Məhkəmə qərarları › İş №2(073)-791/2024

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-791/2024

12.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-791/2024 12.06.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi (böyük icra məmuru) X2, Cavabdeh iştirakı ilə, İddiaçı Cəlilabad rayonu İcra və Probasiya Şöbəsinin Cavabdeh qarşı vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh elektron nəzarət qurğusunun dəyəri olan 2277.40 manat alınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Cəlilabad rayonu İcra və Probasiya Şöbəsinin nümayəndəsi (böyük icra məmuru) X4 iddianı müdafiə edərək izahatında bildirdi ki, cavabdeh Abıyev X1 rayon Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli, 1(073)-201/2022 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökmün icrası İddiaçınə həvalə edilmişdir. Məhkəmə hökmü və hökmün icrası barədə hakimin göstərişi 27 oktyabr 2022-ci il tarixdə İddiaçı icraatına daxil olmuş və məhkum müvafiq qaydada qeydiyyata götürələrək onun barəsində şəxsi iş açılmışdır. Bundan soran 02 noyabr 2022-ci il tarixdə o, məhkumun iştirakı ilə məhkəmə hökmünün tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin məhkumdan tutulacağı izah edilmiş və bu barədə müvafiq protokol tərtib edilmişdir. 28 noyabr 2022-ci il tarixdə müvafiq protokol və izahatla bir ədəd mobil nəzarət qurğusu, bir ədəd elektron qolbaq, bir ədəd adaptor məhkum hazırki iş üzrə Cavabdeh quraşdırılaraq təhvil verilmişdir. Bu nəzarət avadanlığının istifadə qaydaları cavabdehə təkrar-təkrar izah edilmiş, bu avadanlığa görə üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. Məhkum Abıyev X3 olan zaman ona tətbiq edilmiş elektron nəzarət vasitəsinə onun tərəfindən baxış keçirilmiş və baxış zamanı mobil qurğunun işlət vəziyyətdə olmadığı aşkar edildiyindən məhkuma tətbiq edilmiş ENV 09 yanvar 2024-cü il tarixdə yenisi ilə əvəz edilmiş, eyni zamanda Ədliyyə Nazirliyindən təqdim olunmuş müvafiq rəyə əsasən nəzarət vasitəsinin yararsız vəziyyətə düşdüyü müəyyən edilmişdir. Belə olan halda hesab edir ki, cavabdehin günahından, yəni lazımınca məsuliyyətli olmadığındna elektron nəzarət qurğusu yararsız vəziyyətə düşmüş və onlara maddi ziyan dəymişdir. Nazirliyin verdiyi maliyyə arayışa görə həmin avadanlığın dəyəri 2277,40 manat təşkil edir. Buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Qeyd edilənlərin nəzərə alınaraq Cavabdeh təhkim edilmiş “Attenti” markalı elektron nəzarət vasitəsi olan mobil telefonun dəyəri olan 2277.40 manat pulun ondan (cavabdehdən) tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahatında bildirdi ki, o, elektron nəzarət qurğusuna bilərəkdən ziyan vurmamışdır. O, evdə stula əyləşən zaman elektron nəzarət qurğusu şalvarının arxa cibində qalmış, fikirli olduğundan qurğunu cibindən götürməmiş və eləcə də əyləşmişdir. Bu səbəbdən də həmin qurğu qeyri-işlək vəziyyətə düşmüşdür. Halhazırda borcunu ödəməyə imkanı yoxdur. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan 20 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, Cavabdeh tətbiq edilmiş elektron nəzarət vasitəsinə baxış keçirilmiş və baxış zamanı məhkumun ayağında olan qolbağın klipisin daxilindən qolbağın qırılması müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Probasiya Xidməti Elektron Monitorinq İdarəsinin 23 yanvar 2024-cü il tarixli texniki rəyinin surətindən görünür ki, “Attenti” markalı elektron nəzarət vasitəsinə zərbə nəticəsində ana platada elektron elementi qopmuşdur. Təmiri mümkün deyildir. İstifadəyə tam yararsızdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maliyyə və təminat idarəsi tərəfindən təqdim edilmiş qiymət cədvəlindən görünür ki, xüsusi proqram təminatlı mobil nəzarət qurğusunun dəyəri 2277.40 manat təşkil edir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı tərəfindən ona təhkim olunmuş elektron nəzarət vasitəsi olan mobil telefonu yarasız hala salaraq iddiaçıya 2277.40 manat məbləğində ziyan vurmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuşşəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyəşəraitindəəldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir (hərəkət və ya hərəkətsizlikdir); Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 aprel tarixli, 144 nömrəli qərarı ilə təsdiq edilmiş “Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə elektron nəzarət vasitələrinin tətbiqi Qaydaları”nın 7.5-ci bəndinə əsasən tətbiq olunan elektron nəzarət vasitəsi yararsız hala düşdükdə və ya fəaliyyətində nasazlıqlar müşahidə olunduqda, o yenisi ilə əvəz edilə bilər. Bunun üçün icra məmuru (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsi nasaz avadanlığa onu çıxarmadan baxış keçirməli və onun bilərəkdən korlanmaması aşkar olunduqda, dəyişdirilməsi barədə qərar verməlidir. Belə halda, icra məmuru (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsi bu Qaydaların 7.4-cü bəndində göstərilən tədbirləri yerinə yetirir. Nəzarət subyekti elektron nəzarət vasitəsini zədələdikdə və ya digər üsullarla yararsız vəziyyətə saldıqda, həmin vasitənin dəyəri ondan tutulur. Məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq iddia tələbi üzrə belə nəticəyə gəlir ki, məhkəmə prosesi zamanı cavabdeh tərəfindən xüsusi proqram təminatlı mobil nəzarət qurğusunun yararsız vəziyyətə salınmasına görə iddiaçıya 2277.40 manat zərərin vurulması təsdiq edilmiş, iddiaçının zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ olduğundan, cavabdehdən dəymiş zərərin əvəzi üzrə 2277.40 manat Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xeyrinə tutulmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2, 9.1.14 və 9.4-cü maddələrinə əsasən məhkəmə hesab edir ki, 42,78 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh elektron nəzarət vasitəsinin dəyəri olan 2277.40 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hesabına ödənilsin. Cavabdeh 42,78 (qırx iki manat yetmiş səkkiz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar