Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-654/2024 18.03.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6000 (altı min) ABŞ dollarının və 122 (bir yüz iyirmi iki) manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, Cavabdeh ilə uzun müddət şərikli biznes fəaliyyəti ilə məşğul olmuşlar. Cavabdeh ondan (iddiaçıdan) müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə pul vəsaiti alaraq biznes fəaliyyəti ilə məşğul olmuş və ümumilikdə qazancın 5 faizi məbləğində ona (iddiaçıya) mənfəət vermişdir. Sonuncu belə fəaliyyətləri 30 oktyabr 2022-ci il tarixdə olmuş, cavabdeh ondan (iddiaçıdan) 26 000 (iyirmi altı min) ABŞ dolları götürmüş və daha öncə olduğu kimi 1 ay müddətində gətirdiyi malı satış edərək, pulu hissəvi şəkildə qaytarmağa başlamışdır. Cavabdeh ondan aldığı 26 000 (iyirmi altı min) ABŞ dollarından 20 000 (iyirmi min) ABŞ dollarını qaytarmış, 6 000 (altı min) ABŞ dollarını isə qaytarmaqda çətinlik çəkmişdir. Cavabdeh əvvəlcə bunu işlərinin zəifliyi ilə izah etmiş, o da cavabdehi bir neçə ay gözləmiş, lakin cavabdeh qalan pulu qaytarmamışdır. Bununla bağlı cavabdehlə dəfələrlə telefon vasitəsi ilə əlaqə saxlamış, cavabdeh telefon danışıqlarında ona (iddiaçıya) olan borcunu etiraf etmiş və qaytaracağını bildirmişdir. Lakin cavabdeh qalan borcunu qaytarmamışdır. Buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etməyərək verdiyi izahatında göstərmişdir ki, iddiaçını 2 ildən çoxdur ki, tanıyır. İddiaçıdan müxtəlif vaxtlarda üzərində qazanc vermək şərti ilə pul götürmüş və aldığı pulu üzərində qazancla birlikdə iddaçıya qaytarmışdır. Sonuncu dəfə iddiaçıdan təxminən 2022-ci ilin may-iyun aylarında 20200 (iyirmi min iki yüz) ABŞ dolları və ya 20300 (iyirmi min üç yüz) ABŞ dolları almış və həmin pulu da təxminən 2022-ci ilin sonlarında tam şəkildə qaytarmışdır. Onun iddiaçıya heç bir borcu qalmamışdır. Qeyd edilənlərin nəzərə alınaraq, iddanın əsassız olduğundan təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2023-cü il tarixli Bakı şəhəri Xətai RPİ-nin İstintaq Şöbəsinin xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, İddiaçı Cavabdeh barəsində etdiyi şikayət əsasında araşdırma aparılmış, araşdırmanın nəticəsi olaraq mübahisənin mülki xarakterli olması göstərilərək, cinayət işinin başlanması rədd edilmiş və şikayətçiyə məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Məhkəmə iclasında iddaçı tərəfindən təqdim edilmiş səs yazısı dinlənilən zaman tərəflər arasında borca dair danışıqların olduğu müəyyən edilmiş və məhkəmə iclasında cavabdeh həmin vaxt iddiaçıya 11 000 (on bir min) manat borcunun olduğunu, lakin həmin borcu qaytardığını göstərmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh 2022-ci ilin oktyabr ayında üzərində qazanc vermək şərti ilə iddiaçıdan 26 000 (iyirmi altı min) ABŞ dolları almış, həmin puldan 20 000 (iyirmi min) ABŞ dollarını qaytarmış, qalan 6 000 (altı min) ABŞ dollarını isə qaytarmamışdır. İddiaçı tərəfindən tələb edilməsinə baxmayaraq, cavabdeh qalan 6 000 (altı min) ABŞ dollarını qaytarmamışdır. Buna görə də iddaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə iclasında cavabdeh iddiaçı ilə aralarında olan telefon danışıqlarından (məhkəmə iclasında dinlənilmiş səs yazısı) sonra qalan 11 000 (on bir min) manatı qaytardığını və iddaçıya borcunun qalmadığını göstərsə də, həmin halı təsdiq edən mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu da cavabdehdən alınıb iddiaçıya verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220 və 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 6000 (altı min) ABŞ dollarının ödəniləcəyi gün Azərbaycan manatına olan məzənnəsi və 122 (bir yüz iyirmi iki) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №2(073)-654/2024
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-654/2024
18.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver