Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-648/2024 30.04.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı, Cavabdeh Gülbala oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh Gülbala oğluna qarşı 1000 manat məbləğində və dövlət rüsumuna görə ödənilmiş 30 manat məbləğində pulun cavabdehdən alınıb ona verilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclaszalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh Gülbala oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Gülbala oğlundan 1000 manat və dövlət rüsumuna görə ödənilmiş 30 manat məbləğində pul vəsaitlərinin alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək verdiyi izahatında bildirdi ki, o, Cəlilabad şəhərində yaşamaqla, ehtiyyat hissələrinin satışı ilə məşğul olur. Cavabdeh Gülbala oğlu onun işlədiyi mağazaya gələrək, ondan nisyə alqı-satqı ilə ehtiyyat hissələri almaq istədiyini bildirmişdir. O, cavabdehlə razılaşdıqdan sonra aralarında 17 yanvar 2022-ci il tarixdə nisyə alqı-satqı müqaviləsi bağlamış və həmin alqı-satqı müqaviləsinə əsasən o, cavabdehə 500 manat dəyərində ehtiyyat hissələrini satmış və cavabdeh həmin 500 manat bəbləği hər ay 265 manat ödəməklə 2 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Bundan sonra cavabdeh onun etibarından sui istifadə edərək, 12 mart 2022ci il tarixdə yenidən onunla nisyə alqı-satqı müqaviləsi bağlayaraq, ondan 500 manat dəyərində ehtiyyat hissələrini nisyə almışdır. Lakin bu günə kimi cavabdeh ondan nisyə aldığı ehtiyyat hissələrininin pulundan heç bir ödəniş etməmişdir. O, cavabdehdən borcunu ödəməsini dəfələrlə tələb etməsinə baxmayaraq, cavabdeh hər dəfə müxtəlif bəhanələrlə borcunu ödəməkdən yayınmışdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh Gülbala oğlu iddia tələbinin etiraf edilməsi barədə ərizə təqdim edərək bildirdi ki, həqiqətən də onun İddiaçı 1000 manat borcu vardır, halhazırda borcunu ödəməyə imkanı yoxdur, lakin borcunu hissə-hissə ödəyəcəyinə söz verir. Bu səbəbdən də iddianın təmin edilməsinə etiraz etmir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan 17 yanvar 2022-ci il tarixli, 9299 saylı alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh Gülbala oğlu İddiaçı 500 manat dəyərində ehtiyyat hissələrini nisyə almışdır. İşdə olan xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı hazırkı iddianın verilməsi ilə əlaqədar 30 manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh Gülbala oğlu İddiaçı arasında bağlamış 17 yanvar 2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən, cavabdeh 500 manat dəyərində ehtiyyat hissələrini iddiaçıdan nisyə almış və həmin 500 manat bəbləği hər ay 265 manat ödəməklə 2 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Bundan sonra cavabdeh 12 mart 2022-ci il tarixdə yenidən iddiaçı ilə nisyə alqı-satqı müqaviləsi bağlayaraq, iddiaçıdan 500 manat dəyərində ehtiyyat hissələrini nisyə almışdır. Lakin cavabdeh hal-hazıra kimi iddiaçıdan nisyə aldığı əşyaların pulundan heç bir ödəniş etməmişdir. İddiaçı cavabdehdən borcunu ödəməsini dəfələrlə tələb etməsinə baxmayaraq, cavabdeh hər dəfə müxtəlif bəhanələrlə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyərək borcu ödəməkdən yayınmışdır. Bunla da cavabdehin iddiaçıya 1000 manat borcu yaranmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh Gülbala oğluna qarşı borca görə 1000 manat pulun alınaraq ona verilməsi tələbində haqlıdır. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 575.1-ci maddəsinə əsasən əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər. Həmin Məcəllənin 575.2-ci maddəsinə əsasən satıcı fərdi-müəyyən əşyanı verməkdən imtina etdikdə alıcı satıcıya qarşı bu Məcəllənin 452-ci maddəsində nəzərdə tutulan tələbləri irəli sürə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.3-cü maddəsinə əsasən satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları-fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (MM-nin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu-pul ödəməyə, əmlak verməyə işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor-borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu mənada, öhdəliyin pozulması-öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. İş materiallarından göründüyü kimi cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən onun iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. Həmin Məcəllənin 442.1-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etiazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materillarına əlavə edilmiş Cavabdeh Gülbala oğlunun ərizəsindən görünür ki, o, İddiaçı ona qarşı iddiasını etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə görə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək, Cavabdeh Gülbala oğlundan borca görə 1000 manat alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu da cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qət etdi: İddia təmin edilsin. Cavabdeh Gülbala oğlundan borca görə 1000 (bir min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-648/2024
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-648/2024
30.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver