Məhkəmə qərarları › İş №2(073)-706/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-706/2025

23.05.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-706/2025 23.05.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Ərizəçi İddiaçı iştirakı ilə, Ərizəçi İddiaçı 2000-2004-cü illərdə Cəlilabad rayon keçmiş Məmmədrzalı kənd bələdiyyəsində xəzinədar vəzifəsində işləməsi faktının müəyyən olunması tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi İddiaçı işləməsi faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 2004-cü ilin yanvar ayından 2004-cü ilin dekabr ayına kimi Cəlilabad rayon keçmiş Məmmədrzalı kənd bələdiyyəsində xəzinədar vəzifəsində işləməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi İddiaçı məhkəməyə tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərərək, 2000-2004-cü illərdə Cəlilabad rayon keçmiş Məmmədrzalı kənd bələdiyyəsində xəzinədar vəzifəsində işləməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsində göstərilir ki, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında ərizəçi İddiaçı ərizəni müdafiə edərək, verdiyi izahatında bildirdi ki, o, xx xxxxxx 1958-ci il tarixdə Cəlilabad rayonu Məmmədrzalı kəndində doğulmuşdur. Hazırda ailəlidir və ailə üzvləri ilə birlikdə Məmmədrzalı kəndində yaşayır. İlk əmək fəaliyyətinə 1974-cü ildə başlamış və 1996-cı ilin oktyabr ayına kimi sovxoz və kolxozlarda fəhlə işləmişdir. Sonuncu iş yeri isə 2000-2024-cü illərdə Cəlilabad rayon Məmmədrzalı kənd bələdiyyəsi olmuşdur. Belə ki, 2000-ci ildən 2024-cü ilədək Cəlilabad rayon Məmmədrzalı kənd bələdiyyəsində xəzinədar vəzifəsində işləmişdir. Mütəmadi olaraq işə çıxmış və əmək haqqı almışdır. Həmin illərdə Hatəm Əzimov, Mirzağa Dövlətov, Şamil Məmmədov və Mahir Soltanov bələdiyyə üzvi kimi onunla birlikdə işləmişdir. Daha sonra Məmmədrzalı bələdiyyəsi ləğv edilmiş və ləğv edilmiş bələdiyyəni Şorbaçı bələdiyyəsi əvəz etmişdir. O, hazırda yaşa görə əmək pensiyasına çıxmaq istəyir, lakin əmək kitabçası yandığından Məmmədrzalı bələdiyyəsində işləməsi barədə arayış alaraq Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialına müraciət etmişdir. Müraciətinə verilmiş cavab məktubunda qeyd edilmişdir ki, Cəlilabad rayon Məmmədrzalı bələdiyyəsinin sənədləri, yəni əmr və əmək haqqı kitabları arxivə təhvil verilməmişdir və buna görə də, yaşa görə ona pensiya təyin edilməsindən imtina edilmişdir. Daha sonra, iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, işlədiyi illər üzrə pensiya təyin edilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulmasını xahiş etmişdir. X1 Məhkəməsində işə baxılan zaman ona bildirilmiş ki, işləməsinin müəyyən olunması barədə birinci instansiya məhkəməsinə müraciət etməlidir. Bundan sonra o, xüsusi icraat qaydasında, yəni işləməsi faktının müəyyən olunması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Lakin işə baxılan zaman mübahisə olduğu üçün onun ərizəsi baxılmamış saxlanılmış və ona ümumi əsaslarla iddia vermək hüququ izah edilmişdir. Hazırda onun Cəlilabad rayon keçmiş Məmmədrzalı bələdiyyəsində xəzinədar işləməsi barədə arxiv sənədləri tapılmasa da, 2000 və 2004-cü illərə aid əmək haqqı cədvəli olmuş və həmin illərdə işləməsini həmin vaxt onunla işləmiş şahidlər təsdiq edə bilərlər. Qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan Cəlilabad rayon Şorbaçı bələdiyyəsi tərəfindən verilmiş 29 mart 2024-cü il tarixli, 11 nömrəli məktubundan görünür ki, İddiaçı 2000-2004-cü illərdə Cəlilabad rayon Məmmədrzalı kənd bələdiyyəsində işləmiş, Məmmədrzalı kənd bələdiyyəsi ləğv olunandan sonra, ləğv olunmuş bələdiyyənin sənədləri Şorbaçı bələdiyyəsinə təhvil verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etiazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxsin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 308-ci maddəsinin tələblərinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 3 saylı qərarına əsasən, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 13.2-ci bəndinə əsasən, Əmək stajını təsdiq edən sənədlər ( əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Həmin Qərarın 13.3-cü bəndinə əsasən əmək kitabçasında və iş stajını təsdiq edən digər sənədlərdə işçinin əmək fəaliyyətinin qeyd edilməsinə baxmayaraq, həmin dövrün müxtəlif səbəblərdən sosial sığorta stajı kimi nəzərə alınmaması barədə DSMF orqanlarının imtinası həmin dövrün iş stajının hüquqi əhəmiyyətli fakt kimi məhkəmə qaydasında müəyyən edilməsi üçün əsas deyildir. Bu halda, həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla, müvafiq pensiyanın təyin edilməsi üçün DSMF orqanlarına qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırılmalı və həmin sənədlərin mötəbərliyinə həmin icraatda qiymət verilməlidir. Həmin Qərarın 13.4-cü bəndinə əsasən əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsinə əsasən əmək pensiyası şəxsin (ərizəçinin) daimi yaşadığı yer, qaçqın və məcburi köçkünlərin isə məskunlaşdıqları yer üzrə məcburi dövlət sosial sığortası, pensiyalar və pensiyalara əlavələr sahəsində idarə etməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanları tərəfindən təyin edilir. Əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında sosial sığorta stajı müəyyən edilir. Göründüyü kimi, qanunverici əsas zəruri şərt kimi ərizəçinin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsini, yaxud itirilmiş sənədlərin bərpasının mümkün olmadığını müəyyən etmişdir. Lakin ərizəçi tərəfindən ərizəçinin işlədiyi, iddia etdiyi dövrlər üzrə (2000-2004) təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallar baş verməmiş və ya bununla bağlı hər hansı bir sənəd, sübut təqdim edilməmişdir. Bundan əlavə olaraq ərizəçi izahatında 2000-2004-cü illərdə işləməsini və həmin illərə aid əmək haqqı cədvəli olduğunu qeyd etmişdir. Hansı ki, qeyd olunan hal işə mülki məhkəmə icraatı qaydasında baxılmanı istisna edən haldır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizəçi İddiaçı 2000-ci ildən 2024cü ilədək Cəlilabad rayon keçmiş Məmmədrzalı kənd bələdiyyəsində xəzinədar vəzifəsində işləməsi faktının müəyyən olunması tələbi təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, ərizəçi İddiaçı 2000-2004-cü illərdə Cəlilabad rayon keçmiş Məmmədrzalı kənd bələdiyyəsində xəzinədar vəzifəsində işləməsi faktının müəyyən olunması tələbi əsassız olduğundan təmin edilməməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 311-ci maddələrini rəhbər tutaraq məhkəmə… Qət etdi: Ərizəçi İddiaçı 2000-2004-cü illərdə Cəlilabad rayon keçmiş Məmmədrzalı kənd bələdiyyəsində xəzinədar vəzifəsində işləməsi faktının müəyyən olunması tələbi əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar