Məhkəmə qərarları › İş №2(073)-834/2023

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-834/2023

08.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-834/2023 08.06.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı və onun vəkili Vəkil, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 16 700 (on altı min yeddi yüz) manat pulun, Cavabdeh2 1000 (bir min) manat pulun və ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, internet vasitəsilə traktor satılması elanı ilə tanış olmuş və elanda olan telefon nömrəsi ilə əlaqə saxlayaraq traktoru almaq istədiyini bildirmişdir. xx.xx.2019-cu il tarixdə Cəlilabad rayonunun Xanılı kənd sakini Cavabdeh1 ilə görüşmüş, orada şahidlərin iştirakları ilə 15 500 (on beş min beş yüz) manat pulu cavabdehə ödəmiş, qalan 10 000 (on min) manatın isə beş il müddətində müvafiq hesaba ödənilməsi barədə razılığa gələrək traktoru Cavabdeh1 almışdır. Bu barədə şahidlərin iştirakı ilə cavabdeh tərəfindən qəbz yazılaraq ona (iddiaçıya) verilmişdir. 2020-ci ildə Cavabdeh1 ondan (iddiaçıdan) müvafiq ödəniş edilməsini tələb etmiş və o ödəniş terminalı vasitəsilə 1000 (bir min) manat pulu Cavabdeh1 qeyd etdiyi hesaba köçürmüşdür. xx.xx.2020-ci ildə Cavabdeh1 yenidən onu müvafiq ödəniş etməyə məcbur etmiş və o (iddiaçı) 2.5 ton buğda məhsulunun olduğunu və buğdanı satıb pulunu ödəyəcəyini bildirmişdir. Həmin vaxt Cavabdeh1 ona bildirmişdir ki, buğdanı ona versə, o satıb pulu ödəyər. Cavabdehlə razılaşmış və Cəlilabad şəhərində yerləşən "xxxx" MMC-yə məxsus tərəzi vasitəsilə buğdanı çəkdirib 1 200 (bir min iki yüz) manat dəyərində buğdanı Cavabdeh1 vermişdir. Bundan bir müddət sonra Cavabdeh2 onun yaşadığı Cəlilabad rayonunun Qarakazımlı kəndinə gələrək, traktorun ona məxsus olduğunu bildirərək aparmaq istəmişdir. O (iddiaçı) Cavabdeh2 etiraz edərək, traktoru Cavabdeh1 aldığını bildirmiş, lakin Cavabdeh2 traktorun ona məxsus olduğunu, yalnız sürmək üçün Cavabdeh1 verdiyini bildirmişdir. Həmin ərəfədə oğlanları (iddiaçının) hərbi xidmətdə olduğuna və özü də yaşlı qadın olduğundan Cavabdeh2lə razılaşaraq traktoru ona təhvil vermişdir. Bundan sonra Cavabdeh1 verdiyi pulları tələb etmiş, cavabdeh əvvəlcə ondan möhlət istəmiş, daha sonra isə pulu ödəməkdən imtina etmişdir. O (iddiaçı) həmin pullları təsərrüfatında olan heyvanları satmaqla əldə etmişdir. Cavabdeh ona olan borcunu qaytarmadığından Cəlilabad rayon Polis Şöbəisnə müraciət etmiş, müraciəti əsasında araşdırma aparılmış və mübahisənin mülki xarakteri olduğu bildirilərək cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilərək ona məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı etiraf etməyərək, verdiyi izahatında göstərmişdir ki, iddiaçını əvvəllər tanımamışdır. İş üzrə digər Cavabdeh2 isə uzun müddətdir ki, tanıyır və Cavabdeh2lə birlikdə kənd təsərrüfatı ilə məşğul olmuşlar. Kənd təsərrüfatında istifadə etmək üçün Cavabdeh2 lizinqlə traktor almış və həmin traktordan birlikdə istifadə etmişlər. Sonradan isə Tofiq həmin traktordan sərbəst istifadə etmək üçün ona etibarnamə vermişdir. Bir müddət sonra isə həmin traktoru satmaq qərarına gəlmişlər və buna görə internet vasitəsi ilə elan vermişlər. Elan verildikdən bir müddət sonra İddiaçı ona zəng edərək, traktoru almaq istədiyini bildirmiş və bu məqsədlə iddiaçı ilə görüşmüşlər. Sonra o (cavabdeh) Cavabdeh2 zəng edərək, İddiaçı traktoru almaq istədiyini bildirmişdir. Cavabdeh2 isə ona (cavabdehə) İddiaçı tanımadığını, əgər etibar edirsə və alıcı (iddiaçı) aylıq ödənişləri vaxtında ödəyəcəksə traktoru sata biləcəyini ona (Cavabdeh1) demişdir. O da Cavabdeh2 İddiaçı etibar etdiyini bildirmişdir. Bundan sonra İddiaçı ilə aralarında olan razılığa görə traktoru ona (iddiaçıya) 15 500 (on beş min beş yüz) manata satmağa razı olmuşdur. Aralarında olan razılığa görə İddiaçı 15 500 (on beş min beş yüz) manat pulu ona verməyi, qalan 10 000 (on min) manat pulu isə 5 il müddətində lizinq şirkətinə ödəməyi öhdəsinə götürmüşdür. Bundan sonra, traktoru İddiaçı 15 500 (on beş min beş yüz) manata satmasına dair şahidlərin iştirakı ilə qəbz yazaraq İddiaçı vermişdir. Qəbzi yazıb verdikdən sonra İddiaçı hazırda üzərində 14 000 (on dörd min) manat olduğunu və 14 000 (on dörd min) manat ödəyə biləcəyini, qalan 1 500 (bir min beş yüz) manatı isə bir ay müddətində ödəyəcəyini bildirmiş, o (cavabdeh) da İddiaçı etibar etdiyinə və hər ikisi Cəlilabad rayonunan olduğuna görə onunla razılaşmışdır. Bundan sonra isə traktoru İddiaçı vermişdir. Traktoru İddiaçı satdıqdan və ondan 14 000 (on dörd min) manatı qəbul etdikdən bir neçə gün sonra Cavabdeh2lə görüşmüş və traktorun satışından əldə etdiyi pulu Tofiqə vermişdir. Lakin bir müddət keçsə də İddiaçı qalan 1 500 (bir min beş yüz) manat pulu ona (cavabdehə) ödəməmişdir. Bir müddət sonra Cavabdeh2 ona (cavabdehə) zəng edərək, aylıq ödənişlərin edilmədiyinə görə lizinq şirkəti tərəfindən ona (Cavabdeh2) zəng edildiyini və aylıq ödənişlərin ödənilməsinin tələb edildiyini bildirmişdir. Bundan sonra İddiaçı ilə görüşərək, ondan aylıq ödənişləri etməsini və qalan 1 500 (bir min beş yüz) manatı ödəməsin xahiş etmiş, İddiaçı lizinq şirkətinin hesabına 1 000 (bir min) manat ödəmiş və qalan 1 500 (bir min beş yüz) manat borcunu da qısa müddətdə ödəyəcəyinə dair söz vermişdir. Bundan bir müddət keçdikdən sonra İddiaçı yenə də ödənişləri etməmiş və Cavabdeh2 təkrarən ona (cavabdehə) zəng edərək, bu barədə ona məlumat vermişdir. O da, İddiaçı bir neçə dəfə zəng edərək, aylıq ödənişləri etməsini tələb etmişdir. 2021-ci ilin iyul ayının sonlarında isə Cavabdeh2 ona (cavabdehə) İddiaçı ilə razılaşdıqlarını və traktoru İddiaçı 13 000 (on üç min) manat ödəməklə aldığını bildirmişdir. Bundan başqa, İddiaçı traktoru satdıqdan sonra İddiaçı 1200 (bir min iki yüz) manat dəyərində buğda almış və həmin buğdanın dəyərini nəğd şəkildə ödəmişdir. Onun İddiaçı heç bir borcu yoxdur. İddianı özünə münasibətdə əsassız hesab edir. Qeyd edilənlərin nəzərə alınaraq, iddianın özünə münasibətdə əsassız olduğundan təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddianı etiraf etməyərək, verdiyi izahatında göstərmişdir ki, Neftçala rayonunun Qırmızıkənd kəndində yaşayır və kənd təsərrüfatı ilə məşğul olur. Kənd təsərrüfatında istifadə etmək üçün 2018-ci ildə lizinq şirkətindən «Belarus-1221» markalı traktoru lizinq müqaviləsinə əsasən almış və bir müddət istifadə etdikdən sonra həmin traktoru istifadə etmək üçün etibarnamə əsasında tanışı Cavabdeh1 vermişdir. Cavabdeh1 həmin traktoru bir müddət istifadə etmiş və 2019-cu ilin oktyabr ayının sonlarında Tahir ona tarktoru satmaq istədiyini bildirmişdir. Traktor həmin vaxt Cavabdeh1 istifadəsində olsa da, lizinq müqaviləsinə əsasən ona (Cavabdeh2) məxsus olduğuna görə traktorun satışı üçün onun da razılığı zəruri olmuşdur. Bir neçə gün sonra Tahir yenidən ona zəng edərək, Zərnigar adlı şəxsin həmin traktoru almaq istədiyini bildirmiş, lakin o lizinq şirkətinə qalan borcun ödənilməyəcəyindən ehtiyyat edərək əvvəlcə buna razı olmamışdır. Bir neçə gün sonra, yəni 31 oktyabr 2019-cu ildə Cavabdeh1 yenidən ona zəng etmiş və traktoru İddiaçı 15 500 (on beş min beş yüz) manata satmaq istədiyini bildirmişdir. Həmin vaxt Tahirin telefonu ilə İddiaçı ilə danışmış, Zərnigar Həsnova aylıq ödənişləri vaxtında ödəyəcəyinə onu inandırdıqdan sonra traktoru satmağa razılıq vermişdir. Bundan bir neçə gün sonra isə Cavabdeh1la görüşmüş, Tahir ona İddiaçı traktora görə 14 000 (on dörd min) manat ödədiyini, qalan 1 500 (bir min beş yüz) manatı isə bir ay ərzində ödəyəcəyinə söz verdiyini bildirmiş və traktorun satışından əldə edilmiş puldan 12 250 (on iki min iki yüz əlli) manatı ona nəğd şəkildə (Cavabdeh2) vermişdir. Bir müddət keçdikdən sonra lizinq şirkətindən ona aylıq ödənişlərin ödənilməməsi barədə xəbərdarlıq edilmiş, o da Tahirə zəng edərək bu barədə məlumat vermişdir. Bundan sonra Cavabdeh1 tələbi ilə İddiaçı tərəfindən lizinq şirkətinin hesabına 1 000 (bir min) manat ödənilmişdir. Bundan bir müddət keçdikdən sonra lizinq şirkəti tərəfindən yenidən ona aylıq ödənişlərin ödənilməməsi barədə xəbərdarlıq edilmişdir. Buna görə Tahirlə birlikdə İddiaçı yaşadığı ünvana gəlmiş və onunla görüşmüşlər. Həmin vaxt İddiaçı onlara ödənişləri qısa müddətdə ödəyəcəyini bildirmiş və onlar da geri qayıtmışlar. Lakin bundan sonra da İddiaçı aylıq ödənişləri etməmiş və buna görə 2021-ci ilin iyul ayında İddiaçı ilə əlaqə saxlamışdır. İddiaçı həmin vaxt aylıq ödənişləri ödəyə bilməyəcəyini və traktoru satmaq istədiyini bildirmişdir. Buna görə 2021-cilin iyul ayının sonlarına doğru qohumu Ülvi İsmayılov ilə birlikdə İddiaçı yaşadığı evə getmişlər və İddiaçı traktoru almaq istədiyini bildirmişdir. İddiaçı ilə traktoru 13 000 (on üç min) manata razılaşdıqdan sonra qayıdıb gəlmişlər. 27 iyul 2021-ci il tarixdə isə bankdan 10000 (on min) manat kredit götürmüş və səhəri gün qohumu Ülvi İsmayılov ilə birlikdə İddiaçı yaşadığı evə getmişlər. İddiaçı ilə danışdıqdan sonra həmin traktoru 13 000 (on üç min) manata almağa razı olmuş, lakin üzərində 9 000 (doqquz min) manat olduğunu, qalan pulu isə qısa müddət ərzində ödəyəcəyini bildirmişdir. Həmin vaxt İddiaçı pulu notariat qaydasında vermək istəsə də, pul tam olmadığından İddiaçı buna razı olmamışdır. O da, pulu həmin vaxt tam şəkildə verə bilmədyinə görə 9 000 (doqquz min) manat pulu İddiaçı sənədsiz verimiş və traktoru aparmışlar. Bir müddət sonra isə yenidən İddiaçı yaşadığı evə getmiş və ona 2 500 (iki min beş yüz) manat vermişdir. Daha sonra yenə də, qohumu Ülvi İsmayılov ilə birlikdə İddiaçı yaşadığı evə getmiş və qalan 1 500 (bir min beş yüz) manatı da ona ödəmişdir. Həmin gün İddiaçı oğlunun hərbi xidmətdən qayıtması ilə əlaqədar evlərində məclis olmuş, onlar da həmin məclisdə oturub yemək yedikdən sonra qayıtmışlar. Ona (cavabdehə) məxsus traktor 2019-cu ilin oktyabr ayından 28 iyul 2021-ci il tarixədək İddiaçı istifadəsində olmuşdur. İddiaçı 1000 (bir min) manat pulu ona (Cavabdeh2) deyil lizinq şirkətinin hesabına ödəmişdir. Onun İddiaçı borcu yoxdur. Traktoru İddiaçı aldıqdan sonra lizinq şirkətinə olan borcu tam ödəmiş və həmin traktoru mülkiyyətinə keçirdikdən sonra başqa şəxsə satmışdır. İddianı özünə münasibətdə əsassız hesab edir. Qeyd edilənlərin nəzərə alınaraq, iddianın özünə münasibətdə əsassız olduğundan təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında Cavabdeh1 vəsatəti əsasında şahid qismində dindirilmiş X2 verdiyi ifadəsində göstərmişdir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 uzun müddətdir ki, tanıyır. 2019-cu ildə Cəlilabad şəhəri ərazisində yerləşən “Basqal” adı ilə fəaliyyət göstərən kafedə olarkən Cavabdeh1 iddiaçıya satdığı traktoru Zərnigarın oğlu Həsən sürüb həmin yerə gəlmiş, həmin vaxtı Zərnigar kağız üzərinə 15 500 manat verəcəkləri barədə imza etmişlər. Cavabdeh1 pulu sayanda isə 14 000 manat olmasını görmüş, pulun az olduğunu deyəndə isə İddiaçı 1 500 manat pulu da bir ay ərzində verəcəyini demişdir. Həmin vaxtı onların yanında Zərnigarın iki oğlu Rasim və Həsən, o ( Əfqan Cəfərov) və Rahil Məcidov olmuşdur. Məhkəmə iclasında Cavabdeh2 vəsatəti əsasında şahid qismində dindirilmiş X3 verdiyi ifadəsində göstərmişdir ki, Cavabdeh1 tanıyır, Cavabdeh2 isə onun (şahidin) bibisi oğludur. 2021-ci ilin iyul ayının sonlarında Tofiq əvvəllər ona (Cavabdeh2) məxsus olmuş traktoru yenidən almaq istədiyini bildirərək, onunla birlikdə Zərnigar adlı şəxsin ünvanına getməsini xahiş etmiş və birlikdə Cəlilabad rayonunun Qarakazımlı kəndinə getmişlər. Həmin vaxt Cavabdeh2 traktoru 13 000 (on üç min) manata alacağı ilə Zərnigarla razılaşmış və bundan sonra qayıtmışlar. 27 iyul 2021-ci il tarixdə isə Cavabdeh2 bankdan kredit götürmüş və səhəri gün birlikdə İddiaçı yaşadığı Cəlilabad rayonunun Qarakazımlı kəndində yerləşən evlərinə getmişlər. Həmin vaxt Tofiq onun yanında Zərnigara 9 000 (doqquz min) manat pul vermiş, qalan 4 000 (dörd min) manat pulu isə qısa müddət ərzində ödəyəcəyi ilə razılaşmışlar. Bundan sonra o (şahid) Tofiqə məxsus traktoru idarə edərək Neftçala rayonu Qırmızıkənd kəndinə aparmışdır. Təxminən bir ay sonra o Tofiqlə birlikdə təkrarən İddiaçı yaşadığı evə getmişlər və həmin vaxt Tofiq onun yanında İddiaçı 1500 (bir min beş yüz) manat pul vermişdir. Həmin gün İddiaçı oğlunun hərbi xidmətdən qayıtması ilə əlaqədar evlərində məclis olmuş, onlar da həmin məclisdə oturub yemək yedikdən sonra qayıtmışlar. İşdə olan Cavabdeh1 və İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli yazılı razılaşmadan görünür ki, Əsgərov X4 Həsənovaya 1221 markalı traktor satmış, İddiaçı 15 500 manat almış və qalıq 10 000 manat pulu İddiaçı 5 il müddətində ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan Cəlilabad rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı şikayət ərizəsi əsasında araşdırma aparılmış və mübahisənin mülki xarakteri olduğu bildirilərək məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh1 ilə İddiaçı arasında 31 oktyabr 2019-cu ildə traktorun alqı-satqısı ilə əlaqədar razılaşma olmuş, İddiaçı həmin traktoru 15 500 (on beş min beş yüz) manata almağa razı olmuş və lizinq şirkətinə qalan 10 000 (on min) manat borcu isə 5 il ərzində hər ay ödəməyi öhdəsinə götürmüşdür. Bununla əlaqədar tərəflər arasında həmin tarixdə yazılı razılaşma tərtib edilmiş və həmin razılaşma hər iki şəxs tərəfindən imzalarla təsdiq edilmişdir. Lakin İddiaçı həmin vaxt Cavabdeh1 15 500 (on beş min beş yüz) manat deyil, 14 000 (on dörd min) manat ödəmiş və qalan 1 500 (bir min beş yüz) manatı isə bir ay ərzində ödəyəcəyinə dair söz vermişdir. Bundan sonra həmin traktor İddiaçı təhvil verilmişdir. İddiaçı lizinq şirkətinə ödənilməli olan vəsaitdən 1000 (bir min) manatını ödəmiş, lakin sonradan öhdəliyini yerinə yetirməyərək, ödənişləri həyata keçirməmiş və həmin traktoru satmaq qərarına gəlmişdir. Buna görə traktoru lizinq müqaviləsi əsasında əldə etmiş Cavabdeh2 həmin traktoru İddiaçı almaq qərarına gəlmiş və dəyərini ödəməklə həmin traktoru İddiaçı almışdır. Bundan sonra İddiaçı həmin traktora görə ödənilmiş pulun qaytarılmadığını iddia edərək, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı traktora görə Cavabdeh1 15 500 (on beş min beş yüz) manat ödədiyini göstərsə də, məhkəmə iclasında həmin məbləğin 14 000 (on dörd min) manat olduğu müəyyən edilmişdir. Belə ki, tərflər arasında traktorın satışı ilə bağlı razılaşma təsdiq olunan zaman iştirak etmiş X2 şahid qismində məhkəmə iclasında dindirilən zaman İddiaçı tərəfindən Cavabdeh1 ödənilən məbləğin 15 500 (on beş min beş yüz) manat deyil, 14 000 (on dörd min) manat olduğunu təsdiq etmişdir. Bundan başqa, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh1 traktorun satışından əldə edilmiş vəsaitdən 12 250 (on iki min iki yüz əlli) manatını Cavabdeh2 ödəmişdir. Həmin xüsusat Cavabdeh2 məhkəmə iclasında verdiyi izahatı ilə də öz təsdiqini tapmışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Cavabdeh2 tərəfindən traktora görə İddiaçı 13 000 (on üç min) manat deyil, cəmi 10 500 (on min beş yüz) manat ödənilmişdir. Belə ki, məhkəmə iclasında İddiaçı traktora görə Cavabdeh2 tərəfindən ona heç bir ödəniş edilmədiyini, Cavabdeh2 həmin traktoru əvəzini ödəmədən apardığını, eləcə də Cavabdeh2 traktora görə İddiaçı 13 000 (on üç min) manat ödədiyini göstərsə də, həmin xüsusatla bağlı məhkəməyə mötəbər sübutlarını təqdim edə bilməmişdirlər. Məhkəmə dəyəri ödənilmədiyi halda İddiaçı tərəfindən həmin traktorun Cavabdeh2 qaytarılmasını inandırıcı hesab etmir. Məhkəmə iclasında Cavabdeh2 vəsatəti əsasında şahid qismində dindirilmiş Ülvi İsmayılov da onun iştirakı ilə traktorun dəyərindən İddiaçı 9 000 (doqquz min) manat və 1 500 (bir min beş yüz) manat, ümumilikdə isə 10 500 (on min beş yüz) manat ödənlidyini göstərmişdir. Belə halda isə məhkəmə hesab edir ki, Cavabdeh2 tərəfindən İddiaçı ödənilmiş məbləğ 10 500 (on min beş yüz) manat qəbul edilməlidir. Beləliklə, məhkəmə iclasında müəyyən edildiyi kimi traktora görə İddiaçı tərəfindən Cavabdeh1 14 000 (on dörd min) manat ödənilmiş və sonradan Cavabdeh2 həmin traktoru İddiaçı 10 500 (on min beş yüz) manat ödəməklə almışdır. Buna görə də, məhkəmə hesab edir ki, Cavabdeh1 tərəfindən İddiaçı qaytarılmalı olan məbləğ 3 500 (üç min beş yüz) manat (14 000-10500=3500) məbləğində müəyyən edilməlidir. Məhkəmə iddianın 1 200 (bir min iki yüz) manat dəyərində pul tələbinə dair hissəsinə qiymət verərək, hesab edir ki, iddia həmin hissədə əsassızdır. Belə ki, iddiaçı həmin dəyərdə buğdanı Cavabdeh1 verdiyini, cavabdeh də həmin dəyərdə buğdanı aldığını və dəyərini iddiaçıya ödədiyini bildirmişdir. Məhkəmə həmin xüsusatla bağlı cavabdehin izahatını daha inandırıcı hesab edir. Məhkəmə iclasında iddaçı həmin buğdanın traktora görə aylıq ödənişin əvəzi olaraq cavabdehə verildiyini təsdiq edən sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə iddianın Cavabdeh2 qarşı 1 000 (bir min) manat tələbinə dair hissəsinə qiymət verərək, hesab edir ki, iddia həmin hissədə də əsassızdır. Belə ki, tərəflər arasında bağlanmış yazılı razılaşmadan və tərəflərin də məhkəmə iclasında verdikləri izahatlarından müəyyən edilir ki, İddiaçı qalan 10 000 (on min) manat vəsaiti 5 il ərzində ödəməyi öhdəsinə götürmüş və həmin ödənilən vəsait, yəni 1 000 (bir min) manat pul traktorun aylıq ödənişləri olmuşdur ki, İddiaçı traktor onun istifadəsində olduğu müddət ərzində aylıq ödənişləri həyata keçirməyi öhdəsinə götürmüşdür. Belə halda məhkəmə həmin vəsaitin, yəni 1 000 (bir min) manat pulun iddiaçı tərəfindən Cavabdeh2 tələb edilməsini əsassız hesab edir. Halbuki, traktor 31 oktyabr 2019-cu ildən 28 iyul 2021-ci il tarixədək İddiaçı istifadəsində olmuş və iddiaçı aylıq ödənişləri ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilərək, Cavabdeh1 3 500 (üç min beş yüz) manat pulun alınıb İddiaçı ödənilməsinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu da Cavabdeh1 alınıb iddiaçıya verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 3 500 (üç min beş yüz) manat pul və və 30 (otuz) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. İddia qalan hissədə əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar