Məhkəmə qərarları › İş №2(073)-483/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-483/2025

27.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-483/2025 27.02.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Qasımov Elvin Yusif oğlunun katibliyi, İddiaçı X1 və onun vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Cəlilabad şəhərində, 27 fevral 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq, cavabdehdən 5000 (beş min) manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, cavabdehi yaxından tanıyır və münasibətləri həmişə yaxşı olmuşdur. Cavabdeh 2023-cü ilin dekabr ayının axırlarında ondan 2000 manat borc pul almışdır. 2024-ci ilin yanvar ayında cavabdeh ona iş yerində həkimin aparatını ehtiyatsızlıqdan sındırdığını bildirərək əlavə olaraq təcili 3000 manat pul lazım olduğunu bildirmişdir. O da cavabdehin köməksiz vəziyyətə düşməsinə inanaraq öz adına kredit götürüb ona 3000 manat borc pul vermişdir. Aralarında olan şifahi razılaşmaya görə cavabdeh 3000 manatı tez bir zamanda, qalan 2000 manatı isə sonra qaytarmalı idi. Bu faktı təsdiqləyən şahidlər və cavabdehin ona whatssap proqramı vasitəsi ilə göndərmiş olduğu səs yazıları da vardır. Cavabdeh ona olan borcunu tam qaytarmamışdır. Odur ki, qeyd etdiklərinin nəzərə alınıb iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, İddiaçı məhkəmədə ona qarşı 5000 manat pul tələbi barədə iddia qaldırmışdır. İddia ilə tanışdır. O, iddiaçıdan 3400 manat faizə borc pul almış və aldığı pulun hamısını müxtəlif vaxtlarda hissə-hissə olmaqla faizi ilə birlikdə geri qaytarmışdır. Hazırda iddiaçıya heç bir borcu yoxdur. Qeyd etdiklərinin nəzərə alınaraq iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respubikası MPM-nin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə işdə olan sənədləri hərtərəfli araşdıraraq və sübutlara obyektiv qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, cavabdeh tərəfindən İddiaçı məxsus kart hesabına ayrı-ayrı vaxtlarda müxtəlif məbləğlər olmaqla, ümumilikdə 2545 (iki min beş yüz qırx beş) manat pul köçürülmüşdür. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırılması üçün 70 (yetmiş) manat dövlət rüsumu ödəmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh qarşı 5000 manat məbləğində pul tələbi barədə iddia qaldırmışdır. Cavabdeh isə iddianı etiraf etməyərək iddiaçıdan 5000 manat deyil, 3400 manat pul aldığını və həmin pulu hissəhissə olmaqla, müxtəlif vaxtlarda faizi ilə birlikdə iddiaçıya qaytardığını və iddiaçıya heç bir borcunun qalmadığını bildirmişdir . Məhkəmə ilk öncə qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Hazırki iddia tələbinin qiyməti 5000 manat olduğundan və iddiaçı tərəfindən cavabdehə pul verilərkən aralarında heç bir müqavilə və ya yazılı qəbz olmadığından tərəflər arasında yaranmış hüquqi münasibətlər borc müqaviləsi ilə deyil, əsassız varlanma ilə bağlıdır. AR Mülki Məcəlləsinin: -739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. -1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. -1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə qeyd edir ki, iddiaçının 5000 manat məbləğində pul tələbi ilə bağlı iddiası tam təmin edilə bilməz. Belə ki, iddiaçı Əfsənə Abasova cavabdehə qaytarmaq şərtilə 2023-cü ilin dekabr ayında 2000 manat, 2024-cü ilin yanvar ayında isə 3000 manat olmaqla, ümumilikdə 5000 manat pul verdiyini bildirsə də, bununla bağlı məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Cavabdeh isə iddiaçıdan 5000 manat deyil, 3400 manat məbləğində pul aldığını bildirmişdir. Ona görə də iddiaçı ilə cavabdeh arasında mübahisə predmeti olan pulun məbləği cavabdeh tərəfindən etiraf edilən 3400 manat kimi müəyyən edilməlidir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş qəbzlərdən görünür ki, onun tərəfindən iddiaçıya məxsus kart hesabına ümumilikdə 2545 (iki min beş yüz qırx beş) manat pul köçürülmüşdür. Cavabdeh tərəfindən qalan 855 (səkkiz yüz əlli beş) manatın iddiaçıya qaytarması ilə bağlı məhkəməyə heç bir sübut təqdim edilməmişdir. İddia tələbinin təsdiqi kimi iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş və cavabdehlə aralarında səs yazılarının əks olduğu CD diskə baxış keçirilərkən, həmin səs yazılarında İddiaçı cavabdehə 5000 manat pul verməsi müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək Cavabdeh 855 (səkkiz yüz əlli beş) manat məbləğində pul alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən iddianın təmin edilən hissəsinə mütənasib olaraq 30 (otuz) manat dövlət rüsumu da Cavabdeh alınıb İddiaçı verilməlidir . Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220 və 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 855 (səkkiz yüz əlli beş) manat məbləğində pul və 30 (otuz) manat dövlət rüsumu alınıb, İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə («Elektron Məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Vüsal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar