Məhkəmə qərarları › İş №2(073)-825/2023

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-825/2023

06.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-825/2023 06.07.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Feyzullazadə Əli Elşən oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılaraq, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə ərizə göndərərək, ərizəsində iddianı etiraf etdiyini, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə həmkəndlidirlər. Münasibətləri həmişə yaxşı olmuşdur. Cavabdeh 2020-ci ildə onun (iddiaçının) yaşadığı evə gələrək, maddi çətinliyinin olduğunu, pul ehtiyyacının olduğunu, onun (iddiaçının) adına kredit götürmək istədiyini və hər ay krediti hissə-hissə ödəyəcəyini bildirmişdir. O da həmkəndli olduqlarına görə öz adına kredit götürərək, cavabdehə vermişdir. Cavabdeh kreditin müəyyən hissəsini ödədikdən sonra qalan borcunu ödəməkdən yayınmışdır. Cavabdehdən krediti ödəməsini tələb etsə də, cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək krediti ödəməkdən boyun qaçırmışdır. Bundan sonra «M Bulak» BOKT məhkəməyə müraciət etmiş və Cəlilabad Rayon Məhkəməsinin qətnaməsi ilə idda təmin edilmişdir. İcra mərhələsində isə borcun ödənilməsi onun (iddiaçının) əmək haqqına yönəldilmiş və onun (iddiaçının) əmək haqqından 1572 (bir min beş yüz yetmiş iki) manat tutularaq «M Bulak» BOKT-a ödənilmişdir. Bundan sonra cavabdeh tərəfindən ona 288 (iki yüz səksən səkkiz) manat ödənilmişdir. İddiaçı qeyd edilənlərin nəzərə alınaraq, Cavabdeh 1284 (bir min iki yüz səksən dörd) manat pulun və 33 (otuz üç) manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi cavabdeh tərəfindən etiraf edildiyindən ilk növbədə iddianın etirafına qanunvericiliyin tələbləri baxımından qiymət verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən iddia tələbi cavabdeh tərəfindən etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etirafı göstərilir. Həmin Məcəllənin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə veriməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.1-ci maddəsində əsasən cavabdehin iddianı etiraf etməsi bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 52.5-ci maddəsində göstərilmişdir ki, iddianın cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Bununla əlaqədar olaraq məhkəmə iclasında aparılan araşdırmalar zamanı müəyyən olundu ki, cavabdeh tərəfindən iddianın etiraf olunması tərəflərin real və həqiqi vəziyytinə uyğundur. Həmin etiraf başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220 və 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1284 (bir min iki yüz səksən dörd) manat pul və 33 (otuz üç) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar