Məhkəmə qərarları › İş №2(073)-535/2023

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-535/2023

30.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-535/2023 30.03.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 76500 (yetmiş altı min beş yüz) manat pulun və 320 (üç yüz iyirmi) manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianın dəqiqləşdirilməsinə dair ərizə verərək, Cavabdeh 45000 (qırx beş min) ABŞ dollarının ödəniləcəyi gün Azərbaycan manatına olan məzənnəsinin və 320 (üç yüz iyirmi) manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, 2001-ci ildən Rusiya Federasiyasının Kemerovo vilayətinin Novokuznetsk şəhərində ticarətlə məşğul olur. Cavabdeh ilə həmkəndlidirlər və uzun müddətdir ki, onu tanıyır. 2022ci ilin iyul ayında cavabdeh mobil telefonla zəng edərək Moskva şəhərində olduğunu, Belarusiyadan tütün məmulatları almaq istədiyini, bu işdə qazanc olduğunu, lakin həmin məlumatları almaq üçün pula ehtiyac olduğunu, əgər pul versə ona (iddiaçıya) da qazanc verəcəyini bildirmişdir. O (iddiaç) da cavabdehlə razılaşmış və müxtəlif vaxtlarda cavabdehə ümumilikdə 45 000 (qırx beş min) ABŞ dolları pul göndərmişdir. Cavabdeh həmin pulu qəbul etmiş və telefonla danışıqlar zamanı ona (iddiaçıya) Belarusiyaya gedərək, tütün məmulatları alacağını bildirmişdir. Lakin bir müddət keçdikdən sonra cavabdehin onunla (iddiaçı ilə) əlaqə saxlamadığını görüb cavabdehlə telefon vasitəsi ilə əlaqə saxlamağa çalışmışdır. Cavabdeh əvvəlcə onun (iddiaçının) zənglərinə cavab verməsə də, sonradan əlaqə yaratmaq mümkün olmuş və cavabdeh ona tütün məmulatları almaq üçün pulu başqa şəxslərə verdiyini, lakin aldadıldığını bildirmişdir. Buna baxmayaraq cavabdeh aldığı 45 000 (qırx beş min) ABŞ dollarını qısa müddətdə ona qaytaracağını bildirmişdir. Cavabdehi bir müddət gözləmiş, lakin cavabdeh ondan aldığı həmin pulu qaytarmamışdır. Buna görə də şikayət ərizəsi ilə Cəlilabad rayon Polis Şöbəsinə müraciət etmiş, onun müraciəti əsasında araşdırma aparılmış, cavabdeh Polis Şöbəsində verdiyi izahatında ondan (iddiaçıdan) 45 000 (qırx beş min) ABŞ dolları aldığını etiraf etmiş və mübahisə mülki xarakterli olduğundan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilərək ona məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Buna görə də, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Cəlilabad rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, İddiaçı Cavabdeh pul tələbi barədə etdiyi şikayət əsasında araşdırma aparılmış, araşdırmanın nəticəsi olaraq mübahisənin mülki xarakterli olduğu göstərilərək, iddiaçıya məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Həmin qərardan görünür ki, Cavabdeh izahatında İddiaçı tütün məlmulatları almaq üçün kart vasitəsilə 45 000 (qırx beş min) ABŞ dolları aldığını etiraf etmiş, əldə olunacaq 12 000 (on iki min) ABŞ dolları qazancın yarısını İddiaçı verəcəyini, 45 000 (qırx beş min) ABŞ dolları pulun 35 000 (otuz beş min) ABŞ dollarını həmkəndlisi Ənvər və Ehtibar adlı qardaşlara kart vasitəsilə tütün məmulatı almaq adı ilə göndərdiyini, 10 000 (on min) ABŞ dollarını isə öz ehtiyaclarına istifadə etdiyini göstərmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı X2 Cavabdeh, sonuncunun təklifi ilə qazanc əldə etmək məqsədi ilə tütün məmulatları alınması üçün cəmi 45 000 (qırx beş min) ABŞ dolları vermişdir. Lakin cavabdeh iddiaçı ilə aralarında olan razılaşmanı yerinə yetirmədyinə, nə də iddiaçıdan aldığı 45 000 (qırx beş min) ABŞ dollarını qaytarmadığına görə iddiaçı şikayət ərizəsi ilə Cəlilabad rayon Polis Şöbəsinə müraciət etmiş, iddiaçının şikayəti əsasında araşdırma aparılmış və mübahisə mülki xarakterli olduğundan cinayət işinin başlanması rədd edilərək iddaçıya məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Cavabdeh Polis Şöbəsində izahat verən zaman iddiaçıdan 45 000 (qırx beş min) ABŞ dolları aldığını etiraf etmişdir. Cavabdeh iddiaçıdan aldığı pulu qaytarmadığında görə iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən alınıb iddiaçıya verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220 və 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 45000 (qırx beş min) ABŞ dollarının ödəniləcəyi gün Azərbaycan manatına olan məzənnəsi və 320 (üç yüz iyirmi) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar