Məhkəmə qərarları › İş №2(073)-698/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-698/2025

21.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-698/2025 21.04.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyeva Kəmalə Mehman qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1300 (bir min üç yüz) manat pulun və 33.40 (otuz üç qırx qəpik) manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, Cavabdeh təxminən 8 ay bundan əvvəl ondan 1300 (min üç yüz) manat borc pul istəmiş və o, cavabdehi uzun müddət tanıdığı üçün, yəni orta məktəb dönəmindən hazırlıq yoldaşı olduğu üçün etibar edib 1300 (bir min üç yüz) manat pulu vermək qərarına gəlmişdir. O (iddiaçı), cavabdehə 1300 (min üç yüz) manat pulu verərkən cavabdeh yazlı surətdə özü öz xətti ilə ondan 1300 (bir min üç yüz) manat pul almağına dair qəbz yazmışdır. Lakin hal-hazıra kimi borcunu qaytarmamışdır, son vaxtlar isə qaytarmaqdan imtina etmişdir. Göstərilənlərə əsasən hesab edir ki, iddia tələbi qanuni və əsaslıdır, ona görə də məhkəmə qaydasında təmin olunmasına dair qətnamə çıxarılmalıdır. Buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq, iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etməyərək verdiyi izahatında göstərmişdir ki, ona pul lazım olduğu üçün İddiaçı 1300 manat borc pul almışdır. İşdə olan əlyazma qəbz də ona (cavabdehə) məxsusdur, onun tərəfindən yazılmışdır. Bir il faiz ödəmiş, iddiaçı isə hazırda ondan əsas borcu istəyir. Keçən ilin dekabr ayında 400 manat iddiaçının kartına atmış, hətta əmək haqqı kartını iddiaçıya vermişdir ki, pul çıxarsın, lakin iddiaçı pul çıxara bilməyib və o (cavabdeh), 80 manat və 400 manat da sonradan iddiaçının kartına atmışdır. İddiaçıya olan borcunu ödəyib, borcu qalmayıb. İddianı əsassız hesab edir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın rədd olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslıdır. Məhkəmə, ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. İşdə olan əlyazma qəbzdən görünür ki, Cavabdeh iddiaçı X1 1300 (bir min üç yüz) manat borc pul almışdır. Məhkəmə iclasında tədqiq edilmiş 1 ədəd diskdə yer alan və tərəflər arasında “Whatsapp” platforması üzərindən aparılmış yazışmalardan görünür ki, tərəflər arasında borcla bağlı yazışmalar olmuşdur, iddiaçı cavabdehdən pulunu tələb etmişdir, yazışmanın gedişatında iddiaçının nömrəsindən cavabdehə bank kartının şəkli göndərilmişdir, cavabdeh isə həmin karta 400 manat ödəniş etmiş, qalıq borcunun 400 manat olmasını bildirmiş və onu da növbəti ayın 5-də ödəyəcəyini bildirmişdir. Həmin yazışmalarla bağlı iddiaçı ilə dəqiqləşmə aparılmışdır və məhkəmə tərəfindən verilən suallara cavab olaraq iddiaçı bildirmişdir ki, həqiqətən də həmin yazışmalar baş tutmuşdur, lakin cavabdeh tərəfindən ona ödəniş edilməmişdir. Cavabdeh həmin yazışmaların davamını məhkəməyə təqdim etməmişdir, lakin davamı iddiaçının mobil telefonunda saxlanılır, həmin yazışmaları məhkəməyə təqdim edir. Orada görünür ki, o, cavabdehdən borcu tam məbləğdə tələb edir, bu isə sadə məntiqə əsasən o deməkdir ki, cavabdeh ona ümumiyyətlə hər hansı ödəniş etməyib. Tərəfindən cavabdehə şəkli göndərilmiş kartdan isə tamamilə məlumatsızdır, kart iddiaçıya məxsus deyil. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında şifahi qaydada borc müqaviləsi bağlanılmışdır, iddiaçı özünə məxsus olan 1300 manat pulu cavabdehin mülkiyyətinə vermiş, cavabdeh isə həmin borc pulu qaytarmayaraq müqavilə öhdəliyini icra etməmişdir. Bu hal, yəni iddiaçının cavabdehə 1300 manat pul borc verməsi işin mübahisələndirilməyən halıdır. Cavabdeh borcunu qaytardığını bildirsə də bununla bağlı hər hansı mötəbər və təkzibedilməz sübut təqdim edə bilməmişdir, təqdim etdiyi sübut isə iddiaya etdiyi etirazla bağlı birmənalı nəticəyə gəlməyə imkan verməmişdir. Həmçinin cavabdeh iddiaçının borcu ona faizlə verdiyini, yəni iddiaçının “sələmçilik” adlanan qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu bildirsə də, bu barədə də məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır; - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür; - 742.1-ci maddəsinə görə borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır; - 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür; - 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir; - 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir; - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu da cavabdehdən alınıb iddiaçıya verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1300 (bir min üç yüz) manat pul və 33.40 (otuz üç qırx qəpik) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar