Məhkəmə qərarları › İş №2(073)-763/2023

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-763/2023

04.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-763/2023 04.04.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Feyzullazadə Əli Elşən oğlunun katibliyi ilə, İddiaçı MMC-in cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun ödənilməsi tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Cəlilabad Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun ödənilməsi barədə iddia verərək, İddiaçı MMC ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış RFH000480 saylı, xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə nisyə satılmış mala görə 1470 (bir min dörd yüz yetmiş) manat əsas borc, 301 (üç yüz bir) manat faiz borcu, ümmilikdə 1771 (bir min yeddi yüz yetmiş bir) manat borcun və 38.11 (otuz səkkiz manat on bir qəpik) manat dövlət rüsumunun cavabdehlərdən tutularaq İddiaçı MMC-in hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, İddiaçı MMC (Dalğa-94) ilə Cavabdeh1 arasında bağlanmış və Cavabdeh2 zaminliyi ilə təmin edilmiş xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 iddiaçı cəmiyyətdən 1470 manat dəyərində olan 1 ədəd “Samsung” markalı televizor nisyə almış və aldığı əşyanın dəyərini 3 ay ərzində ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilə şərtlərinə riayət etməyərək alqı-satqı müqaviləsinin şərtlərini pozaraq pulu ödəməmiş, nəticədə iddiaçı cəmiyyətə hazırkı borcu yaranmışdır. İddiaçı tərəfindən xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər borcu ödəməkdən imtina etmişdirlər. İddiaçı cəmiyyət qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin olunmalıdır. Belə ki, işdə olan Cavabdeh2 zaminliyi ilə təmin edilmiş xx.xx.2021-ci nisyə alqısatqı müqaviləsindən görünür ki, Cavabdeh1 İddiaçı MMC-dən (Dalğa-94) 1470 manat dəyərində televizor almış və aldığı əşyanın dəyərini 3 ay ərzində ödəməyi öz öhdəsinə götürmüşdür. İşdə olan bildirişdən görünür ki, iddiaçı cəmiyyət tərəfindən yaranmış borcun ödənilməsi cavabdehdən tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsinin verilməsi üçün 37.71 (otuz yeddi manat yetmiş bir qəpik) manat dövlət rüsumu və 0.40 (qırx qəpik) manat xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunan Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, iddiaçı cəmiyyətə olan borc cavabdehlərdən alınaraq iddiaçı cəmiyyətə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 37.71 (otuz yeddi manat yetmiş bir qəpik) manat dövlət rüsumu və 0.40 (qırx qəpik) manat xidmət haqqı da onun xeyrinə cavabdehlərdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1470 (bir min dörd yüz yetmiş) manat əsas borc, 301 (üç yüz bir) manat faiz borcu, ümumilikdə 1771 (bir min yeddi yüz yetmiş bir) manat borc, 37.71 (otuz yeddi manat yetmiş bir qəpik) manat dövlət rüsumu və 0.40 (qırx qəpik) manat xidmət haqqı tutularaq İddiaçı MMC-nin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar