Məhkəmə qərarları › İş №2(073)-591/2023

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-591/2023

13.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-591/2023 13.03.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Feyzullazadə Əli Elşən oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun ödənilməsi tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Cəlilabad Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun ödənilməsi barədə iddia verərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2dan birgə qaydada 1334.08 (bir min üç yüz otuz dörd manat səkkiz qəpik) manat əsas borc, 4.42 (dörd manat qırx iki qəpik) manat faiz borcu, 3.89 (üç manat səksən doqquz qəpik) manat cərimə, cəmi 1342.39 (bir min üç yüz qırx iki manat otuz doqquz qəpik) manat borcun və 33.43 (otuz üç manat qırx üç qəpik) manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh1 xx.xx.2019-cu il tarixli, GK-MK №1661/19 saylı kredit müqaviləsinə əsasən illik 1 faiz olmaqla güzəşt müddəti 12 ay olmaqla 60 ay müddətinə 1975.68 (bir min doqquz yüz yetmiş beş manat altmış səkkiz qəpik) manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə öhdəliyin təminatı olaraq Cavabdeh2 ilə iddiaçı bank arasında xx.xx.2019cu il tarixli, GK-MK-1661/19 saylı zaminlik müqaviləsi bağlanmış və zamin kreditor qarşısında borclunun öhdəliklərinin icrasına görə öz üzərinə məsuliyyət götürmüşdür. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini lazımi qaydada yerinə yetirməmiş və nəticədə hazırkı borcu yaranmışdır. Tələb edilməsinə baxmayaraq cavabdehlər yaranmış borcun ödənilməsindən yayınmışlar. İddiaçı bank qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, işdə olan xx.xx.2019-cu il tarixli, GK-MK 1661/19 saylı kredit müqaviləsindən görünür ki, iddaçı bank tərəfindən Cavabdeh1 illik 1 faiz olmaqla 60 ay müddətinə 1975.68 (bir min doqquz yüz yetmiş beş manat altmış səkkiz qəpik) manat məbləğində kredit verilmişdir. İşdə olan xx.xx.2019-cu il tarixli, GK-MK 1661/19 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 iddiaçı bankla Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 033CASA193250001 saylı güzəştli kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün öz üzərinə məsuliyyət götürmüşdür. İşdə olan pretenziyadan görünür ki, iddiaçı bank tərəfindən yaranmış borcun ödənilməsi cavabdehlərdən tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsinin verilməsi üçün 33.43 (otuz üç manat qırx üç qəpik) manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunan Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə iddianın cərimə tələbinə dair hissəsinə qiymət verərək, hesab edir ki, iddia həmin hissədə də əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən iddiaçı banka olan borc cavabdehlərdən alınaraq iddiaçı banka ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 33.43 (otuz üç manat qırx üç qəpik) manat dövlət rüsumu da onun xeyrinə cavabdehlərdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2dan birgə qaydada 1334.08 (bir min üç yüz otuz dörd manat səkkiz qəpik) manat əsas borc, 4.42 (dörd manat qırx iki qəpik) manat faiz borcu, 3.89 (üç manat səksən doqquz qəpik) manat cərimə, cəmi 1342.39 (bir min üç yüz qırx iki manat otuz doqquz qəpik) manat borc və 33.43 (otuz üç manat qırx üç qəpik) manat dövlət rüsumu tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar