Məhkəmə qərarları › İş №2(073)-604/2024

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-604/2024

07.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-604/2024 07.05.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı 1300 manat məbləğində və dövlət rüsumuna görə ödənilmiş 34 manat məbləğində pulun cavabdehdən alınıb ona verilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclaszalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1300 manat və dövlət rüsumuna görə ödənilmiş 34 manat məbləğində pul vəsaitlərinin alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək verdiyi izahatında bildirdi ki, o, Cəlilabad şəhərində doğulmasına baxmayaraq, 2017-ci ildən Bakı şəhərində yaşayır. 2021-ci ilin yay tətilində oğlu Mirəjdər Mürsəlovla birlikdə Cəlilabad şəhərinə gəlmişlər. Rayonda yaşayan tanışlarının vasitəsi ilə oğlu Mirəjdər Mürsəlovu güləş müəllimi, hazırki Cavabdeh yanına göndərmək qərarına gəlmişdir. Buna görə də Cavabdeh mobil telefon nömrəsinə zəng vuraraq onunla Cəlilabad şəhərində yerləşən “Cənnət bağı” restoranında görüşmüşlər. O, Cavabdeh oğlu Mirəjdər Mürsəlova güləş idman növünü öyrətməsini xahiş etmiş, lakin Cavabdeh oğlunun yaşının kiçik olduğunu, heç cür mümkün olmadığını bildirmişdir. Sonradan aralarında olan söhbət əsnasında avtomobil almaq istədiyini və Cavabdeh rastına ucuz avtomobil çıxarsa ona xəbər verməsini xahiş etmişdir. Cavabdeh də cavabında borcu olduğuna görə idarəçiliyində olan “Hyundai accent” markalı avtomobili satmaq isdədiyini bildirmişdir. O, Cavabdeh avtomobili hansı məbləğə satmaq istədiyini soruşmuş, Cavabdeh də cavabında idarəçiliyində olan “Hyundai accent” markalı avtomobili 9000 manata satmaq istədiyini bildirmişdir. Cavabdeh avtomobili ucuz qiymətə satmaq istədiyini görüb, almaq qərarına gəlmişdir. O, Cavabdehlə razılaşmalarına əsasən maşını almaq üçün Cavabdeh 1500 manat beh verməli, Cavabdeh isə avtomobilinin qeydiyyat şəhadətnaməsini ona verməli, avtomobilin yük yerində olan balıq məhsullarını aparıb Bakı şəhərində satdıqdan sonra avtomobili ona təhvil verməli olacaqmış. Lakin səhərisi gün Cavabdeh onun istifadəsində olan mobil telefonuna zəng vuraraq avtomobili Bakı şəhərində əzdiyini, sığorta şirkətindən pul almaq üçün avtomobilinin qeydiyyat şəhadətnaməsinin vacib olduğunu bildirərək, şəhadətnaməni ona göndərməsini xahiş etmişdir. O, da Cavabdeh xahişini nəzərə alıb avtomobilin qeydiyyat şəhadətnaməsini ona göndərmişdir. Həmin vaxtdan iki gün sonra Cavabdeh onun istifadəsində olan mobil telefonuna zəng vuraraq avtomobilini başqa şəxsə satdığını bildirmiş, o, bu məsələnin necə olacağını soruşduqda, Cavabdeh ondan beh kimi aldığı 1500 manat pulu yaxın vaxtlarda qaytaracağına vəd vermişdir. Həmin vaxtdan uzun müddət keçdikdən sonra, Cavabdeh ondan aldığı 1500 manat məbləğin 200 manat hissəsini 2023-cü ilin sentyabr ayında qaytarmış, lakin qalan 1300 manat hissəsini isə hazıra kimi ona qaytarmamışdır. Cavabdeh ona olan borcunu qaytarmadığına görə o, məcburiyyət qarşısında qalıb Cəlilabad RPŞ-nə ərizə ilə müraciət etmişdir. Onun müraciəti əsasında Cəlilabad RPŞ-nin İstintaq Bölməsində araşdırma aparılmış və xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanmısının rədd edilməsi haqqında” qərar qəbul edilərək, mülki mübahisə olduğdan məhkəməyə müraciət etməsi ona izah edilmişdir. O, Cavabdeh pulunun qaytarmasını dəfələrlə xahiş etsə də, cavabdeh hər dəfə müxtəlif bəhanələrlə onun pulunu qaytarmaqdan yayınmışdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən etiraf edərək verdiyi izahatında bildirdiki, o, İddiaçı uşaqlıq dostu olmuş, lakin sonradan rəhmətə getmiş Bəhruz Abbasov vasitəsi ilə tanımış, onunla heç bir ədavəti və düşmənçiliyi yoxdur. Belə ki, 2021-ci ilin yay aylarında uşaqlıq dostu olmuş, mərhum X2 şəhərinə yerləşən “Cənnət bağı” restoranında görüşəndə İddiaçı da yanında olmuşdur. O, mərhum Bəhruz Abbasovla söhbət əsnasında idarəçiliyində olan “Hyundai accent” markalı avtomobili pula ehtiyacı olduğundan satmaq isdədiyini bildirmiş, həmin vaxt İddiaçı ondan avtomobili hansı qiymətə satmaq istədiyini soruşmuşdur. O, da avtomobili 15000 manata satmaq istədiyini, hörmət əlaməti olaraq ona 13000 manata sata biləcəyini, hətta avtomobili maşın bazarına çıxaracağını bildirmişdir. İddiaçı ondan avtomobili maşın bazarına çıxarmamasını, həftənin 1-ci günü evini satacağını və avtomobili ondan özü alacağını bildirmişdir. O, başqa şəxsə pul verəcəyinin vacib olduğunu, iddiaçıdan əgər 1-ci gün evini sata bilməsə necə olacağını soruşmuş, iddiaçı da əgər ona 2000 manat beh verərsə işinin düzələcəyini soruşduqda, o, da əgər 2000 manat beh verərsə avtomobili maşın bazarına çıxarmayacağını və aparıb iddiaçının həyətində saxlayacağını bildirmişdir. O, iddiaçı ilə razılaşdıqdan sonra Bakı şəhərinə getmişdir. Razılaşmalarından 2 gün sonra o, İddiaçı istifadəsində olan mobil telefonuna zəng vuraraq harada olduğunu soruşmuş, İddiaçı da Cəlilabad şəhərinə yerləşən “Cənnət bağı” restoranında olduğunu bildirmişdir. O, da məsələnin həllinə dair İddiaçı ilə görüşmək üçün Cəlilabad şəhərinə yerləşən “Cənnət bağı” restoranına getmiş və iddiaçıdan ona beh kimi verəcəyi 2000 manat pulu istədikdə, iddiaçı pulu düzəldə bilmədiyini bildirmişdir. O, İddiaçı nəyə görə avtomobilini satmağa qoymadığını, indi haradan pul tapa biləcəyini və onu pis vəziyyətdə qoyduğunu bildirmişdir. Həmin vaxt İddiaçı ona köməklik etmək məqsədi ilə, tanışı olduğunu, faizə pul verdiyini və ondan pul götürə biləcəyini bildirmişdir. O, da sıxıntıda olduğu üçün İddiaçı təklifi ilə razılaşmış və İddiaçı ilə birlikdə pul götürmək üçün Cəlilabad rayonu Göytəpə şəhərinə getmişlər. İddiaçı Göytəpə şəhərində tanışının evinə girmiş və təxminən 5 dəqiqədən sonra qayıdıb avtomobilə əyləşmişdir. Avtomobildə İddiaçı ona verdiyi 1000 manat pulun üstündə 1 ay müddətində əlavə 400 manat qaytaracağını ona bildirmişdir. O, da 1000 manat pulu alıb avtomobilin qeydiyyat şəhadətnaməsini iddiaçıya vermiş və avtomobili başqa şəxsə satacağını iddiaçıya bildirmişdir. Həmin vaxtdan 15 gün sonra özünə məxsus “Hyundai accent” markalı avtomobili lizinqdə olduğu üçün, lizin yolu ilə başqa şəxsə satmışdır. İddiaçı aldığı 1000 manat məbləğin 200 manat hissəsini qaytarmış, lakin qalan 800 manat hissəsini isə hazıra kimi ona qaytarmamışdır. İddiaçı onun barəsində Cəlilabad RPŞ-nə şikayət ərizəsi ilə müraciət etmiş, o, da öz növbəsində olduğu kimi izahat vermişdir. Hazırda qalan 800 manat məbləği tam qaytara bilmir, lakin hissə-hissə ödəyəcəkdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın qismən təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materialında olan Cəlilabad RPŞ-nin İB-nin cinayət işinin başlanmasının rədd edilməsi haqqında 13 noyabr 2023-cü il tarixli qərarından görünür ki, cavabdeh Qəniyev X1 RPŞ-nin İB-nə verdiyi izahatında İddiaçı 1000 manat aldığını, həmin məbləğin 200 manat hissəsini qaytardığını, lakin 800 manat borcu qaldığını bildirmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı hazırkı iddianın verilməsi ilə əlaqədar 34 manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh İddiaçı ilə 2021-ci ilin yay aylarında aralarında olan razılaşmaya əsasən, cavabdeh idarəçiliyində olan “Hyundai accent” markalı avtomobili iddiaçıya satmaq adı ilə, iddiaçıdan beh kimi 1000 manat almışdır. Lakin aralarında olan sövdələşmə baş tutmadığından cavabdeh iddiaçıdan aldığı 1000 manat məbləğin 200 manat hissəsini 2023-cü ilin sentyabr ayında qaytarmış, iddiaçıya 800 manat borcu qalmışdır. İddiaçı dəfələrlə cavabdehdən borcunu qaytarmasını şifahi və rəsmi qaydada tələb etsə də, cavabdeh hər dəfə fərqli bəhanələrlə götürdüyü öhdəliyi yerinə yetirməyərək borcu ödəməkdən yayınmışdır. Bunla da cavabdehin iddiaçıya 800 manat borcu yaranmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı borca görə 1300 manat pulun alınaraq ona verilməsi tələbində qismən, yəni 800 manat məbləğində haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 575.1-ci maddəsinə əsasən əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər. Həmin Məcəllənin 575.2-ci maddəsinə əsasən satıcı fərdi-müəyyən əşyanı verməkdən imtina etdikdə alıcı satıcıya qarşı bu Məcəllənin 452-ci maddəsində nəzərdə tutulan tələbləri irəli sürə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.3-cü maddəsinə əsasən satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları-fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (MM-nin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu-pul ödəməyə, əmlak verməyə işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor-borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu mənada, öhdəliyin pozulması-öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. İş materiallarından göründüyü kimi cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən onun iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. Həmin Məcəllənin 442.1-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etiazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, Cavabdeh borca görə 800 manat alınıb İddiaçı verilməli, iddia qalan hissədə əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 34 manat dövlət rüsumu da cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh borca görə 800 (səkkiz yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 34 (otuz dörd) manat alınıb İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar