Məhkəmə qərarları › İş №2(073)-841/2024

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-841/2024

25.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-841/2024 25.04.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Rüstəmov Cavid Emin oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5800 (beş min səkkiz yüz) əsas borc və 82 (səksən iki) manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə teleqram göndərərək, iddianı etiraf etmədiyini, iddiaçıya borcunun olmadığını, səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini göstərmiş, lakin üzrlü səbəblərdən məhkəmə iclasında iştirak edə bilməyəcəyinə dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1958-ci ildə İmişli şəhərində anadan olmuşdur. O Bakı şəhərində «Aeroport» bazarı deyilən bazarda dəri palto satmaqla məşğul olmuşdur. Cavabdeh təxminən 2005-ci ildən tanıyır. Cavabdeh da həmin illərdə onunla (iddiaçı ilə) 4-5 il nisyə alver etmişdir. Cavabdeh bir müddət ondan (iddiaçıdan) nisyə mal götürüb sonradan da pulu qaytarmışdır. Sonuncu dəfə Cavabdeh 10 sentyabr 2013-cü il tarixində yenə ondan (iddiaçıdan) 6400 manat dəyərində mal götürmüş, xeyli vaxt keçməsinə baxmayaraq pulu qaytarmamışdır. O iddiaçı) malı Türkiyədən nisyə aldığı üçün pulunu tələb etmişlər. Fərəc pulu qaytara bilmədiyi üçün borc barədə xx.xx.2014-cü ildə imzalı qəbz yazaraq, ona (iddiaçıya) təqdim etmiş və dükanını satıb borcunu qaytraracağına dair söz vermişdir. Lakin üstündən bir neçə il keçməsinə baxmayaraq cavabdeh borcundan cəmi 600 manat qaytarmışdır. Dəfələrlə pulun qalan hissəsini qaytarmasını tələb elsə də, cavabdeh müxtəlif bəhanələrlə bu günə kimi 5800 manat borcu geri qaytarmamışdır. Buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567, 329.2, 329.3-cü maddələrinə istinad edərək, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında Cavabdeh iddianı etiraf etməyərək verdiyi izahatında göstərmişdir ki, 2000-ci ildən iddiaçı ilə alver etmişlər. Mövsümi olaraq iddiaçıdan 6400 manat dəyərində üst geyimləri götürmüş və ödənişlər etmişdir. Onun hesabına görə 5100- 5200 manat arası borcu qalmışdır. İddianı etiraf etmir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2014-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh X1 xx.xx.2013-cü il tarixdə 6400 (altı min dörd yüz) manat məbləğində nisyə mal almış və həmin malın pulunu 10 ilə, yəni 2024-cü ilə qədər qaytaracağına dair öhdəlik götürmüşdür. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh iddiaçıdan 10 sentyabr 2013-cü il tarixində 6400 manat dəyərində nisyə mal almış və aldığı malın dəyərini 10 ilə ödəyəcəyinə dair öhdəlik götürmüş və bu barədə qəbz yazaraq iddaçıya vermişdir. Cavabdeh həmin puldan 600 (altı yüz) manat ödəmiş, qalan borcunu isə ödəməkdən yayınmışdır. İddiaçı tərəfindən tələb edilməsinə baxmayaraq, cavabdeh borcunu ödəməmişdir. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərin hər biri, vicdanlılığın tələb etdiyi tərzdə, yəni lazımi şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə hərəkət etməlidir. Həmin Məcəllənin 442.1-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 5800 (beş min səkkiz yüz) manat pul, 81.60 (səksən bir manat altmış qəpik) manat dövlət rüsumu və 0.40 (qırx qəpik) manat xidmət haqqı alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar