Məhkəmə qərarları › İş №2(073)-832/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-832/2025

03.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-832/2025 03.07.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı Cavabdeh 1800 manat pulun və ödənilmiş 38 manat dövlət rüsumunun alınıb ona verilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1800 manat pulun və ödənilmiş 38 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək verdiyi izahatında bildirdi ki, o, Cavabdeh Cəlilabad rayon İcra və Probasiya şöbəsinin əməkdaşı kimi tanımışdır. 2023-cü ildə cavabdehlə söhbət əsnasında oğlu Taleh Bayramovun işsiz olduğunu və ona iş axtardığını bildirmişdir. Həmin vaxt Cavabdeh tanışları olduğunu və onların vasitəsi ilə oğlunu Dövlət Gömrük Komitəsinə işə düzəldə biləcəyini bildirmişdir. Lakin bunun müqabilində 15000 manat pul lazım olacağını, ilkin olaraq 4000 manat verməsini və qalan 11000 manat pulu isə oğlu işə düzəldikdən sonra verməsini təklif etmişdir. O, da cavabdehin sözünə inandığı üçün 2023-cü ilin fevral ayında Cəlilabad rayon İcra və Probasiya şöbəsində cavabdehin iş otağında 4000 manat pulu cavabdehə vermiş və həmin vaxt cavabdeh oğlu Taleh Bayramovun yaxın vaxtlarda işlə təmin olunacağını bildirmişdir. Lakin həmin vaxtdan təxminən 3 ay keçdikdən sonra, Cavabdeh tərəfindən aldadıldığını başa düşmüşdür. Bundan sonra o, verdiyi 4000 manat pulun 2200 manat hissəsini cavabdehdən çətinliklə də olsa geri almışdır. Bir müddətdən sonra cavabdehlə əlaqə saxlamış və ona qalan 1800 manat pulun geri qaytarmasını tələb etmiş, lakin cavabdeh onun tələbinə məhəl qoymamış və müxtəlif bəhanələrlə 1800 manat pulu ona qaytarmaqdan imtina etmişdir. Bundan sonra o, Cəlilabad RPŞ-nə müraciət etmiş, müraciəti Cəlilabad RPŞ-nin TB-də araşdırılmış və 18 avqust 2024-cü il tarixdə “cinayət işi başlanılmasının rədd edilməsi” barədə qərarla məhkəməyə müraciət etməsi izah olunmuşdur. Bu səbəbdən o, məhkəməyə müraciət etməli olmuşdur. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və şahidin izahatlarını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X1 verdiyi izahatında bildirdi ki, İddiaçı onun əridir. Cavabdeh 2023-cü ildə oğlu Taleh Bayramovu tanışları vasitəsi ilə 15000 manat müqabilində Dövlət Gömrük Komitəsinə işə düzəltməsi adı ilə, İddiaçı ilkin olaraq 4000 manat pul almış və qalan 11000 manat pulu isə oğlu işə düzəldikdən sonra verməsini təklif etmişdir. Əri İddiaçı da cavabdehin sözünə inandığı üçün 2023-cü ilin fevral ayında cavabdehin iş otağında 4000 manat pulu cavabdehə vermiş və həmin vaxt cavabdeh oğlu Taleh Bayramovun yaxın vaxtlarda işlə təmin olunacağını bildirmişdir. Lakin həmin vaxtdan təxminən 3-4 ay keçdikdən sonra, iddiaçı Cavabdeh tərəfindən aldadıldıqlarını başa düşmüşlər. Bundan sonra iddiaçı verdiyi 4000 manat pulun 2200 manat hissəsini cavabdehdən geri almış, lakin 1800 manat hissəsi isə cavabdehdə qalmışdır. İddiaçı sonradan dəfələrlə onun yanında mobil telefon vasitəsi ilə cavabdehdən qalan 1800 manat pulun geri qaytarmasını tələb etmiş, lakin cavabdeh müxtəlif bəhanələrlə 1800 manat pulu iddiaçıya qaytarmaqdan imtina etmişdir. Bundan sonra iddiaçı Cəlilabad RPŞ-nə müraciət etmiş, lakin iddiaçıya məhkəməyə müraciət etməsi izah olunmuşdur. O, təsdiq edir ki, Cavabdeh İddiaçı aldığı 4000 manat pulun 2200 manat məbləğini geri qaytarmış, lakin 1800 manat məbləğini isə hazıradək iddiaçıya qeri qaytarmamışdır. İş materialında olan Cəlilabad RPŞ-nin TB-nin “cinayət işi başlanılmasının rədd edilməsi” barədə 18 avqust 2024-cü il tarixli qərarından görünür ki, İddiaçı müraciəti əsasında Cəlilabad RPŞ-nin TB-də araşdırma aparılan zaman, Cavabdeh izahat verməsi üçün Cəlilabad RPŞ-nin TB-nə gələcəyini bildirmiş, lakin sonradan izahat verməsi üçün gəlmədiyindən onun İddiaçı hər hansı bir məbləğdə pul alıb-almadığını müəyyən etmək mümkün olmamışdır. İş materialında olan Cavabdeh məhkəməyə göndərilmiş ərizəsində qeyd etmişdir ki, iddiaçının ərizəsində qeyd etdikləri tam əsassız və qanunsuzdur. İddiaçı ilə aralarında heç bir borc yoxdur. Qeyd edilənlərin nəzərə alınıb iddianın rədd olunması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh 2023-cü ilin fevral ayında İddiaçı etibarından sui istifadə edərək, iddaçının oğlu Taleh Bayramovu 15000 manat müqabilində Dövlət Gömrük Komitəsinə işə düzəltməsi adı ilə ilkin olaraq 4000 manat pul almış və qalan 11000 manat məbləği isə iddiaçının oğlu işə düzəldikdən sonra verəcəyini iddiaçıya təklif etmişdir. İddiaçı cavabdeh tərəfindən aldanıldığını başa düşdükdən sonra, verdiyi 4000 manat pulun 2200 manat məbləğini cavabdehdən geri almış, lakin 1800 manat məbləği isə cavabdehdə qalmışdır. İddiaçı dəfələrlə cavabdehdən qalan 1800 manat pul məbləğini qaytarmasını tələb etsə də, cavbdeh hər dəfə fərqli bəhanələrlə iddiaçıya qaytarmalı olduğu 1800 manat məbləği qaytarmaqdan yayınmışdır. Bununla da cavabdehin iddiaçıya 1800 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etiazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı 1800 manat pul tələbində haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 14.2.7-ci maddəsinə əsasən əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən əmlak istənilən əşyaların və qeyrimaddi əmlak nemətlərinin toplusudur. Həmin Məcəllənin 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh oglunun hərəkətləri əsassız varlanma kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək, Cavabdeh 1800 manat alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdə olan 25 yanvar 2025-ci il tarixli mədaxil qəbzlərindən görünür ki, iddiaçı hazırkı iddia ərizəsinin verilməsi ilə əlaqədar 38 manat dövlət rüsumu ödəmişdir. Buna görə məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 38 manat dövlət rüsumu da cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qət etdi: İddia təmin edilsin. Cavabdeh 1800 (bir min səkkiz yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 38 (otuz səkkiz) manat alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar