Məhkəmə qərarları › İş №2(073)-663/2024

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-663/2024

29.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-663/2024 29.02.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1200 (bir min iki yüz) manat pulun və 32 (otuz iki) manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, cavabdehi uzun müddətdir ki, tanıyır və eyni müəssisədə işləyirlər. 2023-cü ilin sentyabr ayında cavabdeh ona müraciət edərək, pula ehtiyyacının olduğunu bildirmiş və 1200 (bir min iki yüz) manat borc verməsini xahiş etmişdir. Cavabdehi tanıdığına, birlikdə işlədiklərinə və etibar etdiyinə görə 2023-cü ilin sentyabr ayında cavabdehə 1 200 (bir min iki yüz) manat borc vermişdir. Aralarında olan razılaşmaya əsasən cavabdeh ona olan borcunu 4 ay ərzində qaytarmağı öhdəsinə götürmüş və bu məqsədlə özünə (cavabdehə) məxsus əmək haqqı kartını ona (iddiaçıya) vermişdir. O (iddiaçı) da əmək haqqı kartını qəbul edərək, 4 ay ərzində hər ay cavabdehin əmək haqqı kartından 300 (üç yüz) manat çıxartmağı düşünmüşdür. 2023-cü ilin oktyabr ayının əmək haqqı verilən zaman cavabdeh əmək haqqı kartında olan əmək haqqını başqa karta köçürdüyünə görə kartdan pul çıxara bilməmiş, o (iddiaçı) da bu barədə cavabdehə bildirmiş və cavabdeh məqsədli şəkildə özünə məxsus kartı bloklatmışdır. Bundan sonra cavabdeh ona olan borcunu hər ay 300 (üç yüz) manat ödəyə bilməyəcəyini bildirmiş və 07 dekabr 2023-cü il tarixdə 1200 (bir min iki yüz) manat borcunu 2024-cü ilin yanvar ayından başlayaraq hər ay 150 (bir yüz əlli) manat ödəyəcəyinə dair qəbz yazaraq, həmin qəbzin surətini ona (iddiaçıya) vermişdir. Lakin bundan sonra da cavabdeh ona olan borcundan ödəməmişdir. Buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etməyərək, verdiyi izahatında göstərmişdir ki, iddiaçını uzun müddətdir ki, tanıyır və eyni müəssisədə işləyirlər. 2023-cü ilin fevral ayında tanışı ona pul lazım olduğunu bildirmiş və buna görə də iddiaçıdan hər ay faizini ödəmək şərti ilə 1200 (bir min iki yüz) manat pul götürərək tanışına vermişdir. İddiaçı ilə aralarında olan razılaşmaya əsasən özünə (cavabdeh) məxsus əmək haqqı kartını iddiaçıya vermiş və iddiaçı on ay ərzində onun əmək haqqı kartından hər ay 240 (iki yüz qırx) manat pul çıxaracağını bildirmişdir. İddiaçı on ay ərzində ona (cavabdehə) məxsus əmək haqqı kartından hər ay 240 (iki yüz qırx) manat olmaqla, ümumilikdə 2 400 (iki min dörd yüz) manat pul çıxarmışdır. 2023-cü ilin dekabr ayında iddiaçıdan kartını qaytarmasını tələb etmiş, iddiaçı isə kartını qaytarması üçün ondan yazılı izahat tələb etmişdir. Buna görə də 07 dekabr 2023-cü il tarixdə qəbz yazaraq iddiaçıya olan borcunu 2024-cü ilin yanvar ayından başlayaraq hər ay 150 (bir yüz əlli) manat ödəməklə qaytaracağına dair öhdəlik götürmüşdür. Həmin qəbzin surətini iddiaçıya vermiş, qəbzin əslini isə çırıb atmışdır. İddiaçıya olan borcunu tam şəkildə ödəmişdir. Hazırda onun iddiaçıya borcu qalmamışdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın əsassız olduğundan təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Cavabdeh tərəfindən yazılmış 07 dekabr 2023-cü il tarixli qəbzin surətindən görünür ki, Cavabdeh qəbzdə sentyabr ayında iş yoldaşı İddiaçı 1200 manat borc pul aldığını, 4 ay müddətində 300 (üç yüz) manat əmək haqqından götürməsi üçün əmək haqqı kartını İddiaçı verdiyini, oktyabr ayının əmək haqqını Bir Bank vasitəsi ilə götürdüyünü, 2024-cü ilin yanvar ayından hər ay 150 (bir yüz əlli) manat ödəyəcəyini göstərmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh 2023-cü ilin sentyabr ayında 4 ay müddətinə qaytarmaq şərti ilə İddiaçı 1200 (bir min iki yüz) manat borc almış, lakin borcunu qaytarmamışdır. Cavabdeh 07 dekabr 2023-cü il tarixdə mövcud borcun etirafına dair qəbz yazaraq iddiaçıya vermiş və 2024-cü ilin yanvar ayından hər ay 150 (bir yüz əlli) manat ödəyəcəyini öhdəsinə götürmüşdür. Lakin bundan sonra da cavabdeh borcunu qaytarmaqdan yayınmış və buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üc min manatdan coxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakcısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə iclasında müəyyən edildiyi kimi cavabdeh iddiaçıya olan borcunu razılaşdıqları vaxtadək qaytarmalı olduğu halda, götürdüyü öhdəliyə əməl etməyərək borcunu qaytarmamışdır. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Məhkəmə iclasında cavabdeh iddiaçıdan 1200 (bir min iki yüz) manat pul aldığını etiraf etsə də, həmin pulu qaytardığını göstərmiş, lakin pulu qaytarmasını təsdiq edən mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Bundan başqa, cavabdeh iddiaçıdan 1200 (bir min iki yüz) manat pulu borc olaraq deyil, hər ay faizini ödəmək şərti ilə aldığını göstərsə də həmin halı təsdiq edən sübatlarını məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməsinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu da cavabdehdən alınıb iddiaçıya verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220 və 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1200 (bir min iki yüz) manat borc pul və 32 (otuz iki) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar