Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-475/2024 05.03.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı, Mübahisə predmeti ilə bağlı müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Cəlilabad rayonu 1 saylı Notariat Ofisinə qarşı 30 noyabr 2023-cü il tarixli, 8i-12563 nömrəli icra qeydinin ləğv edilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Cəlilabad rayonu 1 saylı Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 30 noyabr 2023-cü il tarixli, 8i-12563 nömrəli icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, verdiyi izahatında bidirdi ki, "xxxx" ASC ilə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli, İK-4169/22 saylı kredit müqaviləsinə əsasən Bank tərəfindən ona illik 20 faiz ödəmək şərti ilə, 48 ay müddətinə 16000 manat məbləğində kredit verilmişdir. O, həmin kredit məbləğindən 6 ay 487 manat, 1 ay 485 manat, 2 ay 490 manat, 1 ay 464 manat və 1 ay 500 manat ödəməklə, cəmi 5351 manat ödəmiş, lakin sonradan maddi imkanı zəiflədiyindən ödəniş edə bilməmişdir. Bir neçə ay sonra Cəlilabad rayon İcra və Probasiya Şöbəsi tərəfindən icraata başlama haqqında qərar qəbul edilmiş və ona göndərildikdən sonra məlumatı olmuşdur ki, Cəlilabad rayonu 1 saylı Notariat Ofisi tərəfindən ondan müddət üçün vaxtında ödənilməmiş 14725,79 manat, 1586,13 manat məbləğində cərimə penya olmaqla, cəmi 16336,92 manat "xxxx" ASC-nin xeyrinə tutulması barədə 30 noyabr 2023-cü il tarixli, 8i- 12563 nömrəli icra qeydi verilmişdir. O, hesab edir ki, Cəlilabad rayonu 1 saylı Notariat Ofisi tərəfindən verilmiş 30 noyabr 2023-cü il tarixli, 8i-12563 nömrəli icra qeydi ləğv edilməlidir. Ona görə ki, Cəlilabad rayonu 1 saylı Notariat Ofisinin 30 noyabr 2023-cü il tarixli icra qeydi aparılması üçün tələbkar "xxxx" ASC tərəfindən qanunun tələblərinə riayət edilməmiş və həmin hallar notariat ofisi tərəfindən nəzərə alınmamışdır. Belə ki, tələbkar "xxxx" ASC tərəfindən icra qeydinin alınması üçün notariat ofisinə təqdim edilmiş sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etmir. Ona görə ki, o, bankdan 16000 manat məbləğində kredit götürmüş və həmin kredit məbləğindən hissə-hissə ödəməklə ümumilikdə 5351 manat ödəmişdir. Bundan əlavə, qanunvericiliyin tələblərinə müvafiq olaraq ona Cəlilabad rayonu 1 saylı Notariat Ofisi və "xxxx" ASC tərəfindən hər hansı bildiriş, xəbərdarlıq (pretenziya) göndərilməmiş, bu da icra qeydinin ləğv olunması üçün əsasdır. Bu səbəbdən hesab edir ki, həmin icra qeydi qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında mübahisə predmeti ilə bağlı müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X4 verdiyi izahatında bidirdi ki, "xxxx" ASC ilə borclu İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli, İK-4169/22 saylı kredit müqaviləsinə əsasən Bank tərəfindən borclu İddiaçı illik 20 faiz ödəmək şərti ilə, 48 ay müddətinə 16000 manat məbləğində kredit verilmişdir. Borclu İddiaçı həmin kredit məbləğindən ilk öncə ödənişlər etmiş, lakin sonradan üzərinə götürdüyü öhdəliklərə əməl etməmiş və nəticədə onun "xxxx" ASC-yə xx.xx.2024-cü il tarixə xx.xx.2022-ci il tarixli, İK- 4169/22 saylı kredit müqaviləsi üzrə əsas kredit borcu 13625,04 manat, faiz borcu 1100,75 manat, cərimə borcu 1586,13 manat olmaqla, cəmi 16311,92 manat borcu yaranmışdır. Bundan sonra "xxxx" ASC borcun icra qeydi əsasında tutulması üçün aidiyyatı notariat ofisinə müraciə etmiş və Cəlilabad rayonu 1 saylı Notariat Ofisi tərəfindən 30 noyabr 2023cü il tarixli, 8i-12563 nömrəli icra qeydi tərtib edilmişdir. Həmin icra qeydinə əsasən borclu İddiaçı İK-4169/22 saylı kredit müqaviləsinə əsasən müddət üçün vaxtında ödənilməmiş 14725,79 manat, 1586,13 manat məbləğində cərimə penya, 25 manat dövlət rüsumu olmaqla, cəmi 16336,92 manat məbləğində pul vəsaiti tutulmadır. Lakin borclu İddiaçı halhazırda da xx.xx.2022-ci il tarixli, İK-4169/22 saylı kredit müqaviləsi üzrə "xxxx" ASC qarşısında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və həmin öhdəliklərdən müxtəlif yollarla yayınmağa çalışmışdır. Borclu İddiaçı "xxxx" ASC tərəfindən borcun ödənilməsi və icra qeydinin aparılacağı barədə bildirişlər göndərilmiş və həmin bildirişlər borclu İddiaçı tərəfindən imzalanaraq qəbul edilmişdir. Bu səbəblərə görə iddianı əsassız hesab edir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Cəlilabad rayonu 1 saylı Notariat Ofisinin və mübahisə predmeti ilə bağlı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin nümayəndələri məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə cavabdeh Cəlilabad rayonu 1 saylı Notariat Ofisinin və mübahisə predmeti ilə bağlı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə izahatları dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan xx.xx.2022-ci il tarixli, İK-4169/22 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən İddiaçı illik 20 faiz ödəmək şərti ilə, 48 ay müddətinə 16000 manat məbləğində kredit verilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, İddiaçı xx.xx.2024cü il tarixə xx.xx.2022-ci il tarixli, İK-4169/22 saylı kredit müqaviləsi üzrə əsas kredit borcu 13625,04 manat, faiz borcu 1100,75 manat, cərimə borcu 1586,13 manat olmaqla, cəmi 16311,92 manat borcu yaranmışdır. İşdə olan "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış icra qeydinin aparılacağı barədə xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixə "xxxx" ASC-yə əsas kredit borcu üzrə 13625,04 manat, faiz borcu üzrə 1100,75 manat, cərimə borcu üzrə 1586,13 manat olmaqla, cəmi 16311,92 manat borcunun yarandığı və 3 gün müddətində ödəməsi bildirilmişdir. İşdə olan Cəlilabad rayonu 1 saylı Notariat Ofisinin xüsusi notariusu X1 reysterdə 8i-12563 № ilə qeydə aldığı 30 noyabr 2023-cü il tarixli icra qeydindən görünür ki, "xxxx" ASC-nin xeyrinə İddiaçı İK-4169/22 saylı kredit müqaviləsinə əsasən müddət üçün vaxtında ödənilməmiş 14725,79 manat, 1586,13 manat məbləğində cərimə penya, 25 manat dövlət rüsumu olmaqla, cəmi 16336,92 manat məbləğində pul tutulması qeyd edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, "xxxx" ASC ilə borclu İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli İK-4169/22 saylı kredit müqaviləsinə əsasən "xxxx" ASC İddiaçı 48 ay müddətinə, illik 20 faiz ödəmək şərti ilə 16000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə nəzərdə tutlmuş ödəniş qrafikinə əsasən dövri olaraq "xxxx" ASC-yə ödənilməli olan kredit və faiz borclarının həmin qrafikə uyğun ödənilməsi təmin edilməmiş və müəyyən olunmuş ödəmə müddətləri pozulmuşdur. Borclu İddiaçı "xxxx" ASC-yə xx.xx.2024-cü il tarxili maliyyə arayışına əsasən İK-4169/22 saylı kredit müqaviləsi üzrə əsas kredit borcu 13625,04 manat, faiz borcu 1100,75 manat, cərimə borcu 1586,13 manat olmaqla, cəmi 16311,92 manat borcu yaranmışdır. Odur ki, xx.xx.2023-cü il tarixdə İddiaçı icra qeydinin aparılacağı barədə bildiriş göndərilmiş, lakin o, götürdüyü öhdəliyi yerinə yetirməmişdir. "xxxx" ASC tərəfindən icra qeydinin aparılması üçün Cəlilabad rayonu 1 saylı Notariat Ofisinə ərizə ilə müraciət edilmiş və 30 noyabr 2023-cü il tarixdə Cəlilabad rayonu 1 saylı Notariat Ofisinin xüsusi notariusu X3 tərəfindən İK-4169/22 saylı kredit müqaviləsinə əsasən müddət üçün vaxtında ödənilməmiş 14725,79 manat, 1586,13 manat məbləğində cərimə penya, 25 manat dövlət rüsumu olmaqla, cəmi 16336,92 manat məbləğində puı vəsaitinin İddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə icra qeydi tərtib edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Göründüyü kimi "xxxx" ASC-nin tələbi ilə Cəlilabad rayonu 1 saylı Notariat Ofisi tərəfindən icra edilmiş kredit borcunun ödənilməsi haqqında icra qeydi qanuni əsaslarla və müddətlərdə aparılmış, məhkəmə iclasında həmin icra qeydinin ləğv edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə qeyd olunanlara əsasən iddianın əsassız olması qənaətinə gələrək hesab edir ki, İddiaçı cavabdeh Cəlilabad rayonu 1 saylı Notariat Ofisinə qarşı 30 noyabr 2023-cü il tarixli, 8i-12563 nömrəli icra qeydinin ləğv edilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırlamı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşin baxılması ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu iddia təmin edilmədiyindən iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216, 220, 227 və 233-cü maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddiaçı cavabdeh Cəlilabad rayonu 1 saylı Notariat Ofisinə qarşı 30 noyabr 2023-cü il tarixli, 8i-12563 nömrəli icra qeydinin ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-475/2024
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-475/2024
05.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver