Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-565/2025 11.04.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyeva Kəmalə Mehman qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alqı-satq müqaviləsinin təsdiq edilməsi” tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alqı-satq müqaviləsinin təsdiq edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1200 ABŞ dolları pulun bu günki bazar qiyməti ilə geri qaytarılmasına və yaxud sözügedən 0.67 ha torpağın alqı-satqısının təsdiq edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsinə əsasən, təxminən 2012-ci il tarixdə, Cavabdeh özünə məxsus şəhər ərazisində JQ 1364 Dövlət aktına kod 80601004 əsasən 0.67 ha kənd təsərrüfatı təyinatlı pay torpağını öz təklifiylə razılaşma yolu ilə ona (iddiaçıya) 1200 (bir min iki yüz) ABŞ dolları qarşılığında satmışdır. O, Fazilə etibar edib, onunla notarial qaydada alqı-satq müqaviləsi bağlamamdır. Hal-hazırda cavabdeh sözügedən 0.67 ha pay torpağını oğlu X1 adına şəhər 8 saylı ərazi idarəsindən çıxarış almışdır. Cavabdeh ona qarşı ədalətsiz olduğuna görə o, rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Polis şöbəsindən ona məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmiş, bu səbəbdən də o məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanların nəzərə alınaraq torpağa görə cavabdehin ondan aldığı 1200 (bir min iki yüz) ABŞ dollarının bu günki bazar qiyməti ilə geri qaytarılmasına və yaxud sözü gedən 0.67 ha torpağın alqı-satqısının təsdiq edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. Bildirmişdir ki, pulunu bir neçə dəfə cavabdehdən tələb edib, cavabdeh müxtəlif məbləğlərdə pul təklif etmiş, lakin iddiaçı razılaşmamışdır. Torpağın rəsmi şəkildə iddiaçının oğlunun adına keçirildiyini bilir, başa düşür ki, torpaq artıq onun (cavabdehin oğlunun) mülkiyyətindədir, buna görə də ödədiyi pulu tələb edir. Məhkəmə iclasında Cavabdeh verdiyi izahatında göstərmişdir ki, təxminən 2012-ci il tarixdə, özünə məxsus olan 0.66 ha torpağı 1200 (bir min iki yüz) ABŞ dollarına satmaq istəmiş, həmin vaxt iddiaçı torpağı almaq istəmiş, lakin qiymətdə razılaşmamışlar. Bundan sonra həmin torpağı 600 ABŞ dollarına satmışdır. Lakin iddiaçı ilə alqı-satqı müqaviləsi bağlamamışlar. 2023-cü ildə həmin torpağı oğlu X1 adına rəsmiləşdirmişdir. Həmin torpağı iddiaçıya vermək istəmir. Əslində, iddiaçıya 1200 deyil, 600 ABŞ dolları borcu var. İddianın tam təmin edilməsinə də etiraz etmir, yəni 1200 dolları verməyə razıdır, lakin heç bir halda torpağı iddiaçıya verməyəcək. Məbləğ bölünsə pensiyasından hissə-hissə ödəyəcək. Vaxtilə iddiaçıya 1000 manat, hətta 1200 manat pul təklif edib, lakin o razılaşmayıb. İddianın özünü isə ədalətsiz hesab edir, çünki 10 ildən artıq müddət ərzində iddiaçı həmin torpağa faktiki sahiblik edib, əkin işləri görüb, dövlətdən subsidiyalar alıb və s., yəni xeyir götürüb, indi isə torpağın pulunu da tələb edir. Qeyd olunanların nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə izahatları və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X3 verdiyi ifadəsində göstərmişdir ki, tərəflərlə heç bir qohumluğu yoxdur. Rayon sakini kimi bir-birini tanıyırlar. Cavabdehin bacısı oğlu olan Ramiz ilə dostdur. Təxminən 12 il əvvəl Ramiz ona dayısının torpağını satdığını, iddiaçının isə həmin torpağı almaq istədiyini bildirmişdir. O, Ramiz ilə birgə bu məsələdə vasitəçilik ediblər. “Əfsanə” adlı çayxanada iddiaçı onun yanında Ramizə 12 ədəd 100 dollarlıq əskinza vermişdir, onlar da həmin pulu cavabdehə onun evində vermişlər. Bu işdə onun (şahidin) heç bir xeyri olmayıb. Hətta pulu cavabdehə verəndə onlara demişdir ki, pullar hamısı yüzlükdü, xırda olsa idi onlara da şirinlik verərdi. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X2 verdiyi ifadəsində göstərmişdir ki, cavabdeh onun dayısıdır. Dayısı ona demişdir ki, “torpaq satıram, İxtiyara de ki, alsın”. O (şahid) da vasitəçilik etmiş, iddiaçıdan 1200 ABŞ dolları pulu alıb cavabdehə vermişdir. Bu işi dostu Mahirlə birgə görmüşdür. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş Cəlilabad RPŞ-nin İTB-nin polis sahə rəisi Suscəddinov Talıb verdiyi ifadəsində göstərmişdir ki, tərəflər arasında pul barədə problem olmuşdur, şikayət ərizəsi də onun icraatına daxil olmuşdur. İddiaçı qohumu, cavabdeh isə tanışıdır. Çalışmışdır ki, məsələni öz aralarında həll etsinlər. Cavabdeh ona bildirmişdir ki, xəstədir, məsələni də uzatmaq istəmir. İddiaçı torpaq üçün cavabdehdən 1200 ABŞ dolları pul istəmiş, cavabdeh isə əvvəlcə 1000 manat pul gətirmiş, lakin iddiaçı razılaşmamış, cavabdeh yenidən 1200 manat pul gətirmiş, iddiaçı bu dəfə də razılaşmamış, 1200 ABŞ dolları pul istəmişdir. İşdə olan JN-1364 seriyalı (kod ********) nömrəli dövlət aktından görünür ki, Cəlilabad rayonu Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli, 03 saylı qərarı ilə Cəilabad şəhəri ərazisində 0.83 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh mülkiyyətinə verilmişdir. İşdə olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, **********80 reyestr nömrəli çıxarışdan görünür ki, Cəlilabad şəhəri ərazisində 0.66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X1 xüsusi mülkiyyətindədir. İşdə olan, Cəlilabad Rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, İddiaçı Cavabdeh qarşı torpaq və pul tələbinə dair şikayəti əsasında araşdırma aparılmış və araşdırmanın nəticəsi olaraq mübahisənin mülki xarakterli olması göstərilərək məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh 2012-ci il tarixdə özünə məxsus olan 0.66 ha torpağı 1200 (bir min iki yüz) ABŞ dolları qarşılığında iddiaçıya satmışdır, lakin aralarında alqı-satqı müqaviləsi bağlanmamışdır. 2023-cü ildə cavabdeh həmin torpağı oğlu X1 adına rəsmiləşdirmişdir. İddiaçı tərəfindən tələb edilməsinə baxmayaraq, cavabdeh nə torpağı iddiaçıya vermiş, nə də onun pulunu geri qaytarmışdır. Buna görə də iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında torpağın alqı-satqısı barədə bağlanmış şifahi əqd əhəmiyyətsiz əqd növündə etibarsız olduğuna görə cavabdehin iddiaçının pulunu əldə etməsi əsassız varlanma halını yaratmışdır, yəni varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmamışdır. Buna görə də iş üzrə əsassız varlanma ilə bağlı maddi hüquq normaları, həmçinin iddianın etirafı ilə bağlı prosessual hüquq normaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; - 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur; - 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 52.2-ci maddəsinə görə cavabdeh bu barədə yazılı ərizə verməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir; - 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələbrin təmin olunması barədə qətnamə çıxarır; - 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Beləliklə, cavabdeh iddiaçının 1200 ABŞ dolları məbləğində pulunu öz mülkiyyətinə əldə etməklə əsassız varlanmışdır, bu varlanmanı məhkəmə iclasında özü də etiraf etmişdir, buna görə də həmin pul məbləği ödəniş gününə olan məzənnə rəhbər tutulmaqla Azərbaycan manatı qarşılığında iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu da cavabdehdən alınıb iddiaçıya verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14, 77, 88, 106, 213, 216-220, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ödəniş gününə olan rəsmi məzənnə rəhbər tutulmaqla 1200 (bir min iki yüz) ABŞ dolları borcun Azərbaycan manatına olan qarşılığı və 41 (qırx bir) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev
Məhkəmə qərarları › İş №2(073)-565/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-565/2025
11.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver