Məhkəmə qərarları › İş №2(073)-583/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-583/2025

18.03.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-583/2025 18.03.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Rüstəmov Cavid Emin oğlunun katibliyi, İddiaçı, Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF-in Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMFin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “sənədin şəxsə məxsus olması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı sənədin məxsus olması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı adına yazılmış xx.xx.1975-ci il tarixli əmək kitabçasının, Cəlilabad rayon DSMF-nun Cəlilabad rayon Şöbəsinə ödənilmiş xx.xx.1998-ci il tarixli 11 saylı qəbzin (29838 manat), xx.xx.1998-ci il tarixli 17 saylı qəbzin (70000 manat), xx.xx.1998-ci il tarixli 08 saylı qəbzin (70000), xx.xx.2001-ci il tarixli 003706 saylı qəbzin (37000 manat) və xx.xx.2003-cü il tarixli 007506 saylı qəbzin (20000 manat) ona məxsus olması faktının müəyyən olunması barədə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinə görə, iddiaçı Cəlilabad rayonu Qarazəncir kəndində yaşayır. O, Şirvan İnzibati Məhkəməsinə “yaşa görə əmək pensiyası hüququnun bərpa edilməsi” barədə iddia tələbi ilə müraciət etmişdir. Lakin təqdim olunan DSMF-na ödəniş qəbzlərində onun (iddiaçının) adı “Elyas” olduğu halda əmək kitabçasında və digər sənədlərdə adı səhvən “Elyas” əvəzinə “İlyas” kimi yazılmışdır. Bununla bağlı ilk növbədə sənədlərin ona məxsus olması barədə məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Onun adının "Elyas" olması ona məxsus olan diplom, şəxsiyyət vəsiqəsi və hərbi biletlə də sübut olunur. Göstərilən faktların elə yazılmasına səbəb əmək kitabçasını verən orqanın səhvi olmuşdur. O, ilk öncə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktın təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş, lakin maraqlı şəxs buna etiraz etməklə faktın təsdiq edilməsi hissəsində mübahisə olduğu üçün ərizənin iddia icraatı qaydasında baxılmasının mümkünlüyü ona izah edilmişdir. Buna görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək verdiyi izahatında göstərmişdir ki, uzun müddət Masallıda və digər rayonlarda zavodlarda işləmişdir, sonradan bazarda işləmişdir və həmin vaxtlar bazarda xüsusi şəxslər onlardan aylıq vergiləri toplayırdı və qəbz təqdim edirdi. İşlədiyi müddətdə əmək kitabçasında, həmçinin bazarda ödədiyi vergilərə dair qəbzlərdə yanlışlıqla adı səhv yazılmışdır, savadsız olduğu üçün buna əhəmiyyət verməmişdir, sonradan əmək pensiyası hesablanması məsələsi yarandıqda bundan xəbər tutmuşdur. Həmin orqanlar tərəfdindən sənədlərdə düzəlişlərin edilməsi qeyri-mümkündür, bu barədə orqanlara bir neçə dəfə müraciət etmişdir. Qəbzlərin hər birinin əsli ondadır, məhkəməyə təqdim edə bilər. Hazırda pensiya məsələsi üçün iddia ərizəsi ilə inzibati məhkəməyə müraciət etmişdir, lakin bu icraatla bağlı həmin icraat dayandırılmışdır. Həmin sənədlərin ona məxsus olması, başqa sözlə “Elyas” və “İlyas”ın eyni şəxslər olmasına heç bir mübahisə ola bilməz. Bununla bağlı kənd icra nümayəndəsinin arayışları da var, bütün kənd sakinləri buna şahidlik də edə bilər. Məhkəmə iclasında cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF-nun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iddiaya etiraz edərək verdiyi izahatında göstərmişdir ki, iddiaçı daha əvvəl də eyni tələblə xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etmişdir və tərəflərindən verilmiş etiraza görə ərizə baxılmamış saxlanılmışdır. Hazırda həmin etirazda göstərilənləri müdafiə edir. Hesab edir ki, iddiaçı məhkəməyə qədər müvafiq inzibati orqanlara müraciətlər etməli, yalnız onlardan imtina aldıqdan sonra iddia ilə məhkəməyə müraciət etməli idi. Həmçinin onu da bildirir ki, müvafiq elektron sistemdə iddiaçının göstərdiyi qəbzlərdəki məbləğlərin ödənildiyi müəyyən edilməmişdir. İddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsaslıdır. Belə ki, işdə olan: - AZE0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1958-ci ildə Cəlilabad rayonu, Andreyevka kəndində doğulmuşdur; - xx.xx.1998-ci il tarixli, 11 saylı qəbzin surətindən görünür ki, İlyas Şərifov tərəfindən 29838 manat DSMF-yə məcburi sosial sığorta haqqı ödənilmişdir; - xx.xx.1998-ci il tarixli, 17 saylı qəbzin surətindən görünür ki, İlyas Şərifov tərəfindən 70000 manat DSMF-yə məcburi sosial sığorta haqqı ödənilmişdir; - xx.xx.1998-ci il tarixli, 08 saylı qəbzin surətindən görünür ki, İlyas Şərifov tərəfindən 70000 manat DSMF-yə məcburi sosial sığorta haqqı ödənilmişdir; - xx.xx.2001-ci il tarixli, 003706 saylı qəbzin surətindən görünür ki, İlyas Şərifov tərəfindən 37000 manat DSMF-yə məcburi sosial sığorta haqqı ödənilmişdir; - xx.xx.2003-cü il tarixli, 007506 saylı qəbzin surətindən görünür ki, İlyas Şərifov tərəfindən 20000 manat DSMF-yə məcburi sosial sığorta haqqı ödənilmişdir; - 02.04.2002-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2002-ci ildə ölmüşdür; - 20.06.2016-cı il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2016-cı ildə ölmüşdür; - 16.11.1965-ci doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1958-ci ildə Astraxanbazar rayonu (indiki Cəlilabad), Andreyevka kəndində doğulmuşdur. X4, anası X1r; - Cəlilabad rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.1984-cü il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X3 arasında xx.xx.1984-cü il tarixdə 29 nömrəli nikah bağlanmışdır. - 40 saylı SMD üzrə 02 saylı 02 yanvar 1996-cı il tarixli əmrdən çıxarışdan görünür ki, X9 öz xahişi ilə işdən azad edilmişdir; - Əmək kitabçasının surətindən görünür ki, X9 xx.xx.1975-ci il tarixdən xx.xx.1996-cı ilədək müxtəlif vəzifələrdə çalımışdır; - JT 030586 saylı diplomun surətindən görünür ki, Şərifov X5 Təsərrüfatı Texnikumunun mexanikləşdirmə fakultəsini xx.xx.1984-cü ildə bitirmişdir; - NZ ******* saylı hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1976-cı ildən xx.xx.1978-ci ilədək hərbi xidmətdə olmuşdur; - Cəlilabad rayon İHB-nin Qarazəncir kənd İƏDÜ Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X9 ilə İddiaçı (şəxsiyyət vəsiqəsi AZE0*******) eyni şəxsdir. X11 Məhkəməsinə verilmək üçün verilmişdir; - Cəlilabad rayon İHB-nin Qarazəncir kənd İƏDÜ Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, arayışdan görünür ki, X9 ilə İddiaçı (şəxsiyyət vəsiqəsi AZE0*******) eyni şəxsdir. Arayış ƏƏSMN-in yanında DSMF-na təqdim etmək üçün verilmişdir; - Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(073)-3067/2024 saylı qərardadından görünür ki, ərizəçi İddiaçı maraqlı şəxs hazırki cavabdeh olmaqla “sənədin məxsus olması” tələbinə dair ərizəsi baxılmamış saxlanılmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı adı DSMF-na bəzi ödəniş qəbzlərində və əmək kitabçasında səhvən “Elyas” əvəzinə “İlyas” kimi yazılmışdır. Bu səbəbdən də iddiaçı staja görə qanunla müəyyən olunmuş pensiya hüququndan istifadə edə bilmir. Məhkəməyə xüsusi icraat qaydasında müraciət etmiş, məhkəmə tərəfindən ərizə baxılmamış saxlanıldığına görə iddia icraatı qaydasında hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsində göstərilən sənədlərin həqiqətən də iddiaçıya məxsus olması təsdiq olunur. Belə ki, onun doğum tarixi, doğulduğu yer, işlədiyi müəssisələr iddiaçının adının düzgün yazıldığı və yazılmadığı sənədlərdəki məlumatlarla və məhkəməyə verdiyi izhahatlarla uyğunluq təşkil edir, DSMF ödənişləri etməsi barədə qəbzlərin və əmək kitabçasının əsillərinin onda saxlanılması isə həmin sənədlərin həqiqətən də ona məxsus olmasını müəyyən edir. Bundan başqa, iş materiallarında olan xasiyyətnamə, əmək müqaviləsinə xitam bildirişi və digər sənədlərdə məhz 1958-ci ildə Cəlilabad rayonunun Andreyevka kəndində doğulmuş “X14” oğlu göstərilmişdir ki, bu da iddiaçının şəxsiyyət vəsiqəsində və doğum haqqında şəhadətnaməsində göstərilən “İddiaçı” oğlu ilə eynidir. Məhkəmə tərəfindən həmin sənədlərin əsillərinə baxış keçirilmişdir. Cavabdeh isə xüsusi icraat qaydasında işə baxılarkən etmiş olduqları etirazda göstərilən məsələləri yenidən bilirməklə iddianın əksini sübut edə bilməmişdir. Ərizəyə iddia icraatı qaydasında baxıldığından iddiaçının məhkəməyə qədər inzibati orqanlara müraciət etdikdən sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olması ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, göstərilən hal məhkəməyəqədər həll yollarından (mediasiya və ya pretenziya) biri kimi müəyyən edilmədiyindən iddianın bu əsasla baxılmamış saxlanılması MPM-də nəzərdə tutulmamışdır. Cavabdehin nümayəndəsinin göstərdiyi digər hal – qəbzlərdəki ödənişlərin DSMF-in elektron sistemində əks olunmadığı barədə etirazı ilə bağlı məhkəmə bildirir ki, göstərilən hal tərəflər arasında davam edən inzibati məhkəmə icraatı qaydasında mübahisələndirilə bilər. Məhkəmə hesab edir ki, iddia tələbində göstərilən sənədlərin həqiqətən də iddiaçıya məxsus olması faktı müəyyən edilməlidir, göstərilən qəbzlərdəki məbləğlərin şəxsin pensiya kapitalına və ya əmək kitabçasında göstərilən iş staının pensiya stajına daxil edilib-edilməməsi məsələsi isə inzibati məhkəmə icraatı qaydasında müəyyən edilməlidir. Belə ki, həmin sənədlərin iddiaçıya məxsus olmaması barədə məhkəmə tərəfindən hər hansı hal və ya dəlil müəyyən edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 213, 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. X6 adına yazılmış xx.xx.1975-ci il tarixli əmək kitabçasının, Cəlilabad rayon DSMFnin Cəlilabad rayon Şöbəsinə ödənilmiş xx.xx.1998-ci il tarixli, 11 saylı qəbzin, xx.xx.1998ci il tarixli, 17 saylı qəbzin, xx.xx.1998-ci il tarixli, 08 saylı qəbzin, xx.xx.2001-ci il tarixli, 003706 saylı qəbzin və xx.xx.2003-cü il tarixli, 007506 saylı qəbzin İddiaçı məxsus olması faktı müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar