Məhkəmə qərarları › İş №2(073)-553/2024

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-553/2024

19.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-553/2024 19.04.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi, İddiaçı, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 7.000 (yeddi min) ABŞ dolları məbləğində pulun, 1.000 (bir min) ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 8.000 (səkkiz min) ABŞ dollarının, eləcə də dövlət rüsumu kimi ödədiyi 131 (bir yüz otuz bir) manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək izahatında bildirdi ki, Cavabdeh uzun müddətdir ki, çörək satışı ilə məşğul olan şəxs kimi tanıyır. ‘Texnika Bank” ASC-nin Həyat filialında işlədiyi müddətdə cavabdeh bankın müştərisi olmuşdur. Mütəmadi olaraq bankdan işləri ilə bağlı kredit götürmüşdür. 2015-ci ildə cavabdeh kredit üçün filiala müraciət etmiş, lakin adında gecikmələr olduğu üçün kredit götürə bilməmişdir. Bu zaman cavabdeh işləri ilə bağlı ondan 10.000 ABŞ dolları məbləğində borc pul istəmişdir. Cavabdehi uzun müddət tanıdığı üçün ona 10.000 ABŞ dolları borc vermişdir. Cavabdeh axırıncı dəfə ona aldığı borcdan 2022-ci ilin yanvar ayının əvvəllərində 500 ABŞ dolları məbləğində pul qaytarmışdır. Ümumiyyətlə 2016-2022-ci illər ərzində cavabdeh aldığı puldan ona hər il 500 ABŞ dolları olmaqla cəmi 3.000 ABŞ dolları qaytarmışdır. Lakin qalan 7.000 ABŞ dollarını dəfələrlə ondan tələb etməsinə baxmayaraq cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirirək ona indiyədək qaytarmamışdır. O, 2023-cü ilin axırlarında məcburiyyət qarşısında qalaraq cavabdehin barəsində tədbir görülməsindən ötrü Bakı şəhəri Nəsimi RPİ-nə ərizə ilə müraciət etmişdir. Cavabdeh polis idarəsində araşdırma zamanı verdiyi izahatında ondan 10.000 ABŞ dolları borc götürdüyünü, hazırda isə ona 7.000 ABŞ dolları məbləğində borcunun qaldığını etiraf etmişdir. Buna baxmayaraq yenə də cavabdeh ondan aldığı pulu qaytarmaq istəmir. Cavabdeh ondan aldığı pulu vaxtında qaytarmış olsaydı, o, həmin pulu banka depozit qoymaqla daha çox gəlir əldə etmiş olardı. Odur ki, qeyd etdiklərini nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmədə izahat verərək göstərdi ki, o, "xxxx" MMC-nin direkoru işləmişdir. O, Müdafiə Nazirliyinə tender əsasında çörək vermiş, həmçinin Cəlilabad rayonunda çörək satışı ilə məşğul olmuşdur. O, İddiaçı 2012-ci ildən «Texnika Bank»da kredit şöbəsinin müdiri vəzifəsində işlədiyi vaxtdan tanıyır. İşi ilə bağlı bankda hesabı olmuş, İlkin ilə həmin vaxtlardan münasibəti yaranmışdır. O, həmişə İlkindən 10.000 dolları məbləğində pulu faizlə götürüb qaytarmışdır. Sonuncu dəfə 2014-ci ildə İlkindən 10.000 ABŞ dolları məbləğində pul götürmüşdür. Həmin puldan 1 il müddətində ayda 700 ABŞ dolları olmaqla ödəmiş, sonra devalivasiya olduğu üçün qalan borcunu ödəyə bilməmişdir. Sonda o, İddiaçı 2015-ci ildə faizi ilə birlikdə 3.700 ABŞ dolları məbləğində pul vermişdir. Onun hazırda iddiaçıya 700 manat məbləğində borcu qalmışdır. Qeyd etdiklərinin məhkəmədən nəzərə alınmasını xahiş etdi. Cavabdeh nümayəndəsi və vəkili Vəkil məhkəmədə izahat verərək göstərmişdir ki, iddiaçı 2013-cü ilin mart ayında cavabdehə sələm olaraq 10.000 ABŞ dolları məbləğində borc pul vermişdir. Cavabdeh də iddiaçıdan aldığı pulları 2015-ci ilin may ayınadək olan müddətə qədər faiz də hesablanmaqla ona qaytarmışdır. Cavabdehin iddiaçıya hazırda 700 manat borcu qalmışdır. İddiaçının tələbi qərəzli və əsassızdır. Həmçinin iddiaçı iddia müddətini ötürmüşdür. Belə ki, cavabdehlə iddiaçı arasında olan borc münasibətləri 2015ci ilin may ayında başlamışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 375.2ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Ona görə də qeyd etdiklərinin nəzərə alınaraq mübahisəyə iddia müddətinin tətbiq edilməsini və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş üzrə şahid qismində dindirilmiş Şahid məhkəməyə verdiyi ifadəsində göstərdi ki, o, taksi fəaliyyəti ilə məşğul olur. İddiaçı və cavabdehi rayon sakinləri kimi tanıyır. Təxminən 2 il bundan əvvəl, yəni 2022-ci ilin yanvar ayının əvvəli İddiaçı onun taksi kimi fəaliyyət göstərdiyi maşınına əyləşərək Cavabdeh məxsus çörəkbişirmə sexinin yanına gəlmişlər. Həmin vaxt cavabdeh iddiaçıya yaxınlaşaraq aralarında pul söhbəti etmişlər. Sonra İddiaçı Cavabdeh hansısa məbləğdə pul almış və maşına oturub oradan getmişlər. Məhkəmə tərəflərin izahatlarını və şahid ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 09 noyabr 2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərardan görünür ki, Cavabdeh Bakı şəhəri Nəsimi rayon Polis İdarəsində aparılan araşdırma zamanı vermiş olduğu izahatında göstərmişdir ki, İddiaçı sonuncu dəfə 2014-ci ildə 10.000 ABŞ dolları məbləğində borc götürüb, 1 il müddətində ayda 700 ABŞ dolları olmaqla ödəmiş, sonra devalivasiya olduğu üçün qalan borcunu ödəyə bilməmişdir. İddiaçı 2015-ci ildə faizi ilə birlikdə 3.700 ABŞ dolları verərək ona hazırda 7.000 ABŞ dollar borcu qalmışdır. Həmin qərarla Cavabdeh barəsində cinayət işinin başlanılması rədd edilmişdir. Beləliklə, iş materialları ilə müəyyən edilmişdir ki, Cavabdeh işləri ilə bağlı İddiaçı ilə aralarında olan şifahi razılaşma əsasında iddiaçıdan 2015-ci ildə 10.000 ABŞ dolları məbləğindən pul istəmişdir. İddiaçı cavabdehi uzun müddət tanıdığı üçün ona 10.000 ABŞ dolları borc vermişdir. 2016-2022-ci illər ərzində cavabdeh aldığı puldan hər il 500 ABŞ dolları olmaqla ona 3.000 ABŞ dolları qaytarmışdır. Lakin, cavabdeh qalan 7.000 ABŞ dollarını dəfələrlə tələb etməyinə baxmayaraq qaytarmamışdır. İddiaçı bununla bağlı Bakı şəhəri Nəsimi RPİ-nə ərizə ilə müraciət etmişdir. Cavabdeh polis idarəsində verdiyi izahatında iddiaçıdan 10.000 ABŞ dolları borc götürdüyünü, hazırda isə ona 7.000 ABŞ dolları məbləğində borcunun qaldığını etiraf etmişdir. Eyni zamanda məhkəmə iclasında dindirilmiş şahid ifadəsi ilə, həmçinin iddiaçının özünün polis idarəsində aparılan təhqiqat zamanı verdiyi izahatı ilə müəyyən edilmişdir ki, cavabdeh axırıncı dəfə iddiaçıya olan borcundan 500 ABŞ dollarını 2022-ci ilin yanvar ayında qaytarmışdır. Məhkəmə, cavabdeh tərəfin iddia müddətinin keçməsi və bu əsasla mübahisəyə iddia müddətinin tətbiq edilərək iddianın təmin edilməməsi barədə vəsatətinə qiymət verərək hesab edir ki, indiki halda tərəflər arasında mövcud mübahisə ilə bağlı iddia müddəti ötürülməmişdir və bu səbəbdən də həmin vəsatət əsaslı hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Həmin Məcəllənin 377.3-cü maddəsinə əsasən icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Həmin Məcəllənin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Həmin Məcəllənin 380.2-ci maddəsinə əsasən fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. İndiki halda cavabdeh 2022-ci ilin yanvar ayında borcunun etiraf edilməsini göstərən hərəkət edərək iddiaçıya 500 ABŞ dolları məbləğində pul qaytarmışdır. Onun bu hərəkəti ilə iddia müddətinin axımı kəsilmiş və həmin vaxtdan etibarən yenidən hesablanmağa başlanmışdır. Belə olan halda cavabdeh tərəfin iddia müddətinin tətbiq edilməsi barədə verdiyi ərizəsi məhkəmənin iddianı təmin etməməsi barədə qərar çıxarması üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Ona görə də məhkəmə qeyd edilənləri nəzərə alaraq iddianın 7.000 ABŞ dollarının qatırılmasına dair hissəsini əsaslı hesab edir. Məhkəmə, iddianın əldən çıxmış fayda hissəsinə qiymət verərək hesab edir ki, iddiaçı həmin halları təsdiq edəcək sübutları məhkəməyə təqdim edə bilmədiyindən, həmçinin iddianın bu hissəsi fərziyyə xarakteri daşıdığından və heç bir sübutla təsdiq edilmədiyindən təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni zamanda məhkəmə ona da qeyd edir ki, Mülki Məcəllənin 439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. Həmin Məcəllənin 439.2-ci maddəsin əsasən əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş 131 (bir yüz otuz bir) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 7.000 (yeddi min) ABŞ dolları məbləğində pul (qətnamənin icra olunduğu gün Azərbaycan manatına olan məzənnəsi ilə) alınaraq İddiaçı ödənilsin. İş üzrə ödənilmiş 131 (bir yüz otuz bir) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia tələbi əldən çıxmış fayda hissəsində təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə («Elektron Məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Vüsal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar