etməyərək göstərdi ki, İddiaçı məhkəmədə ona qarşı maddi ziyan tələbinə dair iddia qaldırmışdır. O, iddiaçının əkin sahəsində mal-qara otarmamış və ona qarşı hər hansı ziyan vurmamışdır. İddiaçının məhkəməyə sübut kimi təqdim etdiyi şəkillərdə olan iri buynuzli heyvanlar ona məxsusdur. Lakin onun heyvanları şəkildən də göründüyü kimi iddiaçının əkin sahəsində yox, fermanın ətrafında olmuşdur. İddiaçının onunla əvvəldən də münasibəti yaxşı olmamış və ondan pul qoparmaq üçün bu iddianı qaldırmışdır. İddiaçının izahatında onun barəsində dedikləri yalan və böhtandır. Ona görə də iddianı əsassız hesab edir və onun rədd edilməsini xahiş edir. Azərbaycan Respublikası MPM-nin: - 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, iş materiallarını nəzərdən keçirib, tərəflərin izahatlarını dinləyib belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 06 dekabr 2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan görünür ki, Cəlilabad rayonu Zopun kənd sakini İddiaçı İspar oğlu 26 noyabr 2023-cü il tarixdə DİN-nin 102 xidmətinə zəng edərək və Cəlilabad rayon Polis şöbəsinə ərizə ilə müraciət edərək həmkəndlisi Cavabdeh şəxsi təsərrüfatındakı mal-qaranın ona məxsus əkin sahəsinə girərək ona ziyan vurmasını bildirmiş, ərizə üzrə toplanmış materialda cinayət hadisəsi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Kənd Təsərrüfatı Nazirliyi X4 İnkişaf Mərkəzi tərəfindən verilmiş 06 dekabr 2023-cü il tarixli rəydən görünür ki, Cəlilabad rayonu Zopun kənd sakini İddiaçı İspar oğlunun həmin kəndin ərazisində yerləşən əkin sahəsinə vətəndaşın iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı göstərilən ərazidə 2,93 ha arpa əkini aparılmışdır. Sahənin ayrı-ayrı hissələrində mal-qara otarılması müşahidə olunmuş, lakin sahəyə baxış keçirilərkən əkin sahəsində mal-qara müşahidə edilməmişdir. Sahəyə dəymiş ziyanın gələcəkdə məhsuldarlığa öz mənfi təsirini göstərəcəyi qeyd edilmişdir. İş materiallarında olan Kənd Təsərrüfatı Nazirliyi X4 İnkişaf Mərkəzi tərəfindən 16 fevral 2024-cü il tarixdə verilmiş rəydən görünür ki, Cəlilabad Rayon Zopun kənd sakini İddiaçı 2,93 ha torpaq sahəsidə əkilmiş arpa bitkisinin otarılması nəticəsində sahəyə dəymiş ziyanı müəyyənləşdirmək məqsədilə həmin yerə baxış keçirilmiş, müəyyən edilmişdir ki, sahə mal-qara tərəfindən otarılmış və tapdalanaraq məhsuldarlığın aşağa düşməsinə səbəb olmuşdur. Otarılmış və tapdalanmış sahənin məhsul itkisinin orta hesabla 15 (on beş) sentner olacağı qənaətinə gəlinmişdir. İş materiallarında olan Cəlilabad rayon “Rizvan” şirkətinin 21 fevral 2024-cü il tarixli, 21 nömrəli arayışından görünür ki, “Rizvan” Ticarət Mərkəzində arpa məhsulunun 1 (bir) kiloqramının orta bazar qiyməti 35 (otuz beş) qəpikdir. İş materiallarında olan JN-0019 KOD 80606048 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Cəlilabad rayonu Aqrar İslahat Komissiyasının 29 yanvar 1998-ci il tarixli 01 saylı qərarı ilə X1 ailə üzvləri ilə birlikdə Cəlilabad rayonu Zopun kəndində 2.93 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin-nin 76.1 və 76.2-ci maddələrinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti incumbit probation» (yəni, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutları qiymətləndirən zaman məhkəmə «əsaslı şübhələr yaratmayan» sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər («Avşar Türkiyəyə qarşı» iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı № 25657/94, §282) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Kraska İsveçərəyə qarşı» iş üzrə xx.xx.1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı məhkəmə üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Məhkəmə hesab edir ki, hazırkı mülki işdə iddiaçı maddi ziyan tələbi ilə bağlı cavabdehə qarşı iddia qaldırdığından məhkəməyə bu tələbin təmin edilməsini şərtləndirən mötəbər sübutlar təqdim etməli idi. İddiaçı öz əkin sahəsinə ziyan vurulmasına dair məhkəməyə sübutlar təqdim etsə də məhkəmədə işə baxılan müddət ərzində dəfələrlə təklif edilməsinə baxmayaraq həmin ziyanın məhz Cavabdeh heyvanları tərəfindən vurulmasına dair heç bir subutu məhkəməyə təqdim edə bilməmiş, cavabdehə məxsus olan mal-qaranın onun əkin sahəsinə ziyan vurmasını sübut edə bilməmişdir. İddiaçı ona Cavabdeh heyvanlarının onun əkin sahəsinə ziyan vurması ilə bağlı göstərdiyi xüsusatlar məhkəmə araşdırması zamanı onun özünün izahatından başqa heç bir sübut növü ilə təsdiq edilməmişdir. Məhkəmə onu da qeyd edir ki, iddiaçı iddia tələbinin təsdiq edilməsi üçün sübut kimi məhkəməyə heyvanların şəklini təqdim etsə də, həmin heyvanların məhz iddiaçıya məxsus olan əkin sahəsində olması görünmür, əksinə şəkillərdən məlum olur ki, heyvanlar iddiaçıya məxsus əkin sahəsindən kənardadır və ferma yaxınlığındadır. Ona görə də məhkəmə iddianın təmin edilməsi üçün hər hansı bir qanuni əsas görmür və hesab edir ki, iddiaçının iddia tələbini təsdiq edən sübutlar olmadığından iddia təmin edilə bilməz. Azəbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı iş üzrə iddia tələbi təmin edilmədiyi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı maddi ziyan tələbinə dair iddiası təmin edilməsin. İddia qaldırılarkən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə («Elektron Məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Vüsal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar