Məhkəmə qərarları › İş №2(073)-621/2023

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-621/2023

13.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-621/2023 13.04.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cəlilabad Rayon Məhkəməsinin 05 may 2020-ci il tarixli, 2(073)-766/2020 saylı qətnaməsi ilə təyin edilmiş 100 manat sabit pul məbləğində alimentin artırılmasını və uşağın saxlanılması üçün hər ay 200 manat alimentin və mediasiya xərci üçün ödənilmiş 50 manatın cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, cavabdehlə faktiki evlənmişlər, nikahlarını isə 19 may 2019-cu ildə rəsmiləşdirmişlər. Birgə nikahlarından xx.xx.2017-ci ildə Rüqəyya adlı uşaqları doğulmuşdur. Cavabdehlə münasibətləri pozulmuş və aralarında olan narazılıqlara görə ayrılmışlar. Ayrıldıqları vaxtdan birgə nikahlarından doğulmuş uşağı onun (iddiaçının) yanında qalmışdır. Cəlilabad Rayon Məhkəməsinin 05 may 2020-ci il tarixli, 2(073)-766/2020 saylı qətnaməsi ilə xx.xx.2017-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 100 (bir yüz) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona (iddiaçıya) verilməsi qət edilmişdir. Özü heç yerdə işləmir və uşağın maddi cəhətdən saxlanmasında çətinlik çəkir. Məhkəmə qətnaməsinə əsasən ödənilən alimentin məbləği uşağın maddi cəhətdən saxlanmasında kifayət etmir. Cavabdeh isə işləyir və uşağına tələb edilən məbləğdə aliment ödəmək iqtidarındadır. Buna baxmayaraq cavabdeh uşağın maddi cəhətdən saxlanmasında əlavə olaraq ona (iddiaçıya) kömək etmir. Buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etməyərək, verdiyi izahatında göstərmişdir ki, Cəlilabad Rayon Məhkəməsinin 05 may 2020-ci il tarixli 2(073)-766/2020 saylı qətnaməsi ilə xx.xx.2017-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 100 (bir yüz) manat sabit pul məbləğində alimentin ondan (cavabdehdən) tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Laçın rayonunda fəhləliklə məşğul olur və 450 (dörd yüz əlli) manat əmək haqqı alır. Aldığı əmək haqqı ilə özünün və xəstə valideynlərinin maddi təminatını ödəməkdə və məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimenti ödəməkdə çətinlik çəkir. Əlavə qazanc yeri yoxdur və maddi imkanı pisdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan Cəlilabad rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2018ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2017-ci ildə doğulmuşdur, atası Cavabdeh, anası X3r. İşdə olan Cəlilabad rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah ləğv edilmiş və arvada Mirzəyeva soyadı verilmişdir. İşdə olan Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(073)-766/2020 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddia qismən təmin edilərək, 02 mart 2020-ci il tarixdən başlayaraq 20 dekabr 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay bir uşağa görə 100 (bir yüz) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi, iddianın qalan hissədə əsassız olduğundan təmin edilməməsi qət edilmişdir. İşdə olan Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(106)-2131/2020 saylı qətnaməsindən görünür ki, Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Cəlilabad Rayon Məhkəməsinin 05 may 2020-ci il tarixli 2(073)-766/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cəlilabad Rayon Məhkəməsinin 05 may 2020-ci il tarixli 2(073)-766/2020 saylı qətnaməsi ilə xx.xx.2017-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 100 (bir yüz) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq iddiaçıya verilməsi qət edilmişdir. İddiaçı işləmir və uşağın maddi cəhətdən saxlanmasında çətinlik çəkir. Məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği uşağın maddi cəhətdən saxlanmasında kifayət etmir. Cavabdeh işləyir və aylıq 450 (dörd yüz əlli) manat əmək haqqı alır. Buna baxmayaraq cavabdeh uşağın maddi cəhətdən saxlanmasında əlavə olaraq iddiaçıya kömək etmir. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara qiymət verərək, hesab edir ki, iddiaçının hər ay bir uşaq üçün 200 manat sabit pul məbləğində aliment təyin edilməsinə dair tələbi tam təmin edilə bilməz. Belə ki, müəyyən olunmuş alimentin məbləği tərəflərin həqiqi vəziyyətinə uyğun olmalı və digər tərəfi maddi cəhətdən pis vəziyyətə salmamalıdır. Həmçinin, iddiaçının ərizəsində göstərdiyi miqdarda cavabdehin aliment ödəmək iqtidarında olması iş materialları ilə təsdiq olunmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minumumu haqqında» Qanuna əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə cavabdehin tələb olunan məbləğdə aliment vermək imkanına malik olmasına dair iddiaçının irəli sürdüyü halların məhkəmə iclasında öz təsdiqini tapmadığını, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin uşağın saxlanması üçün kifayət etmədiyini, iddiaçının işləmədiyini, cavabdehin işlədiyini və aylıq əmək haqqı aldığını nəzərə alır və hesab edir ki, cavabdehdən hazırda hər ay bir uşaq üçün 150 (bir yüz əlli) manat sabit pul məbləğində alimentin tutulması tərəflərin həqiqi vəziyyətinə uyğundur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən olunur. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cəlilabad Rayon Məhkəməsinin 05 may 2020-ci il tarixli, 2(073)-766/2020 saylı qətnaməsi ilə 20 dekabr 2017-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 100 (bir yüz) manat sabit pul məbləğində müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay bir uşağa görə 150 (bir yüz əlli) manat sabit pul məbləğində müəyyən edilsin və məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən başlayaraq 20 dekabr 2017-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşağa görə 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilsin. Cavabdeh 38 (otuz səkkiz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilbad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar