Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-707/2025 24.04.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyeva Kəmalə Mehman qızının katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı müqavilənin ləğv edilməsi və borcun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı müqavilənin ləğv edilməsi və borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 4430 saylı müqavilənin ləğv edilməsi, müqavilənin predmeti olan avtomobilin geri verilməsi, əks təqdirdə avtomobilin geri verilməməsi səbəbindən dəymiş zərərin əvəzi kimi 21582.76 (iyirmi bir min beş yüz səksən iki manat yetmiş altı qəpik) manat pulun və dövlət rüsumu qismində ödənilmiş 154.75 (yüz əlli dörd manat yetmiş beş qəpik) manat pulun Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi məhkəməyə ərizə göndərərək mülki işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC xx.xx.2011-ci il tarixli, ********** saylı Nizamnamə əsasında fəaliyyət göstərən və vergi ödəyicisi olan hüquqi şəxsdir. Onun əsas fəaliyyəti avtomobillərin alqı-satqısı ilə məşğul olmaqdır. "xxxx" MMC və X2 arasında xx.xx.2023-cü tarixli, 4430 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC-nin mülkiyyətində olan “KİA OPTİMA” minik markalı, 2012-ci il buraxılışlı, sedan tipli, KNAGN419BDA298912 şassi nömrəli, qara rəngli, **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobil ilkin ödəniş 9000 (doqquz min) manat, 36 ay müddətinə hər ay üzrə 770 (yeddi yüz yetmiş) manat ödəniş etməklə cəmi 36697.06 (otuz altı min alti yüz doxsan yeddi manat altı qəpik) manata satılmışdır. Müqavilənin şərtlərinə uyğun olaraq X2 “KİA OPTİMA” minik markalı, 2012-ci il buraxılış, sedan tipli, KNAGN419BDA298912 şassi nömrəli qara rəngli, **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün ilkin ödəniş 9000 (doqquz min) manat, 14 ay 770 (yeddi yüz yetmiş) manat, xx.xx.2024-cü il tarixdə 8 (səkkiz) manat olmaqla cəmi 19788 (on doqquz min yeddi yüz səksən səkkiz) manat ödəniş etmişdir. xx.xx.2024 tarixində X1 avtomobili Cavabdeh satmışdır. Sonuncu müqavilə öhdəliklərini yerinə yetirməyərək xx.xx.2024 -cü il tarixdən "xxxx" MMC-yə heç bir ödəniş etməmişdir. Beləliklə, xx.xx.2024-cü il tarixdən "xxxx" MMC- yə heç bir ödəniş etməyərək 16909.06 (on altı min doqquz yüz doqquz manat altı qəpik) manat məbləğində əsas borcu qalmışdır. Cavabdehə dəfələrlə şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, bu günədək müqavilə üzrə öhdəlikləri icra etməmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh müqavilə öhdəliklərini lazımınca icra etməməyi səbəbindən aşağıda göstərilən pul tələbləri yaranmışdır: xx.xx.2024 tarixli, 4430 saylı “Əşyanın nisyə alqı-satqısı haqqında” müqavilə üzrə: Müqavilənin 4.5-ci bəndinə əsasən hər aylıq ödənişin gecikdirildiyi halda avtomobilin təhvil verdiyi günə qədər gecikdirdiyi hər gün üçün 50 (əlli) manat məbləğində icarə haqqı ödənilməlidir. Belə ki, müqavilənin predmeti olan avtomobilin ödənişini xx.xx.2024-cü il tarixdən iddia yazılan günədək 81 gün istifadə edərək təhvil vermədiyindən gecikdirildiyi hər gün üçün 50 (əlli) manat məbləğində icarə (81x50=4050) haqqı hesablanmaqla 4050 (dörd min əlli) manat məbləğində icarə haqqı yaranmışdır. Həmin müqavilənin 4.6-cı bəndinə əsasən aylıq ödənişin gecikdirildiyi hər gün üçün ödəməli olan ödənişin 1%-i məbləğində cərimə ödənilməlidir və müqavilənin predmeti olan avtomobilin ödənişini xx.xx.2024-cü il tarixdən pretenziya yazılan günədək 81 gün istifadə edərək ödənişi etmədiyindən gecikdirildiyi hər gün üçün ödəməli olduğu aylıq ödənişin 1%-i məbləğində cərimə hesablanılmaqla 623.70 (altı yüz iyirmi üç manat yetmiş qəpik) manat məbləğində cərimə pulu hesablanmışdır. Göstərilən pul tələblərinin ümumi məbləği 21582.76 manat (iyirmi bir min beş yüz səksən iki manat yetmiş altı qəpik) təşkil edir. Qalan borcun ödənilməsi barədə dəfələrlə Cavabdeh şifahi xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş və "xxxx" MMC-yə heç bir ödəniş etməmişdir. Bu səbəbdən borclunun təqdim etdiyi ünvana “Pretenziya” məktubu ünvanlanaraq borcun 10 iş günü ərzində ödənilməsi tələb olunmuş, lakin borclu bu tələbə də məhəl qoymamışdır. Müqavilənin 8.1.1-ci bəndinə əsasən Alıcı bu müqavilə üzrə öhdəliklərini tam yerinə yetirmədikdə və ya müqavilənin digər şərtlərini pozduqda avtomaşın onun müvəqqəti sahibliyindən mübahisəsiz geri qaytarılır, bu müddətə qədər ödədiyi heç bir məbləğ geri qaytarılmır. Eyni zamanda müqavilənin 8.1.2-ci bəndinə əsasən Alıcı bu müqavilə üzrə öhdəliklərini tam yerinə yetirmədikdə və ya digər səbəblərdən avtomaşın geri alındıqda və ya qaytarıldıqda 5 (beş) gün ərzində borcunu ödəməzsə Satıcı birtərəfli qaydada müqaviləni ləğv edib avtomaşını başqa şəxsə satmaqda haqlıdır. Buna görə də iddiaçı Cəmiyyət hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslıdır. Belə ki, işdə olan iddiaçı cəmiyyətlə Cavabdeh arasında bağlanılmış xx.xx.2024 tarixli, 4430 saylı “Əşyanın nisyə alqı-satqısı haqqında” müqavilədən görünür ki, "xxxx" MMC-nin mülkiyyətində olan “KİA OPTİMA” minik markalı, 2012-ci il buraxılışlı, sedan tipli, KNAGN419BDA298912 şassi nömrəli qara rəngli, **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobil, ilkin ödəniş 9000 (doqquz min) manat və 36 ay müddətinə hər ay 770 (yeddi yüz yetmiş) manat ödəniş etmək şərtilə cəmi 36697.1 (otuz altı min altı yüz doxsan yeddi manat 10 qəpik) manata cavabdehə satılmışdır. İşdə olan xx.xx.2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh "xxxx" MMC-dən həmin avtomobili təhvil almışdır. İşdə olan xx.xx.2024-cü il tarixli əlyazmadan görünür ki, X2 iddiaçıdan kreditlə aldığı **-AR-*** nömrəli avtomobili cavabdehə satmışdır, müqavilənin cavabdehin adına keçirilməsinə etiraz etməmişdir. İşdə olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, mübahisələndirilən avtomobil iddiaçının mülkiyyətindədir. İşdə olan maliyyə arayışından görünür ki, Cavabdeh iddiaçı cəmiyyətə 16909.06 (on altı min doqquz yüz doqquz manat altı qəpik) manat məbləğində əsas borcu, 4050 (dörd min əlli) manat məbləğində icarə haqqı, 623.70 (altı yüz iyirmi üç manat yetmiş qəpik) manat məbləğində cərimə olmaqla cəmi 21582.76 (iyirmi bir min beş yüz səksən iki manat yetmiş altı qəpik) manat borcu vardır. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, iddiaçı cəmiyyətlə Cavabdeh arasında bağlanmış xx.xx.2024 tarixli, 4430 saylı “Əşyanın nisyə alqı-satqısı haqqında” müqaviləyə əsasən iddiaçının mülkiyyətində olan “KİA OPTİMA” minik markalı avtomobil ilkin ödəniş 9000 (doqquz min) manat olmaqla və 36 ay müddətinə hər ay 770 (yeddi yüz yetmiş) manat ödəniş etmək şərtilə cəmi 36697.1 (otuz altı min alti yüz doxsan yeddi manat on qəpik) manata cavabdehə satılmışdır. Cavabdeh xx.xx.2024-cü il tarixdən iddiaçıya heç bir ödəniş etməmiş, nəticədə onun iddiaçı cəmiyyətə 16909.06 (on altı min doqquz yüz doqquz manat altı qəpik) manat məbləğində əsas borcu, 4050 (dörd min əlli) manat məbləğində icarə haqqı, 623.70 (altı yüz iyirmi üç manat yetmiş qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 21582.76 iyirmi bir min beş yüz səksən iki manat yetmiş altı qəpik) manat borcu yaranmışdır. Cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq, bu günədək müqavilə üzrə öhdəlikləri icra etməmişdir. Buna görə də iddiaçı cəmiyyət hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu mənada, öhdəliyin pozulması öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh hərəkətləri nisyə alğı-satqı müqaviləsindən yaranmış öhdəliyin pozulması kimi qiymətləndirilməlidir. Müqavilənin ləğvinin məhkəmədən kənar qaydada – qarşı tərəfə bu barədə iradə ifadəsinin bildirilməsi ilə baş tutmalı olmasına münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı cavabdehə pretenziya bildirişi göndərdiyini bildirsə də iş materiallarında həmin pretenziya yer almamışdır, həmçinin iddia ərizəsinə əlavə edilmiş sənədlərin siyahısında “pretenziya” göstərilməmişdir ki, buna görə də müqavilənin ləğvinin məhkəmə qaydasında həyata keçirilməsini məhkəmə məqsədəmüvafiq hesab etmişdir. Əsas borcdan əlavə digər məbləğlərin – icarə haqqı və cərimə məbləğlərinin ödənilməsi əsası və hesablanması qaydası ilə bağlı məhkəmə qeyd edir ki, zərərin əvəzini tələb etmək hüququ tərəflər arasında bağlanmış müqavilənin şərtlərindən irəli gəlmişdir. Belə ki, müqavilənin 4.5-ci bəndinə görə Alıcı avtomobilə görə aylıq ödənişləri gecikdirdiyi halda avtomobili götürdüyü və ya təhvil aldığı gündən təhvil verdiyi günə qədər Satıcıya Bakı şəhəri “rent a car” şirkətlərinin qiymətinə uyğun olaraq avtomobilin marka və modelinə aid hər gün üçün 50-100 manat civarında istifadə haqqı ödəməlidir. Bundan başqa, həmin müqavilənin 4.6-cı bəndinə əsasən Alıcı avtomobilə görə aylıq ödəniş qrafiki üzrə borcu bağladığı günə qədər gecikdirdiyi hər gün üçün hər ayın aylıq ödənişinin 1%-i məbləğində cərimə ödəyir. Müqavilənin qeyd olunan şərtləri ilə hesablanmış zərər və cərimənin məbləğinə münasibətdə məhkəmə hesab edir ki, həmin məbləğlər adi riyazi hesablamaya əsaslanmaqla iddiaçı tərəfindən düzgün müəyyən edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu da cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırlamı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ilə iddiaçı "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü tarixli, 4430 saylı “Əşyanın nisyə alqı-satqısı haqqında” müqavilə ləğv edilsin, cavabdehdən həmin müqavilənin predmeti olan avtomobil alınaraq iddiaçıya verilsin, avtomobilin qaytarılması qeyri-mümkün olduğu halda isə cavabdehdən 21582.76 (iyirmi bir min beş yüz səksən iki manat yetmiş altı qəpik) manat pul alınaraq iddiaçı "xxxx" MMC-nə verilsin. Cavabdehdən 154.75 (yüz əlli dörd manat yetmiş beş qəpik) manat dövlət rüsumu tutularaq iddiaçıya verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev
Məhkəmə qərarları › İş №2(073)-707/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-707/2025
24.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver