Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-540/2023 25.04.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7600 (yeddi min altı yüz) manat pulun və 96 (doxsan altı) dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, verdiyi izahatında götərmişdir ki, cavabdehi təxminən bir il bundan qabaq metal qırıntılarının alqı-satqısı ilə məşğul olan bir şəxs kimi tanımış və onunla heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Özü (iddiaçı) də metal qırıntılarının nəğd və nisyə alışı və satışı ilə məşğul olur. Cavabdehlə aralarında səmimi münasibət yaranmış və ona (cavabdehə) etibar etmişdir. Cavabdehdən iki dəfə, birinci dəfə 800 manat dəyərində, ikinci dəfə isə 600 manat dəyərində metal qırıntıları almışdır. Təxminən 2022-ci ilin noyabr ayında Cavabdeh ona zəng edərək, 10 000 manat pul lazım olduğunu və həmin pulun müqabilində ona dəmir qırıntıları verəcəyinə demişdir. Ona pul verməyəcəyi təqdirdə isə ehtiyyacı olduğuna görə metal qırıntılarını başqa şəxslərə satacağını bildirmişdir. Həmin vaxt onun üstündə 1000 manat pul olmuş, dayısı (iddiaçının) Firuzun yanında Cəlilabad rayonunda yerləşən “Basqal” adlı kafedə 1000 manatı cavabdehə vermiş, qalan pulu isə səhəri gün verəcəyini bildirmişdir. Səhəri gün dayısı (iddiaçının) Firuzun iştirakı ilə Cəlilabad rayonunda yerləşən “Salman” Petrolun yanında 6600 (altı min altı yüz) manat pulu cavabdehə vermişdir. Ümumilikdə cavabdehə metal qırıntıları üçün 7600 (yeddi min altı yüz) manat pul vermişdir. Cavabdeh ona 2-3 saatdan sonra zəng edəcəyini maşın göndərməsini və metal qırıntılarını verəcəyini demişdir. O da (iddiaçı) 2-3 saatdan sonra cavabdehə zəng etmiş, lakin cavabdeh müxtəlif bəhanələr edərək metal qırıntılarını verməkdən yayınmışdır. Buna görə də Cəlilabad rayon Poliş Şöbəsinə şikayət ərizəsi ilə müraciət etmiş, şikayəti əsasında araşdırma aparılmış və aralarında olan mübahisənin mülki xarakterli olduğu bildirilərək, ona məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən etiraf edərək, verdiyi izahatında götərmişdir ki, metal qırıntılarının alqı-satqısı ilə məşğul olur. İddiaçıya bir neçə dəfə metal qırıntıları satmış və bunun əvəzində iddaçıdan pulunu almışdır. Dəfələrlə aralarında bu qaydada nəğq və nisyə olaraq alqı-satqı olmuşdur. 2022-ci ilin noyabr ayında isə iddiaçı ilə aralarında dəmir qırıntılarının alqı-satqısına görə iddiaçıya cəmi 5 400 (beş min dörd yüz) manat borcu yaranmışdır. Maddi imkanı olmadığından borcunu ödəyə bilməmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın qismən təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan Cəlilabad rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə şikayəti əsasında araşdırma aparılmış, aralarında olan mübahisə mülki xarakterli olduğundan cinayət işinin başlanması rədd edilmiş iddaçıya məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Həmin qərardadn görünür ki, Cavabdeh izahatı alınan zaman metal qırıntılarının alqı-satqısı ilə əlaqədar İddiaçı 6100 (altı min bir yüz) mant borcunun olduğunu etiraf etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında metal qırıntılarının nisyə alqı-satqısı ilə əlaqədar razılaşma olmuş, bununla əlaqədar cavabdeh iddiaçıdan pul almış və öhdəliyini yerinə yetirməməsi nəticəsində iddiaçıya 6 100 (altı min bir yüz) manat borcu qalmışdır. Cavabdeh həmin pulun müqabilində iddiaçıya metal qırıntıları verməmiş, nə də aldığı pulu iddiaçıya qaytarmamışdır. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etiazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərin hər biri, vicdanlılığın tələb etdiyi tərzdə, yəni lazımi şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə hərəkət etməlidir. Həmin Məcəllənin 442.1-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə iclasında iddaçı cavabdehin ona 7 600 (yeddi min altı yüz) manat borcunun qaldığını göstərsə də, həmin halı təsdiq edən mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə iclasında cavabdeh iddiaçıya cəmi 5 400 (beş min dörd yüz) manat borcunun qaldığını göstərsə də, həmin halı təsdiq edən mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla cavabdehin iddiaçıya 6 100 (altı min bir yüz) manat borcunun qaldığı öz təsdiqini tapmışdır. Belə ki, işdə olan Cəlilabad rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından müəyyən edilir ki, araşdırma zamanı Cavabdeh izahatında metal qırıntılarının alqı-satqısı ilə əlaqədar İddiaçı 6100 (altı min bir yüz) mant borcunun olduğunu etiraf etmişdir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilərək, cavabdehdən 6100 (altımin bir yüz) manat pulun alınıb iddiaçıya verilməsinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 96 (doxsan altı) manat dövlət rüsumu cavabdehdən alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 6100 (altı min bir yüz) manat pul və 96 (doxsan altı) manat dövlət rüsumu alınıb İddiaçı verilsin. İddia qalan hissədə əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən. imza var. Düzdür. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №2(073)-540/2023
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-540/2023
25.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver