Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-818/2025 22.05.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı Cavabdeh 3000 manat pulun və ödənilmiş 38 manat dövlət rüsumunun alınıb ona verilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3000 manat pulun və ödənilmiş 38 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməyinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Qeyd olunanları və işə qiyabi icraat qaydasında baxılması barədə iddiaçının yazılı razılığını nəzərə alaraq, məhkəmə işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək verdiyi izahatında bildirdi ki, o, Cavabdeh ilə eyni məhəllədə yaşamışlar və qonşuluq münasibətləri yaxşı olmuşdur. 2023cü ilin iyun ayında cavabdeh ona, icarəyə yer götürərək donuz saxlamaqla təsərrüfatla məşğul olmağı təklif etmişdir. Onun təsərrüfatdan yaxşı anlayışı olmasa da, Cavabdeh həmin təsərrüfatda yaxşı pul olduğunu, çəkdikləri xərci götürdükdən sonra, əlavə yaxşı qazanc əldə edəcəklərini bildirmişdir. O, da cavabdehin sözünə inandığı üçün işə başlamaq üçün götürdüyü kredit məbləğindən 3800 manat pulu cavabdehə vermiş və düşünmüş ki, təsərrüfatdan yaxşı qazanc əldə edib kreditini ödəyib qurtarar. Həmin ərəfələr o, Türkiyə Respublikasına getmiş və 10 gün qaldıqdan sonra qayıtdıqda, Cavabdeh 7 baş damazlıq donuz aldığını görmüşdür. Bundan sonra əlavə olaraq 5 baş damazlıq donuz alaraq təsərrüfatı artırmışlar. Əvvəlcədən razılaşdıqları kimi, o, gündüzlər işdə olduğundan heyvanların gecə baxımı ilə yemlənməsinə, altlarının təmizlənməsinə və doğum vaxtlarında bütün işləri görmüşdür. Həmçinin gündüz vaxtlarında da vaxtı olduqda gedib təsərrüfat işlərinə kömək etmişdir. Donuzlar bala verməyə başladıqdan sonra, 50 başdan artıq bala donuz əldə etmişlər. Lakin 7 ay birlikdə işlədikdən və işləri qaydasına düşdükdən sonra, Cavabdeh ona bildirmiş ki, “Sən 3800 manat, mən isə 8200 manat pul qoymuşam, işimiz belə alınmır. 2024-cü ilin mart ayında donuzlardan satıb sənin pulunu qaytaracam və təsərrüfatla özüm tək məşğul olacam”. O, da etiraz etməmiş və cavabdehdən pulunu qaytarmasını və həmən pulu aparıb kreditini ödəyəcəyini bildirmişdir. Bundan bir müddət sonra Cavabdeh, ondan aldığı 3800 manat pulun 800 manat hissəsini qaytarmış, qalan hissəsini isə yaxın vaxtda qaytaracağına söz vermişdir. O, 2024-cü ilin mart ayında cavabdehdən qalan 3000 manat pulun geri qaytarmasını tələb etmiş, lakin cavabdeh heyvanların öldüyünü və bu səbəbdən də ziyana düşdüyünü, hazırda pulu olmadığını və ona bir neçə gün vaxt verilməsini bildirmişdir. Bundan sonra o, maraqlanmış və heyvanların ölmədiyini öyrənmiş və bu barədə cavabdehin atası Hümmət Əhmədova bildirmişdir. Hümmət Əhmədov da ona bildirmiş ki, “narahat olma 10-15 heyvan qalıb, səbrli ol satan kimi mən özüm sənin borcunu qaytaracam”. Lakin cavabdeh müxtəlif bəhanələrlə ona borclu olduğu 3000 manat pulu ona qaytarmaqdan yayınmışdır. Bundan sonra o, DİN-nin 102 qaynar xətt mərkəzinə müraciət etmiş, müraciəti Cəlilabad RPŞ-də araşdırılmış və cavabdeh Cəlilabad RPŞ-nə verdiyi izahatında ona borclu olduğunu etiraf etmişdir. Lakin müraciəti mülki xarakterli olduğundan, “cinayət işi başlanılmasının rədd edilməsi” barədə qərarla məhkəməyə müraciət etməsi izah olunmuşdur. Bu səbəbdən o, məhkəməyə müraciət etməli olmuşdur. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının və şahidin izahatlarını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X1 verdiyi izahatında bildirdi ki, İddiaçı onun iş yoldaşı olmaqla, həmçinin yaxın yoldaşlıq münasibətləri vardır. Cavabdeh isə iddiaçının vasitəsi ilə tanımışdır. Belə ki, iddiaçı cavabdehlə birlikdə donuz saxlamaqla təsərrüfatla məşğul olduqları müddətdə, ona maraqlı gəldiyindən bir neçə dəfə iddiaçı ilə birlikdə donuzlar saxlanılan yerə getmişlər və heyvanların saxlanılması qaydaları ilə maraqlanmışdır. İddiaçı ilə aralarında olan söhbət əsnasında iddiaçı qeyd edilən təsərrüfatın idarə olunması üçün cavabdehə 3800 manat pul verdiyini ona bildirmişdir. Lakin sonradan Cavabdeh ona nisbətdə İddiaçı çox az xərc qoyduğunu əsas gətirərək, iddiaçının pulunu qaytaracağını və təsərrüfatla özü tək məşğul olacağını iddiaçıya bildirmişdir. İddiaçı da etiraz etməmiş və cavabdehdən pulunu qaytarmasını bildirmişdir. Bundan bir müddət sonra iddiaçıdan Cavabdeh ilə aralarında olan mübahisənin nə yerdə qaldığını soruşduqda, iddiaçı cavabdehin aldığı 3800 manat pulun 800 manat hissəsini qaytardığını, qalan hissəsini isə yaxın vaxtda qaytaracağına söz verdiyini ona bildirmişdir. Bundan sonra iddiaçı cavabdehin hərəkətləri barədə DİN-nin 102 qaynar xətt mərkəzinə müraciət etmiş və daha sonra məhkəməyə müraciət etmişdir. O, təsdiq edir ki, Cavabdeh İddiaçı aldığı 3800 manat pulun 800 manat məbləğini geri qaytarmış, lakin 3000 manat məbləğini isə hazıradək iddiaçıya qeri qaytarmamışdır. İş materialında olan Cəlilabad RPŞ-nin TB-nin “cinayət işinin başlanılmasının rədd edilməsi barədə” 28 noyabr 2024-cü il tarixli qərarından görünür ki, İddiaçı müraciəti əsasında Cəlilabad RPŞ-nin TB-də araşdırma aparılan zaman, Cavabdeh verdiyi izahatında iddiaçıdan 3800 manat aldığını etiraf etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh 2023-cü ilin iyun ayında İddiaçı birlikdə təsərrüfat saxlamaqla qazanc əldə etmək məqsədi ilə 3800 manat pul almış, lakin sonradan iddiaçının ondan az vəsait xərcləməsini əsas gətirərək, iddiaçıdan ayrılıb təsərrüfatla özü tək məşğul olmuşdur. Bundan sonra iddiaçı cavabdehdən verdiyi 3800 manat pulunu geri qaytarmasını tələb mişdir. Bundan bir müddət sonra cavabdeh iddiaçıdan aldığı 3800 manat pulun 800 manat hissəsini qaytarmış, qalan hissəsini isə yaxın vaxtda qaytaracağına söz vermişdir. Lakin sonradan cavabdeh verdiyi vədə əməl etməmiş və iddiaçı cavabdehdən qalan 3000 manat pul məbləğini qaytarmasını dəfələrlə tələb etsə də, cavbdeh hər dəfə fərqli bəhanələrlə iddiaçıya qaytarmalı olduğu 3000 manat məbləği qaytarmaqdan yayınmışdır. Bununla da cavabdehin iddiaçıya 3000 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etiazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı 3000 manat pul tələbində haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 14.2.7-ci maddəsinə əsasən əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən əmlak istənilən əşyaların və qeyrimaddi əmlak nemətlərinin toplusudur. Həmin Məcəllənin 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh oglunun hərəkətləri əsassız varlanma kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək, Cavabdeh 3000 manat alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Həmin Məcəllənin 238.4-cü maddəsinə əsasən işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. Həmin Məcəllənin 241.4-cü maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. Həmin Məcəllənin 242-ci maddəsinə əsasən qiyabi qətnamənin məzmunu bu fəslin və bu Məcəllənin 16-cı fəslinin qaydaları ilə müəyyən edilir. Qiyabi qətnamənin nəticə hissəsində qətnaməyə yenidən baxılması üçün ərizə vermə vaxtı və qaydası göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdə olan xx.xx.2024 və xx.xx.2025-ci il tarixli mədaxil qəbzlərindən görünür ki, iddiaçı hazırkı iddia ərizəsinin verilməsi ilə əlaqədar 50 manat dövlət rüsumu ödəmişdir. Buna görə məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 50 manat dövlət rüsumu da cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qət etdi: İddia təmin edilsin. Cavabdeh 3000 (üç min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 50 (əlli) manat alınıb İddiaçı verilsin. Cavabdeh qiyabi qətnaməni aldığı vaxtdan etibarən 10 (on) gün ərzində onun ləğvi üçün qiyabi qətnaməni çıxarmış məhkəməyə ərizə ilə müraciət edə bilər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-818/2025
Cəlilabad Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(073)-818/2025
22.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver