Məhkəmə qərarları › İş №2(073)-851/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-851/2025

11.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-851/2025 11.04.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Quliyeva Kəmalə Mehman qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1600 (bir min altı yüz) manat pulun və dövlət rüsumu kimi ödədiyi 36 (otuz altı) manatın alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinə əsasən, iddiaçı Cəlilabad rayonu, Məmmədrzalı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır. Cavabdeh həmkəndlisi, eyni zamanda qonşusudur. 2023-cü ildə cavabdeh ona Bakı şəhərinin Hökmalı qəsəbəsində ona məxsus olan 12 sot torpaq sahəsini 7000 manata satdığını bildirmiş, o da ona etibar edib torpaq sahəsini almaq istədiyini bildirmiş və torpaq sahəsini 7000 manata olmaqla razılaşaraq pulu verib torpaq sənədlərini almışdır. Lakin sonradan ona məlum olmuşdur ki, cavabdehə məxsus olan 12 sot torpaq sahəsinin sənədləri saxtadır. O, cavabdehə sənədlərin saxta olduğunu və bu barədə şikayət edəcəyini bildirdikdə ona həmin puldan 5000 manatı və sonradan 400 manatını geri qaytarmışdır. Qalan 1600 manat pulu qaytaracağına söv versə də cavabdeh verdiyi sözə əməl etmədiyi üçün məcbur qalıb Cəlilabad RPŞ-nə müraciət etmişdir. Araşdırma aparılaraq Cəlilabad RPŞ-nin xx.xx.2024-cü il tarixli məktubu ilə şikayəti mülki xarakterli olduğu üçün həmin məsələ ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf edərək verdiyi izahatında göstərmişdir ki, ona məxsus olan 12 sot torpaq sahəsinin sənədləri qaydasındadır. İddiaçının dediyi kimi deyil, o, cavabdehə torpağı məcburi qaydada satmayıb. İddiaçı ilə rastlaşanda torpağını satmaq istədiyini söyləmiş, iddiaçı ona bildirmişdir ki, “bizim işimiz budur”, hətta niyə ucuz satdığını soruşmuşdur. O (cavavabdeh) da bildirmişdir ki, oğlu X1 2016-cı ildə “aprel döyüşləri”ində yaralanmışdır. Onun müalicəsi üçün pul lazımdır. Bundan sonra iddiaçı oğlu Nihadla danışmış, oğlu da bildirmişdir ki, “ata al, sərfəlidir”, lakin sənədləri göndər yoxlatdırım. Səhəri gün o, sənədləri göndərmiş, cavab vermişdir ki, heç bir problem yoxdur. 2-3 gün sonra iddiaçı ona zəng edərək demişdir ki, “gəl 7000 manat pulu verim”. Görüşmüşlər, iddiaçı ona 7000 manat pulu vermişdir. Hətta o bildirmişdir ki, “niyə tələsirsən? mənim 1-2 gün vaxtım var”. İddiaçı isə pulu vermişdir. 3-4 gün sonra sənədləşmə üçün notariusa getmiş, lakin orada məlum olmuşdur ki, torpağın mülkiyyətçisi (ondan əvvəlki sahibi) vəfat etmişdir. Bu səbəbdən də sənədləşməni apara bilməmişlər. Bundan sonra ididaçı ondan verdiyi pulu geri istəmiş, pulun 5400 manatını vermiş, 1600 manatı isə qalmışdır. Sonra iddiaçının oğlu qalan pulu ona verməsini istədiyi üçün arada anlaşılmazlıqlar yaranmış, həmin pulu gecikdirmişdir. O, belə olmasını istəməmişdir. İddiaçıya olan borcunu hissə-hissə ödəyəcək. Qeyd edilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslıdır. Belə ki, məhkəmə hesab edir ki, iddia tələbi cavabdeh tərəfindən etiraf edildiyindən ilk növbədə iddianın etirafına qanunvericiliyin tələbləri baxımından qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən iddia tələbi cavabdeh tərəfindən etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etirafı və etirafın məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Həmin Məcəllənin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə veriməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.1-ci maddəsində əsasən cavabdehin iddianı etiraf etməsi bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 52.5-ci maddəsində göstərilmişdir ki, iddianın cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Bununla əlaqədar olaraq məhkəmə iclasında aparılan araşdırmalar zamanı müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən iddianın etiraf olunması tərəflərin real və həqiqi vəziyyətinə uyğundur (bu hal məhkəmənin sorğusu ilə Cəlilabad RPŞ tərəfindən təqdim edilmiş araşdırma materialları ilə də təsdiqini tapmışdır). Həmin etiraf başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Tərəflər cavabdehə məxsus torpaq sahəsinin 7 min manata alğı-satqısı barədə razılaşmışlar, lakin alğı-satqı baş tutmamış, iddiaçı müqavilədən imtina etmiş və pulun geri qaytarılmasını tələb etmişdir. Cavabdeh 7 min manat puldan 5400 manatı qaytarsa da 1600 manat borclu qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu da cavabdehdən alınıb iddiaçıya verilməlidir. Belə ki, işdə olan ödəniş qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi ilə əlaqədar iddiaçı 36 manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220 və 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1600 (bir min altı yüz) manat pul və ödənilmiş 36 (otuz altı) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar