Məhkəmə qərarları › İş №2(073)-61/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-61/2025

12.06.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-61/2025 12.06.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyeva Kəmalə Mehman qızının katibliyi, İddiaçı2 Qüdrət oğlu və onun vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Qüdrət oğlunun Cavabdeh qarşı qərarın etibarsızlığı tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsində, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Qüdrət oğlu Cavabdeh qarşı qərarın etibarsızlığı tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2021-ci il tarixli “Rəhbər dəyişikliyi ilə əlaqədar qərar”ın etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsinə əsasən, Cəlilabad rayon İcra Hakimiyyəti Başçısının 03 iyun 1993-cü il tarixli, 265 nömrəli sərəncamı ilə Cəlilabad rayonu, Məmmədrzalı kəndində “Bənövşə” X6 dövlət qeydiyyatına alınmış və iddiaçıların mərhum ataları X3 həmin təsərrüfatın təsisçisi olmuşdur. X12 xx.xx.2021-ci ildə vəfat etmişdir. Bu barədə də Cəlilabad rayon Notariat ofisində 2V-624 nömrə ilə vərəsəlik işi açılmış və iddiaçılar ailə üzvləri olaraq mərhum atalarının vərəsələri hesab edilmişlər. Həmin vərəsəlik işinə əsasən də digər əmlaklarla yanaşı “Bənövşə” X6 nizamnamə kapitalına münasibətdə payları tanınmış və iddiaçılara xx.xx.2021 -ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bundan sonra Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən dövlət reyestrindən xx.xx.2023cü il' tarixli, **********069500 nömrəli çıxarış verilmişdir. (VÖEN **********). Həmin çıxarışda adı qeyd edilən fermer təsərrüfatının qanuni təmsilçisi kimi Cavabdeh adı qeyd edilmişdir. Qeyd edək ki, Cavabdeh iddiaçıların qardaşıdır. Həmin çıxarışın verilməsinə əsas səbəblərdən biri də rəhbər dəyişikliyi ilə əlaqədar 08 sentyabr 2021-ci il tarixli qərar olmuşdur. Belə ki, həmin qərarda göstərilir ki, xx.xx.2021-ci il tarixdən Cavabdeh “Bənövşə“ KFT-nin direktoru təyin edilsin, möhür və ştamp ona verilsin və rəhbər dəyişikliyi ilə bağlı 6 saylı Ərazi Vergilər İdarəsinə müraciət edilməsi Cavabdeh həvalə edilsin. Məsələ burasındadır ki, adı qeyd edilən "Rəhbər dəyişikliyi ilə əlaqədar qərar”dakı imzalar iddiaçılar İddiaçı1 və İddiaçı2 Oüdrət oğluna məxsus deyildir. Cavabdeh iddiaçıların xəbəri və məlumatları olmadan həmin qərardakı imzaları saxtalaşdırmaqla dövlət orqanı olan 6 saylı Ərazi Vergilər İdarəsindən dövlət reyestrindən çıxarış almaqla özünü qanuni təmsilçi kimi göstərmişdir. Məsələ ilə bağlı iddiaçılar tərəfindən ilk öncə Cəlilabad rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişlər, lakin təhqiqatçı tərəfindən "Cinayət işinin başlanmasının rədd edilməsi barədə" 27 aprel 2023-cü il tarixli qərar qəbul edilərək bu barədə ümumi qaydnda iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilmişdir. Bundan sonra adı qeyd edilən dövlət reyestrindən çıxarışın ləğv edilməsindən ötrü Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinə müraciət etmişlər. Lakin cavab olaraq iddiaçılara bildirdilər ki, bunun üçün məhkəməyə müraciət edilməlidir. Daha sonra iddiaçılar Şirvan İnzibati Məhkəməsinə müraciət etmişlər və Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(120)-1024/2024 saylı qərardadı ilə iddianın mümkün sayılımaması və mübahisənin mülki icraat qaydasında mübahisələndirilməsi, işə inzibati mübahisə kimi deyil, ümumi (rayon, şəhər) məhkəməsinə müraciət etmək hüquqlarının olması izah edilmişdir. Qeyd edilən qərardakı imzalar iddiaçılara məxsus deyildir, həmin imzalar Cavabdeh tərəfindən saxtalaşdırmaqla özünü müəssisənin təsisçisi kimi qeyd etdirmişdir. Əgər xəttşünaslıq ekspertizası keçirilərsə bu fakt öz təsdiqini tapacaqdır. İddiaçılar həmin qərarı etibarsız hesab edirlər. Ona görə də məcbur olaraq məhkəməyə müraciət etmək qərarına gəlmişlər. Qeyd edilənlərin nəzərə alınaraq iddianın əsassız olduğundan təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı2 Qüdrət oğlu və nümayəndəsi (vəkili) Nümayəndə iddianı müdafiə edərək təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh verdiyi izahatında bildirmişdir ki, mübahisələndirilən qərar ümumiyyətlə əhəmiyyətsiz bir qərardır. Həmin qərarı iddiaçılar imzalamışlar, lakin vergi orqanı həmin qərarla direktor təyin edilməsinin mümkün olmadığını bildirmişdir, bundan sonra cavabdeh digər vərəsələrin də iştirakı ilə təkrar yığıncaq keçirmişdir və yığıncaqda onun (cavabdehin) direktor təyin edilməsi qərara alınmışdır ki, həmin qərarla da vergi orqanında direktor kimi qeydiyyata alınmışdır. İddianı əsassız hesab edir. Mübahisələndirilən qərarın əsli isə onda deyil, çünki tam əhəmiyyətsiz bir sənəddir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı1 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə İddiaçı1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: - “Bənövşə” X6 (KFT) təsisçilərinin 08 sentyabr 2021-ci il tarixli qərarının surətindən görünür ki, həmin qərarla Cavabdeh KFT-nin direktoru təyin edilmiş, KFT-nin möhür və ştampı Cavabdeh təhvil verilmişdir; - AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 aprel 2025-ci il tarixli məktubundan görünür ki, mülki iş üzrə təyin olunmuş məhkəmə-xətşünaslıq ekspertizasının aparılmasından imtina edilmişdir, imtina səbəbi mübahisələndirilən qərarın əslinin təqdim edilməməsi olmuşdur; - AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, X2 qanuni vərəsələri barədə təqdim olunmuş şəhadətnamələr əsasında xx.xx.2022-ci il tarixdə onun vərəsələri X4, X10, X5 və Cavabdeh Təsərrüfat təsisçiləri sırasına daxil olması və təsisçilərin xx.xx.2022-ci il tarixli qərarına əsasən Cavabdeh rəhbər təyin olunması barədə qeydlər dövlət reyestrinə daxil edilmişdir; - “Bənövşə” X6 təsisçilərinin iclasının keçirilməsi barədə Protokoldan görünür ki, X10, Cavabdeh, X4 və X5 “Bənövşə” KFT-nin təsisçiləri qismində qəbul edilmiş sayılmışlar, Cavabdeh KFT-nin direktoru vəzifəsinə təyin edilmişdir; - Cavabdeh tərəfindən iddiaçılara göndərilmiş bildirişlərin və "xxxx" MMC X11 Filialı tərəfindən verilmiş məktubların surətlərindən görünür ki, cavabdeh iddiaçıları xx.xx.2021-ci il tarixli təsis yığıncağında iştirak edilməsi üçün dəvət etmişdir, bildirişlər yığıncaq keçirilməmişdən qabaq iddiaçılara çatdırılmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçılar və cavabdeh doğma qardaş olmaqla ataları X2 qanun üzrə vərəsələridir. Miras qoyan X1 “Bənövşə” KFT miras əmlak olaraq qalmışdır. İddiaya görə, miras qoyan öldükdən sonra cavabdeh iddiaçıların əvəzinə saxta imza etməklə saxta sənəd hazırlamış və həmin sənəd – qərar əsasında özünü həmin miras əmlaka direktor təyin etmişdir. Hesab edirlər ki, cavabdeh saxtakarlıq etmişdir. Məhkəmə izahatları dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsassızdır. Ona görə ki, cavabdeh iddia ərizəsi ilə mübahisələndirilən xx.xx.2021-ci il tarixli qərar əsasında deyil, xx.xx.2021-ci il tarixli qərar əsasında direktor təyin edilmiş, həmin xx.xx.2021-ci il tarixli təsis yığıncağının qərarı vergi orqanı tərəfindən dövlət reyestrinə daxil edilmişdir. Həmin yığıncaqda cavabdehlər və digər vərəsələr iştirak etsə də, iddiaçılar iştirak etməmişdir. Lakin iş materiallarından görünür ki, cavabdeh həmin yığıncağa iddiaçları da dəvət etmişdir. Habelə, məhkəmə tərəfindən iki dəfə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və hər iki halda ekspert rəy verməkdən imtina etmişdir, səbəbi isə rəy üçün təqdim edilən qərarın əslinin deyil, surətinin təqdim edilməsi olmuşdur. İddiaçılar qərarın əslinin cavabdehdə olduğunu və onun tərəfindən təqdim edilməli olduğunu bildirsələr də, cavabdeh bunu inkar etmiş, həmin qərarın əhəmiyyətsiz bir hüquqi sənəd olduğuna görə saxlanılmadığını bildirmişdir. Məhkəmə bu hissədə cavabdehin izahatını daha inandırıcı hesab etmişdir, çünki cavabdeh həmin qərarla deyil, xx.xx.2021-ci il tarixli qərarla KFT-nin direktoru təyin edilmişdir. Bu hissədə iddiaçı və onun vəkilinə məhz həmin xx.xx.2021-ci il tarixli qərarın mübahisələndirilməsi hüququnun mövcudluğu da məhkəmə tərəfindən izah edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə, məhkəmə qeyd olunanlara əsasən iddianın əsassız olması qənaətinə gələrək, hesab edir ki, iddia təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216, 220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Göstərilən müddətdə apellyasiya şikayəti verilmədikdə, həmin müddət bitdikdən sonrakı gün qətnamə qanuni qüvvəyə minir. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar