Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-750/2025 11.04.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyeva Kəmalə Mehman qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair məhkəməyə müraciət edərək, Cavabdeh 11300 (on bir mln üç yüz) manat məbləğində pul və tərəfindən ödənilmiş 125 (yüz iyirnj beş) manat dövlət rüsumunun alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinə əsasən, iddiaçı xx xxxx 1988-ci il tarixində Cəlilabad rayonu, Üçtəpə kəndində doğulmuşdur. Hazırda ailə üzvləri ilə birlikdə həmin kənddə yaşayır. Üçtəpə kəndində özlərinə məxsus torpaq sahəsində kartof əkib-becərmək işi ilə məşğul olmaqla ailəsini dolandırır. 2023-cü ilin may ayında Cəlilabad rayonu, Kazımabad kənd sakini Cavabdeh onların yaşadıqları Üçtəpə kəndinə gəlib ona və qardaşı Rəşad Muradova “nə qədər kartof olsa alaram” sözünü deyəndən sonra onlar onun təklifi ilə razılaşmışlar. Həmin vaxt o və qardaşı Rəşid Qoşqara 96000 manat dəyərində kartof satmışlar, həmin pulun 45000 manatını Qoşqar onlara vermiş, 56000 manat borclu qalmışdır. Daha sonra Qoşqar 10000 manat həmin borcdan ödəniş etmiş, 46000 manat pul borclu qalmışdır. Bundan sonra Qoşqar toxumluq kartof vermiş, aralarındakı borcu 11300 manat endirmiş, daha sonra Qoşqar gəlib vəziyyətinin pis olduğunu, borcudan bir az güzəşt etməsini, qalan borcu da 2023-cü ilin mart ayında tam bağlayacağnı xahiş etdiyi üçün o da “11300 manat borcdan 7500 manatı 2023-cü ilin mart ayına kimi ödəsən 3800 manat borcdan keçəcəm” demişdir. Cavabdeh bu günə kimi ona olan 7500 manat borcunu qaytarmamışdır. Cavabdeh vədinə əməl etmədiyinə görə o da 3800 manat pulu ona güzəş etməmişdir. Hazırda 11300 manat pulu ona qaytarmamışdır. Bu hadisə barədə məlumatı olan və görən kənd sakinləri - şahidləri var, bundan başqa səs yazılarını və video görüntülərini məhkəmə gedişində təqdim edəcək. O, cavabdehdən borclu olduğu pulu qaytarmasını dəfələrlə tələb etsə də, cavabdeh hər dəfə bəhanələr gətirərək borcunu qaytarmaqdan imtina etmişdir. Bu səbəbdən məhkəməyə müraciət etməli olmuşdur. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi (vəkili) Nümayəndə iddianı qəbul etməyərək verdiyi izahatında göstərmişdir ki, cavabdehin İddiaçı ilə heç bir ədavəti olmamışdır. İddia ərizəsinə, polis şöbəsində tərəflərin verdikləri izahatlara, həmçinin iddiaçının vəsatəti ilə məhkəmə iclasında şahid qismində ifadələri alınmış şəxslərin ifadələrinə baxdıqda görünür ki, xeyli qeyri-müəyyənliklər var. Belə ki, polis şöbəsində vermiş olduğu izahatında iddiaçının göstərdiyi məbləğləri, yəni cavabdehin ödədiyi məbləğləri topladıqda çox aşağı məbləğdə - 534 manat borc yarandığı görünür. Cavabdehin polis şöbəsində vermiş olduğu izahatında iddiaçıya yox, onun qardaşına borclu olması görünür. Həmçinin ifadələri alınmış şahidlərin böyük əksəriyyətinin mahiyyətcə iddiaçı olmaları görünür, çünki hər biri iddiaçının və ya cavabdehin onlara borclu olmasını göstərmişdir. Hesab edir ki, iddia ilə bağlı hər hansı mötəbər, təkzibedilməz sübut yoxdur. İddianın rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını, şahid ifadələrini dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsassızdır. Belə ki, məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində ifadəsi alınmış X8 bildirmişdir ki, özünün kartof sahəsi var, kartof əkib-becərməklə və satmaqla məşğul olur. 10 ton kartofu, kilosu 30 qəpikdən cavabdeh Qoşqara satmışdır. Qoşqara kartofu iddiaçının və onun qardaşının vasitəsilə satmışdır. Almalı olduğu 3 min manat puldan 2330 manatını alıb, 670 manat Qoşqar ona borclu qalıb. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində ifadəsi alınmış X2 verdiyi ifadəsində göstərmişdir ki, o, Qoşqarı iddiaçı və onun qardaşına görə tanımışdır. Qoşqara 30 qəpikdən 7.6 ton toxumluq kartof vermişdir.Həmin kartofa görə hazırda Qoşqarın ona 320 manat borcu vardır. Yerdə qalan 1950 manatın əvəzində isə iddiaçı ona kartof tumu vermişdir. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində ifadəsi alınmış X6 verdiyi ifadəsində göstərmişdir ki, o, Üçtəpə kəndində kartof əkir. Qoşqara 30 qəpikdən 12.5 ton kartofu cəmi 3265 manat qarşılığında satmışdır. Kartofu çəkib Qoşqara təhvil verib. Pulundan hissə-hissə almış, hazırda Qoşqarın ona 485 manat borcu vardır. Peymanla Qoşqarın səs yazıları da var. Peyman zamin durduğu üçün pulu Peymandan tələb edir. Hətta məsələ ilə bağlı iddiaçı və onun qardaşı ilə birgə Keşləyə də gedib, orada Qoşqar və şəriki Rəşad da olmuş, heç kimin xəbəri olmadan gizli olaraq onların səsini yazmışdır. Səsi özü üçün yazıb, lakin heç kimə bu barədə deməyib. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində ifadəsi alınmış X9 verdiyi ifadəsində göstərmişdir ki, Peyman onun qardaşı, şahidlər isə həmkəndliləridir. Qoşqar öz qonşusu Şükür ilə “keşlə bazarı”nda alver edir. Bilikdə alver etmişlər, ona qarşı etibarı yaranmışdır. 2023-cü ilin may ayında qardaşı olan iddiaçı ilə Qoşqara 96 min manatlıq kartof satmışlar. Bir neçə dəfə müxtəlif məbləğlərdə olmaqla cavabdeh borcunu qaytarmışdır, hazırda cavabdehin iddiaçıya 11300 manat borcu var. Vaxtında ödəniş etsə idi ona 3800 manat güzəşt edəcəkdi, hazırda ona güzəşt etmir və tam məbləği tələb edir. Bu məsələyə görə məcbur qalıb bankdan kredit də götürüb, hazırda 6 min manat kredit borcu da var. Qoşqarın borcu birgə borcdur, yəni iddiaçıya və ona (şahidə) olan birgə borcudur, qardaşı müraciət etdiyinə görə özü iddia qaldırmamışdır. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində ifadəsi alınmış X5 verdiyi ifadəsində göstərmişdir ki, o (şahid) da əkinçiliklə məşğul olur. İddiaçının əkin sahəsi ilə qonşuluqdadır öz sahəsi. O, Peymana kilosu 30 qəpikdən 15 ton kartof vermişdir. Peymanın ona 2500 manat borcu vardır. Qoşqarla birbaşa əlaqəsi yoxdur, Peymanın vasitəsilə onu tanımışdır. 2500 manatı Peymandan tələb edir. Ona (iddiaçıya) qarşı ona görə iddia qaldırmayıb ki, hər dəfə iddiaçı cavabdehin səs yazılarını, yazışmalarını ona (şahidə) göstərirdi və o (şahid) da başa düşürdü ki, Qoşqar pulu Peymana ödəməyib. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində ifadəsi alınmış X10 verdiyi ifadəsində göstərmişdir ki, iddiaçı onun qohumu və həmkəndlisidir. 2023-cü ildə Qoşqara kartof vermişdir. Kartofun dəqiq çəkisi yadında deyil. Hazırda Qoşqarın ona 615 manat borcu vardır. Kartofu Qoşqara satmış, ondan da pulunu tələb edir. Qoşqardan dəfələrlə pulunu tələb etmişdir, hər dəfəsində müxtəlif bəhanələrlə Qoşqar yalan vədlər vermişdir. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində ifadəsi alınmış X3 verdiyi ifadəsində göstərmişdir ki, iddiaçı onun çəpər qonşusudur. O, Qoşqarı iki ildir ki, Peyman vasitəsilə tanımışdır. 8.5 ton kartofu iddiaçının vasitəsilə cavabdehə satıb, 1835 manatı alıb, pulu Peyman ona verib, hazırda Peymanın ona 715 manat borcu vardır. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində ifadəsi alınmış X11 verdiyi ifadəsində göstərmişdir ki, iddiaçı onun qohumu, həm də qoşusudur. O, Qoşqarı mal verəndə tanımışdır. Əvvəllər də Qoşqara mal vermişdir. Hazırda Qoşqarın ona 390 və ya 395 manat borcu vardır, dəqiq xatırlamır. Pulun digər hissəsini isə Qoşqar ona müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə olmaqla verib. Hər dəfə pulunu tələb edəndə Qoşqar ona müxtəlif vədlər verərək aldatmışdır. İşdə olan Cəlilabad rayon Polis Şöbəsinin təhqiqatçısı X4 xx.xx.2025-ci il tarixli, HK- 1-3445 saylı “Cinayət işinin başlanılmasının rədd edilməsi barədə” qərarından görünür ki, İddiaçı müraciəti əsasında araşdırma aparılmış və araşdırmanın nəticəsi olaraq mübahisənin mülki xarakterli olması göstərilərək məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Həmin qərardan görünür ki, Cavabdeh verdiyi izahatında göstərmişdir ki, onun İddiaçı ilə heç bir ədavəti olmamışdır. O, yay aylarında vətəndaşlardan kartof alıb Rusiya Federasiyasında satmaqla məşğul olur. 2022-ci ilin yay aylarında Cəlilabad rayonu, Üçtəpə kənd sakini X13 ilə görüşüb ona, satmaq üçün kartof yığmaq istədiyini demişdir. Rəşid də ona “onun sahələri var, nə qədər kartof istəsə verə bilər” sözünü deyəndə onunla razılaşmışlar. Rəşid ona ümumilikdə 96 000 manat dəyərində kartof vermiş, o da həmin məbləğdən 40 000 manat pulu Rəşidə nağd olaraq ödəmiş, qalan 56 000 manat pulu isə kartofu apanb Rusiya Federasiyasında satdıqdan sonra pulu ona verəcəyini deyəndə onlar razılaşmış, o, Rəşiddən aldığı kartofu Rusiya Federasiyasına aparan zaman məhsulun çoxu yolda çürümüş, qalan hissəsini bazarda satışa çıxaran zaman kartofu istədiyi qiymətə sata bilmədiyi üçün ziyana düşmüş, həmin vaxt o, Rəşidə zəng edib vəziyyəti bildirmişdir. Rəşid isə ona “sənin ziyanına şərik olaram” sözünü demişdir. Hazırda onun Rəşidə 1200 manat borcu vardır. Onun İddiaçı isə borcu yoxdur. Məhkəmə iclasında tədqiq edilmiş və iddiaçı, onun qardaşı (şahid) və cavabdeh arasında baş tutmuş səs yazılarından görünür ki, iddiaçı cavabdehdən pulu ödəməsini tələb edir, cavabdeh isə pulu ödəyəcəyini bildirir. Məhkəmə, ilk növbədə, nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında şifahi formada nisyə alqısatqı müqaviləsi bağlanılmışdır. Tərəflər arasında kartof alqı-satqısının baş tutması, iddiaçının vasitəçilik edərək özünün və bir neçə şəxsin (şahidlərin) kartof məhsulunu bilavasitə və ya mal sahiblərinin (şahidlərin) özlərinin vasitəsilə cavabdehə satması işin mübahisələndirilməyən halı olsa da, hazırda həmin məhsula görə cavabdehin hansı məbləğdə borclu qalması, eləcə də məhz iddiaçıya borclu qalması məhkəmə iclasında müəyyən edilməmişdir, bu hissədə iddiaçı sübutetmə yükü daşısa da hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. İfadələri alınmış şahidlərin bir hissəsi kartofu bilavasitə cavabdehə satdıqlarını və pullarını da məhz ondan tələb etdiklərini, digər hissəsi isə iddiaçının vasitəsilə mallarını cavabdehə satdıqlarını və pullarını iddiaçıdan tələb etdiklərini bildirmişdirlər. Həmçinin iddia ərizəsində iddiaçının malın dəyəri qismində göstərdiyi və cavabdeh tərəfindən ödənilən məbləğlər arasında ziddiyyət yaranmışdır – adi riyazi hesablama ilə həm ödənilmiş borc məbləğində, həm də tələb edilən məbləğ arasında ciddi uyğunsuzluq aşkar edilmişdir. İşin digər faktiki halı isə ondan ibarət olmuşdur ki, tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsinin satıcı olan tərəfi əslində iddiaçı deyil, onun qardaşı, həmçinin şahidlər olmuşdur ki, bu da iddiaçının subyektiv hüququ ilə bağlı məhkəmədə əsaslı şübhələr yaratmışdır. Bu hal cavabdehin polis şöbəsində verdiyi izahatından da görünür – o, iddiaçıya deyil, iddiaçının qardaşı Rəşidə 1200 manat borcunun olduğunu, iddiaçıya isə borcunun olmadığını bildirmişdir. X1 tərəfindən tərəflərin mübahisə ilə bağlı görüşü zamanı gizli şəkildə onların səsini yazması və daşıyıcıda məhkəməyə təqdim etməsi ilə bağlı isə məhkəmə qeyd etməyi zəruri bilir ki, həmin danışıqlarda məhz cavabdehin məhz 11300 manat borclu olması halı müəyyən edilmir, həm də həmin səs qeyri-qanuni yolla – cavabdehin xəbəri olmadan yazılmışdır ki, bu da həmin səs yazısının sübut kimi qiymətləndirilməsini qeyri-mümkün etmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. İş üzrə ödənilmiş 125 (bir yüz iyirmi beş) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev
Məhkəmə qərarları › İş №2(073)-750/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-750/2025
11.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver