Məhkəmə qərarları › İş №2(073)-505/2023

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-505/2023

18.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-505/2023 18.04.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Cavabdeh oglunun iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh ogluna qarşı Cavabdeh oglunun İddiaçı ASC-nin hesabına əsassız varlanması nəticəsində əldə etdiyi 7894,98 manat, həmin vəsaitin məbləğindən ödənildiyi günə qədər bank uçot dərəcəsi üzrə hesablanacaq faizlərin və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 98,95 manat məbləğində pul vəsaitinin Cavabdeh oglundan tutulub İddiaçı ASC-yə ödənilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh ogluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh oglunun İddiaçı ASC-nin hesabına əsassız varlanması nəticəsində əldə etdiyi 7894,98 manat, həmin vəsaitin məbləğindən ödənildiyi günə qədər bank uçot dərəcəsi üzrə hesablanacaq faizlərin və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 98,95 manat məbləğində pul vəsaitinin Cavabdeh oglundan tutulub İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəməyə ərizə göndərərək mülki işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin tam təmin olunaraq qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddianı əsaslandıraraq göstərmişdir ki, Cavabdeh oglu İddiaçı ASC-yə məxsus plastik kart istifadəçisidir. İddiaçı tərəfindən verilmiş plastik kart cavabdeh tərəfindən istifadə edilmişdir. Belə ki, Cavabdeh ona məxsus kart hesabından, ona aid olmayan bankın vəsaitini bir neçə dəfə əməliyyatlar apararaq istifadə etmişdir. Cavabdeh həmin kart hesabından (borcluya məxsus kart hesabının № ********************) 21.06-xx.xx.2021-ci il tarixləri aralığında müxtəlif əməliyyatlar aparmış, məbləğin bir qismini ATM-dən məxaric etmiş, mobil operatorlara ödənişlər etmiş, həmçinin kart hesabından digər kart hesablarına köçürmələr etmişdir. Nəticədə Cavabdeh oglu banka cəmi 7894,98 manat ziyan vurmuşdur. Bank tərəfindən cavabdehə borcunun olması ilə bağlı bildiriş göndərilmiş və borcun ödənilməsi ilə bağlı cavabdehə telefon vasitəsi ilə məlumat verilmiş, lakin borclu tərəfindən bu günə kimi heç bir ödəniş edilməmişdir. Nəticədə cavabdehin xx.xx.2023-cü il tarixə İddiaçı ASC-yə 7894,98 manat məbləğində borcu yaranmışdır. Sonda iddiaçı iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etməyərək verdiyi izahatında bildirdi ki, ona məxsus Master Debet kartdan istifadə edərək pul köçürmələri və müəyyən yerlərə ödənişlər etmiş, lakin kart balansında heç bir mənfi yaranmamışdır. X1 məxsus olan Birbank tətbiqində izləmək mümkündür. 2021-ci ilin avqust ayının sonlarında onun Debet kart balansı -7894,98 manat olmuşdur. X1 məxsus olan Bir bank tətbiqində gördükdən sonra Bankın qaynar xətti olan 196 nömrəsi ilə əlaqə saxlayıb məlumat vermişdir. Operator sistemdə görə bilmədiyini dedikdən sonra, o, həmin kartı açdırdığı Kapital Bankın 28 May filialına yaxınlaşıb belə bir hal olduğunu bildirmiş, lakin onlardan da bir nəticə ala bilməmişdir. Kapital Banka məxsus bir neçə debet kartı olduğuna görə həmin mənfi balans olan kartının istifadəsini dayandırmışdır. Həmin hadisənin üzərindən bir ildən çox vaxt keçdikdən sonra Kapital Bank ASC-dən istifadə etdiyi mobil nömrəyə zəng edərək, onu bankın Rəşid Behbudov küçəsində yerləşən “Problemli kreditlər” şöbəsinə dəvət etmişlər. Onu bankın Zaur adlı əməkdaşı qəbul etmiş və ona bildirmiş ki, “bankda texniki problem yaranmış, sizin istifadə etdiyiniz 7894,98 manat pul vəsaiti sizin pulunuz deyil və o məbləği Kapital Bank ASC olaraq sizinlə 3 illik faizsiz müqavilə bağlayaraq sizdən o pulu qaytarmağınızı xahiş edirik”. O, da öz növbəsində indiyə kimi heç bir kredit götürmədiyinə görə hər hansı müqavilə bağlamağdan imtina etmişdir. Hesabdan çıxarışa nəzər yetirdikdə 989,43 manat məbləğindən başlayan mənfi məbləğ -13095,71 manat olmuşdur ki, bu da onu göstərir ki, onun bu haldan xəbəri olmamışdır. Xəbəri olanda balansı -7915,98 manat olmuşdur. Bunu da Kapital Bankın qaynar xətti 106 nömrəsi ilə və Bankın filialına yaxınlaşaraq bildirmişdir. Hadisənin üstündən 1 ildən artıq müddət keçdikdə ondan həmin pul məbləğini tələb etmələri ona olan mənəvi və maddi ziyan vurulmasının ilkin təzahürüdür. O, bankın müştərisi kimi aldığı Debet kartdan hazırda bu problemləri yaşayır. Həmin kartı alarkən imzaladığı müqavilənin Bank tərəfindən məhkəməyə göndərilməsini tələb edir. Kapital Bankın müddəalarında texnologiyanı dəstəkləməyən saytlarda baş verə biləcək dələduzluq əməliyyatlarına etiraz hüququ (itki məsuliyyətinin bilavasitə sayt sahiblərinə ötürülməsi). Hər hansı texniki səhv də olsa bu texniki səhvin əsas səbəbləri nələrdir? (bilərəkdən, qəsdən və ya məsuliyyətsizlikdən). Burada əsas səbəbkar texniki səhv edənin məsuliyyətidir. Hələ də dəqiq bilmir ki, həmin 7894,98 manat pul vəsaiti banka məxsusdurmu? Lakin bir vətəndaş olaraq anında bilsəydi həmin məbləği qaytarardı. Sonda cavabdeh etirazının nəzərə alınaraq uyğun qərar verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, iş üzrə cavabdehin izahatını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2023-cü il tarixdə hazırlanmış ödəniş kartı üzrə çıxarışdan görünür ki, Cavabdeh oglunun istifadəsində olan BirKart Umico kartının hesabına xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixə kimi müəyyən tarixlərdə müxtəlif pul məbləğləri mədaxil və məxaric olunmuş, lakin xx.xx.2023-cü il tarixə son qalıq -7894,98 manat təşkil etmişdir. İşdə olan bildirişdən görünür ki, iddiaçı Bank tərəfindən yaranmış borcun ödənilməsi cavabdehdən tələb edilmiş, əks təqdirdə qanuna müvafiq tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı bank hazırkı iddianın verilməsi ilə əlaqədar 98,95 manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, Cavabdeh oglu İddiaçı ASC-yə məxsus plastik kart istifadəçisidir. İddiaçı tərəfindən verilmiş plastik kart cavabdeh tərəfindən istifadə edilmişdir. Belə ki, Cavabdeh ona məxsus kart hesabından, ona aid olmayan səhvən köçürülmüş bankın vəsaitini bir neçə dəfə əməliyyatlar apararaq istifadə etmişdir. Cavabdeh həmin kart hesabından 21.06-xx.xx.2021-ci il tarixləri aralığında müxtəlif əməliyyatlar aparmış, məbləğin bir qismini ATM-dən məxaric etmiş, mobil operatorlara ödənişlər etmiş, həmçinin kart hesabından digər kart hesablarına köçürmələr etmişdir. Nəticədə Cavabdeh oglu banka cəmi 7894,98 manat ziyan vurmuşdur. Bank tərəfindən cavabdehə borcunun olması ilə bağlı bildiriş göndərilmiş və borcun ödənilməsi ilə bağlı cavabdehə telefon vasitəsi ilə məlumat verilmiş, lakin borclu tərəfindən bu günə kimi heç bir ödəniş edilməmişdir. Nəticədə cavabdehin xx.xx.2023-cü il tarixə İddiaçı ASCyə 7894,98 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.7-ci maddəsinə əsasən əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən əmlak istənilən əşyaların və qeyrimaddi əmlak nemətlərinin toplusudur. Həmin Məcəllənin 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh oglunın hərəkətləri əsassız varlanma kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 449.2-ci maddəsinə əsasən Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Məhkəmə hesab edir ki, iddia 7894,98 manat vəsaitin məbləğindən ödənildiyi günə qədər bank uçot dərəcəsi üzrə hesablanacaq faizlərin tutulması tələbində əsassızdır. Belə ki, tərəflər arasında həmin məbləğlə bağlı hər hansı müqavilə olmamış və hər hansı öhdəliklər götürülməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırlamı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, Cavabdeh oglundan banka vurulmuş ziyana görə 7894,98 (yeddi min səkkiz yüz doxsan dörd manat doxsan səkkiz qəpik) manat pul vəsaiti alınıb İddiaçı ASC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 98,95 manat dövlət rüsumu Cavabdeh oglundan alınaraq İddiaçı ASCyə ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh oglundan banka vurulmuş ziyana görə 7894,98 (yeddi min səkkiz yüz doxsan dörd manat doxsan səkkiz qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 98,95 (doxsan səkkiz manat doxsan beş qəpik) manat alınıb İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar