Məhkəmə qərarları › İş №2(073)-558/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-558/2025

11.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-558/2025 11.04.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyeva Kəmalə Mehman qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh na qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı vurulmuş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh vurulmuş zərərə görə 16800 (on altı min səkkiz yüz) manat pulun və ödənilmiş 140 (bir yüz qırx) manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinə əsasən, Cəlilabad Rayon Məhkəməsinin 2(073)-14/2017 saylı, 10 aprel 2017-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh 50.000 (əlli min) manat borc və ödənilmiş dövlət rüsumuna görə 30 manat alınaraq ona (İddiaçı) verilməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya və kassasiya şikayətləri vermiş, lakin qətnamə dəyişdirilmədən saxlanılmışdır. Qanuni qüvvəsini almış məhkəmə qətnaməsi üzrə icra sənədi verilməklə icraya yönəldilmişdir. Lakin Cavabdeh məhkəmə qətnaməsini icra etməmişdir. Məhkəmə qətnaməsini icra etmədiyindən onun barəsində Cinayət Məcəlləsinin 306.1-ci maddəsi cinayət işi başlanılmış və cinayət məsuliyyətinə cəlb edilmişdir. Barəsində olan cinayət işinə Cəlillabad Rayon Məhkəməsində baxılmışdır. Cəlilabad Rayon Məhkəməsinin l (073)-27/2020 saylı, 30 yanvar 2020-ci il tarixli hökmünə əsasən Cavabdeh Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərədə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzası 2 (iki) il sınaq müddətinə şərti hesab edilmişdir. Məhkəmə hökmündə Cavabdeh üzərinə, həmçinin 50000 (əlli min) manat borcunun İddiaçı hökmlə müəyyən olunmuş 2 illik sınaq müddəti ərzində ödəmək vəzifəsi qoyulmuşdur. Lakin Cavabdeh sınaq müddətində məhkəmə tərəfindən onun üzərinə qoyulmuş vəzifəsini icra etməmişdir və məhkəməyə müraciət edərək sınaq müddətinin 1 (bir) il artırılmasını xahiş etmişdir. Məhkəmənin 7(073)-76/2022 saylı 13 iyul 2022-ci il tarixli Qərarı ilə sınaq müddəti 1 (bir) il artırılmışdır. Yenə də Cavabdeh məhkəmə hökmünə və qərarına əməl etməmişdir. Cəlilabad rayon İcra və Probasiya şöbəsi tərəfindən məhkum Cavabdeh barəsində olan şərti məhkum etmənin ləğv edilməsi və hökmlə təyin edilmiş cəzasının icra olunması barədə Cəlilabad Rayon Məhkəməsinə təqdimat verilmişdir. Həmin təqdimata məhkəmədə baxılaraq Cəlilabad rayon İcra və Probasiya şöbəsinin təqdimatının təmin edilməməsi barədə 7(073)-21/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərar qəbul edilmişdir. Cavabdeh bu günə kimi müxtəlif tarixlərdə hissə-hissə olmaqla cəmi 2000 (iki min) manat ödəmişdir. Hazırda onun 48000 manat borcu vardır. Göründüyü kimi, Cavabdeh qanunların, məhkəmə qətmanəsinin, hökmünün, qərarının tələblərini icra etməmişdir. Cavabdeh qanunsuz hərəkətləri ilə iddiaçıya zərər vurmuşdur və hazırda da davam edir. O, qeyd olunduğu kimi, Dövlətin adından qəbul edilmiş Qətnamə, Hökm və Qərarları saymadığını açıq-aşkar hərəkətləri ilə nümayiş etdirir. Məhkəmə qətnaməsi 2017-ci ildə qəbul edilmişdir. Həmin vaxtdan artıq 7 ildən çox vaxt keçir. Bu müddət ərzində, bildiyimiz kimi, ölkədə minumum əmək haqqları dəfələrlə qaldırılmış və eyni zamanda bütün malların qiymətləri dəfələrlə artmışdır. Nəticədə 50.000 manat pulun alıcılıq qabilliyyəti dəfələrlə aşağı düşmüşdür. Ona (iddiaçıya) məxsus 50.000 manat inflyasiyaya uğrayaraq reallıqda alıcılıq qabliyyəti 25000 manat səviyyəsinə düşmüşdür. Cavabdeh qanunsuz hərəkətləri ilə iddiaçını Azərbaycan Respublikası Konstitusiyası ilə təsbit edilmiş mülkiyyət hüquqlarından məhrum etmişdir. Cavabdeh qanuni qüvvəsini almış Məhkəmə Qətnaməsini icra etməməklə, ona birbaşa ziyan vurmaqla mülki hüquq pozuntusu yaradan hərəkətləri etmişdir. Vurulmuş zərərin əvəzinin ödənilməsi tələb edilməsi Mülki Məcəllənin maddəsi ilə təsdiq edilmişdir. Cavabdeh qanuni qüvvəsini almış məhkəmə qətnaməsini icra etməyərək öz maddi təminatlarını təmin etmək kimi hərəkətlərinin arxasında varlanmaq məqsədi olması artıq aşkar görünür. Cavabdeh onun hesabına özünə məxsus problemlərini həll etməklə rahat həyat yaşayır. Qeyd edildiyi kimi, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə cavabdehin ona hazırda 49280 manat pul ödəməlidir. Lakin artıq 7 ildir ki, cavabdeh həmin pulu ödəməmiş və nəticədə ona zərər vurmuşdur. Dəymiş zərəri tələb etmək hüququ vardır. Hazırda Azərbaycan Respublikası Mərkəzi Bankının internet səhifəsində məlumata əsasən Mərkəzi Bank tərəfindən uçot dərəcəsi 7,25 faiz müəyyən edilmişdir. Mülki Məcəlləsinin 493.3-cü maddəsinə əsasən ildə ən azı beş faiz olmaqla dəymiş zərəri aşağıdakı qaydada hesablanır. Qətnamə üzrə borcun tarixi: 2017-ci il, Borcun ödənilmədiyi illərin sayı: 7 il Hazırda mövcud borcun məbləği : 48.000 manat İilik uçot dərəcəsi üzrə hesablanacaq faiz: 5% Bir il üzrə usot dərəcəsi əsasında məbləğ: 48.000 manat x 5% = 2400 manat Bir il üzrə dəymiş zərərin məbləği : 2400 manat 7 il müddəti ərzində dəymiş zərər: 2400 manat x 7 il = 16.800 manat Cavabdeh qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə təsdiq edilmiş 48000 manat məbləğində pulu 7 il müddəti ərzində ödəməməsi nəticəsində ona 16.800 (on altı min səkkiz yüz) manat məbləğində ziyan vurmuşdur. Məhkəmə qətnaməsini icra etməkdən boyun qaçırması ilə bağlı ittiham üzrə məhkəmə tərəfindən ona qadın olması nəzərə alınaraq ittihamın sanksiyasında nəzərdə tutulmamış CM-in 70-ci maddəsi tətbiq edilməklə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilmiş, göründüyü kimi, cavabdeh Dövlətin adından qəbul edilmiş Məhkəmə Hökmü ilə ona təyin edilmiş cəzanı da icra etməmişdir. Onun bu qanunsuz hərəkətlərinə sonda yenə də loyal yanaşaraq cəzalandırmamışdır. Cavabdeh tərəfindən ona vurulmuş 16800 (on altı min səkkiz yüz) manat məbləğində ziyanı tələb edir. Cavabdehdən dəfələrlə ona dəymiş maddi ziyanı ödəməsini tələb etsə də cavabdeh bundan imtina etmişdir. Buna görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Bildirmişdir ki, cavabdehin bu hərəkətləri nəticəsində o (iddiaçı), bütün əmlakından məhrum olmuşdur, nəyi isə yenidən başlamaq üçün isə vəsaiti yoxdur. 2017-ci ildən, yəni mübahisə ilə bağlı məhkəmə qətnaməsi çıxarılan vaxtdan indiyə qədər olan 7 illik müddət üçün gecikdirilmiş məbləğə illik 5 faiz ödənilməsini tələb edir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə iddianı etiraf etməyərək verdiyi izahatında göstərmişdir ki, məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun qərarı var və orada göstərilir ki, bank uçot dərəcəsi yalnız kredit müqaviləsində göstərildiyi halda tələb edilə bilər. Həmçinin iddiaçı ona Mülki Məcəllənin 21 və 1096-cı maddələri ilə zərər dəydiyini göstərir, lakin dəymiş zərərlə bağlı hər hansı sübut təqdim etməmişdir. Cavabdeh hazırda yataq xəstəsidir, tələb edilən vəsaiti ödəmək gücündə deyil. İddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, iddia əsaslıdır. Belə ki, işdə olan Cəlilabad Rayon Məhkəməsinin 10 aprel 2017-ci il tarixli, 2(073)- 14/2017 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə Cavabdeh 50.000 (əlli min) manat borc və ödənilmiş dövlət rüsumuna görə 30 manat pulun alınaraq İddiaçı verilməsi qət edilmişdir. İşdə olan Cəlilabad Rayon Məhkəməsinin l (073)-27/2020 saylı, 30 yanvar 2020-ci il tarixli hökmündən görünür ki, həmin hökmlə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərədə tutulmuş cinayət törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzası 2 (iki) il sınaq müddətinə şərti hesab edilmiş, Cavabdeh üzərinə 50000 (əlli min) manat borcunun İddiaçı hökmlə müəyyən olunmuş 2 il sınaq müddəti ərzində ödəmək vəzifəsi qoyulmuşdur. İşdə olan Cəlilabad Rayon Məhkəməsinin 7(073)-76/2022 saylı, 13 iyul 2022-ci il tarixli qərarından görünür ki, Cavabdeh sınaq müddəti 1 il uzadılmışdır. İşdə olan Cəlilabad Rayon Məhkəməsinin 7(073)-21/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Cavabdeh barəsində olan şərti məhkum etmənin ləğv edilməsi və hökmlə təyin olunmuş cəzanın icra olunması haqqında Cəlilabad rayon İcra və Probasiya şöbəsinin təqdimatı təmin edilməmişdir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi ilə əlaqədar iddiaçı tərəfindən 140 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.2014-cü il tarixdə tərəflər arasında notarial qaydada kredit müqaviləsi bağlanmışdır. Bu hal, yəni müqavilənin bağlanması və onun tərəflərinin öhdəliklərinin həcmi Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə də müəyyən edilmişdir. Müqaviləyə əsasən iddiaçı 50 min manat pulu cavabdehin mülkiyyətinə vermiş, cavabdeh isə borcu xx.xx.2015-ci ilədək qaytarmaq öhdəliyi daşısa da öhdəliyini icra etməmişdir. Bundan sonra iddiaçı pul tələbi ilə məhkəməyə müraciət etmiş və məhkəmənin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamənin qərəzli olaraq icra edilməməsinə görə cavabdeh cinayət məsuliyyətinə də cəlb edilmiş, məhkəmə tərəfindən cəza şərti hesab edilməklə sınaq müddəti müəyyən edilmiş və digər vəzifələrlə yanaşı sınaq müddəti ərzində pulu ödəmək vəzifəsi də cavabdehin üzərinə qoyulmuşdur, hətta sınaq müddəti əlavə 1 il də uzadılmışdır, lakin cavabdeh borc öhdəliyini icra etməyərək iddiaçının pul vəsaitini qanunsuz olaraq özündə saxlamışdır. 50 min manat borcdan müxtəlif zamanlarda müxtəlif məbləğlərdə olmaqla cəmi 2 min manat ödəniş edilmişdir, hazırda borc məbləği 48 min manat təşkil edir. İddiaçı cavabdehin öhdəliyini icra etməli olduğu xx.xx.2015-ci il tarixdən deyil, məhkəmə qətnaməsinin qəbul edildiyi 2017-ci ildən bəri illik beş faiz ödənilməsini tələb edir. Məhkəmə qeyd etməyi zəruri bilir ki, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər Mülki Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir (Məcəllənin 443.1 və 443.2-ci maddələri). Həmin maddələr zərərin ödənilməsini zərərin mövcud olması, zərərin öhdəliyin pozulması nəticəsində vurulması, zərərlə öhdəliyin pozulması arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirli olması ilə şərtləndirmişdir. Bununla yanaşı, Mülki Məcəllənin 445.7-ci maddəsində icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanı nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər Qanunverici qeyd olunan normada icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanını kreditorun digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilməməsi imkanı ilə şərtləndirmişdir ki, indiki halda da kreditor olan iddiaçının daha böyük məbləğ tələb etmək imkanı yoxdur. Məhkəmə hesab edir ki, digər əsaslardan çıxış edərək ödənilməsi gecikdirilmiş puldan daha böyük məbləğdə pul tələb edilməsi imkanı olmadığı halda da belə kreditorun minimal faiz – illik beş faiz tələb edə bilməsi hüququ qanunvericinin ona verdiyi hüquqi müdafiə vasitəsi, eyni zamanda icranı gecikdirmiş borclu barəsində mülkihüquqi məsuliyyət tədbiridir. Cavabdehin vəkilinin iddiaçı tərəfindən sübutetmə yükü icra edilmədiyinə, yəni iddiaçıya dəymiş zərərin nədən ibarət olması ilə bağlı tərəfindən sübut təqdim edilmədiyinə görə iddianın rədd edilməsi xahişi ilə bağlı məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 445.7-ci maddəsində göstərilən hal - pul məbləğinin ödənilməsinin gecikdirilməsi halı hazırki işin mübahisələndirilməyən halı olduğundan və iddia tələbi həmin gecikdirilmiş məbləğə illik beş faiz ödənilməsindən ibarət olduğundan iddiaçının ümumiyyətlə sübutetmə yükü olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; - 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və s.) başa düşülür; - 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; - 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında göstərilir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Mülki Məcəllənin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarında göstərilir ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının daha yüksək məbləği tələb etmək üçün hər hansı digər əsası olmadığına görə minimal olaraq illik beş faiz tələbi qanuni, əsaslı, həmçinin ədalətlidir, buna görə də iddia təmin edilməklə Cəlilabad Rayon Məhkəməsinin 2(073)-14/2017 saylı, 10 aprel 2017-ci il tarixli qətnaməsinin icrası cavabdeh tərəfindən 7 il müddətində gecikdirildiyi üçün həmin qətnamə ilə müəyyən edilmiş borc üzrə illik beş faiz tələbinə müvafiq qaydada (1 il üzrə dəymiş zərərin məbləği - 48.000 manat x 5%=2400 manat, 7 il ərzində dəymiş zərərin məbləği - 2400 manat x 7 il=16.800 manat) məbləğ hesablanaraq iddiaçıya ödənilməlidir. Yaranan məbləğin hesablanması ilə bağlı məhkəmə hesab etmişdir ki, həmin məbləğ hər hansı xüsusi bilik tələb etməyən adi riyazi hesablamaya əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər; - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77, 88, 106, 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 16800 (on altı min səkkiz yüz) manat pul və ödənilmiş 140 (bir yüz qırx) manat dövlət rüsumu alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Göstərilən müddətdə şikayət verilmədikdə, həmin müddət bitdikdən sonrakı gün qətnamə qanuni qüvvəyə minəcəkdir. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar