Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-894/2025 02.06.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyeva Kəmalə Mehman qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdehlər X2 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər X3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı 30000 (otuz min) manat ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı 30000 (otuz min) manat ziyan tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 30000 (otuz min) manat ziyan və ödənilmiş 180 (bir yüz səksən) manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxx 1992-ci il tarixində Cəlilabad rayonunun Kazımabad kəndində doğulmuşdur. Həmin kənddə yaşamaqla orada boya-başa çatmışdır. Cavabdehlər iddiaçının yaxın qohumlarıdır. İddiaçı özü hazırda Türkiyə Cümhuriyyətinin vətəndaşı Basri Ayvacı ilə faktiki nikahdadır və bir ailə kimi yaşayırlar. İddiaçının və cavabdehlərin mülkiyyətində Kazımabad kəndində 0,37 ha torpaq sahəsi vardır. O və əri Basri Ayvacı həmin torpaq sahəsinin iddiaçının payına aid hissəsində çiyələk əkib-becərmək qərarına gəlmişlər. Bundan sonra yaxın qohumları olan cavabdehlərlə bu barədə danışdıqda onlar da özlərinə məxsus torpaq sahəsini iddiaçıya çiyələk məhsulu əkmək üçün verəcəklərini bildirmişlər. Aralarında olan razılığa görə o, həmin torpaq sahəsini 9 ay müddətinə, yəni 1 sezon müddətində icarəyə götürmüş və icarə haqqı kimi 1500 manat pulu anası (iddiaçının) Cavabdeh3 ödəmişdir. Daha sonra həmin torpaq sahəsində çiyələk məhsulu əkmək qərarına gəlmişdir. İddiaçı əri Basri Ayvacının işi ilə əlaqədar çox vaxt Bakı şəhərinə gedib-gəldiyi üçün bacısı Əzizədən bu işdə ona köməklik göstərməsini xahiş etmişdir. O, buna razılıq vermişdir. İşə başlamaq üçün onlara çiyələk şitili lazım olmuşdur, buna görə də iddiaçı çiyələk şitili almaq üçün Əzizəyə həm kartdan köçürmə vasitəsi ilə, həm də “Milliön” aparatı vasitəsi ilə pullar atmağa başlamışdır. Belə ki, 4500 ədəd çiyələk şitili almaq üçün (3000 manat), həmin sahədə 38 ədəd parnik qurmaq üçün (680 manat), 8 ədəd klyonka almaq üçün (1475 manat), parnik üçün taxta paya qurmaq üçün (410 manat), 8 top əlavə qara klyonka almaq üçün (480 manat), aqronom pulu (400 manat), azot almaq üçün (500 manat), əkin sahəsinə armatur almaq üçün (1580 manat), 11 ədəd sistem şlanqı almaq üçün (528 manat), 11 ədəd krant almaq üçün (110 manat), 12 ədəd su filtiri almaq üçün (140 manat), 5 top ana şlanq almaq üçün (450 manat), şupu almaq üçün (50 manat), sistemşlanq almaq üçün (50 manat), traktor üçün (300 manat), dəmir halqalar üçün (5400 manat), fəhlələrə hər günə 20 manatdan (4500 manat) olmaqla bacısı Əzizəyə və anası İradəyə göndərmişdir ki, həmin işləri görsünlər. Həmin xərcləri çəkdikdən sonra çiyələk yığımı vaxtı cavabdehlər iddiaçıya həmin sahədən çiyələk yığmağa imkan verməmişlər. Belə ki, cavabdehlər bu qədər xərc çəkdikdən sonra iddiaçıdan həmin çiyələk məhsulundan əldə edilən qazancın yarısına şərik olacaqlarını bildirmişlər. Bundan sonra aralarında narazılıqlar başlamışdır. Həmin narazılıqlar mühabisəyə, daha sonra dava-dalaşa çevrilmişdir. İddiaçı həmin torpaq sahəsində əkdiyi çiyələk məhsulunu yığacağı təqdirdə əlavə olaraq 10000 manat qazanc əldə edəcəkdi ki, bundan məhrum olmuş və ona əldən çıxmış fayda şəklində 10000 manat zərər dəymişdir və o, həmin faydadan cavabadehlərin qanunsuz hərəkətlərinə görə məhrum edilmişdir. İddiaçı cavabdehlərdən dəymiş ziyanı tələb etsə də onlar iddiaçının tələblərinə məhəl qoymayaraq ziyanını ödəməmişlər. Buna görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddianı etiraf etməyərək verdiyi izahatında göstərmişdir ki, iddiaçı onun bacısıdır. İddiaçının Türkiyə vətəndaşı ilə faktiki nikah münasibətləri var. İddiaçı, Türkiyə vətəndaşı və onlar (cavabdehlər) tərəflərə məxsus olan torpaq sahəsində şərikli çiyələk əkmək üçün razılığa gəlmişlər. Onlar əkin sahəsində həm ziyanı, həm də xeyiri yarı böləcəklərini bildirmişlər. Həmin vaxt ataları xəstə olduğu üçün iddiaçı və onların qardaşları onlara (cavabdehlərə) atalarının ehtiyaclarını ödəmək üçün pul göndərmişlər. Bu müddətdə iddiaçının oğlunu da o (cavabadeh) saxlamış, uşağın idmanla məğul olması üçün lazım olan pul ehtiyaclarını ödəmişdir. İddiaçı əkin işləri və fəhlələrə ödənilən pul üçün onun və anasının kartına ümumilikdə 4000 manata qədər pul atıb. Onlar (cavabdehlər) özləri də 15 min manat yaxın vəsait qoyublar. İddiaçı onlara əlavə heç bir pul, yəni borc məqsədilə hər hansı pul verməyib ki indi də geri tələb etsin. Onlar (cavabadehlər) bütün əkin və becərmə işlərini aparmaqla məhsulu yığım vaxtına qədər yetişdirmişlər. İddiaçı məhsul yığımı zamanı onları əkin sahəsindən qovub, hətta sahəni yandırıb, bu məsələ ilə bağlı cinayət işi də hazırda məhkəmənin icraatındadır. İddianı tam əsassız hesab edir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X1 Əzizə Aləddin qızının izahatına uyğun izahat verərək, iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsassızdır. Məhkəmə, ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. İşdə olan Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(073)164/2024 saylı hökmündən görünür ki, təqsirləndirilən şəxslər X4 və Cavabdeh2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməli törətməkdə təqsirli bilinərək, onlara ayrı-ayrılıqda hər birinin aylıq qazancının 15 faizi dövlət nəfinə tutulmaqla 2 (iki) il müddətinə islah işləri cəzası təyin edilmişdir. Həmin hökmdən görünür ki, təqsirləndirilən şəxslər X4 və Cavabdeh2 xx.xx.2024-cü il tarixdə çiyələk əkilmiş sahədən götürülmüş qazancdan onlara verilməməsini irad bildirərək, zərərçəkmiş şəxs İddiaçı qarşı bir qrup şəxs təşkil edərək, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, orada olan və həmin ərazidən keçən şəxslərə laqeydlik və etinasızlıq göstərərək, İddiaçı nüfuzdan salacaq ifadələr işlətməklə sonuncuya zor tətbiq etməklə ona ağırlıq dərəcəsinə görə sağlamlığa zərər vurmayan dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişlər. İşdə olan Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(073)3306/2024 saylı qərardadından görünür ki, Cavabdeh2 İddiaçı qarşı 16426 manat ziyan tələbinə dair iddia ərizəsi məhkəmənin icraatına qəbul edilərək, işin məhkəmə hazırlıq iclası xx.xx.2024-cü il tarixə saat 12:00-a təyin edilmişdir. Həmin qərardada əlavə edilmiş “iddia ərizəsi”nin surətindən görünür ki, tərəflər özlərinə məxsus olan torpaq sahəsində şərikli olaraq çiyələk əkmək üçün razılaşmışlar, iddiaçı əkin və becərmə işlərini aparmaqla məhsulu yığım vaxtına qədər yetişdirmiş, məhsul yığımı zamanı tərəflər arasında narazılıqlar yaranmış, cavabdeh iddiaçının məhsul yığımında iştirakına və əldə olunan gəlirin bölünməsinə razı olmamışdır. Bu səbəbdən də cavabdehlər əkin işləri üçün xərclədiyi 16426 manat ziyanın iddiaçıdan tutularaq ona ödənilməsi üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər özlərinə məxsus olan torpaq sahəsində şərikli çiyələk əkmək, həmçinin əkinlə bağlı zərəri və gəliri bömək barədə razılığa gəlmişlər. İddiaçı əkin işləri və fəhlələrə ödənilməli olan əmək haqqı üçün, həmçinin tərəflərin atasının zəruri əşyalarının alınması üçün cavabdehlərə ümumilikdə 4000 manata qədər pul göndərmişdir. Cavabdehlər əkin-becərmə işlərini aparmaqla məhsulu yığım vaxtına qədər yetişdirmişlər. Lakin məhsul yığımı zamanı tərəflər arasında narazılıqlar yaranmış, gəlirin bölünməsi ilə bağlı mübahisə baş vermişdir. İddiaçı hesab edir ki, əkin və becərmə işlərini aparması üçün cavabdehlərə göndərdiyi ümumilikdə 20000 manat pul (borc), həmçinin cavabdehlərin yığıma imkan verməmələri səbəbindən əldən çıxmış fayda şəklində 10000 manat cavabdehlər tərəfindən ona geri qaytarılmalıdır. Göründüyü kimi, tərəflər ailə üzvləri (ana, bacılar və qardaş) olmaqla ailə təsərrüfatı formasında sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq çiyələk sahəsi əkmək və mənfəət əldə etmək barədə razılığa gəliblər. İddiaçı hər hansı mötəbər sübut ilə təsdiqini tapmayan məbləğlərdə pul xərcləmişdir, həmçinin bildirdiklərinə görə cavabdehlər də 15 min manat civarında vəsait qoymuş, həmçinin əlavə olaraq sahənin faktiki əkib-becərilməsi işləri ilə cavabdehlər məşğul olmuşdur. İddiaçı tərəfindən sübut kimi məhkəməyə çoxsaylı qəbzlər və qaimələr təqdim edilsə də məhkəmə tərəfindən həmin sübutlar qeyri-mötəbər hesab edilmiş, habelə həmin sübutlarla iddiaçının xərclədiyi pulun məbləği və təyinatını müəyyən etmək qeyri-mümkün olmuş, məhkəmənin yekun nəticəyə gəlməsi üçün yetərsiz qalmışdır. Belə ki, həmin qəbz və qaimələrlə malların kim tərəfindən alınması, dəyəri və məhz mübahisələndirilən sahəyə xərclənməsi öz təsdiqini tapmamışdır. Cavabdehlərin iddiaçının sahə üçün təxmini 4 min civarında onlara pul göndərməsi ilə bağlı verdikləri izahata münasibətdə məhkəmə qeyd edir ki, cavabdehlər həmin pulu geri qaytarmaq öhdəliyini rədd etmişdirlər, habelə həmin qismən etiraf hətta mövcud olsa da belə, həmin pulun cavabdehlər tərəfindən qaytarılması öhdəliyinin mövcudluğu təsdiqini tapmamışdır. Məsələn, kart vasitəsilə Cavabdeh2 kartına 5 manat, 10 manat, 40.80 manat olmaqla bir neçə dəfə pul göndərilmişdir ki, bu məbləğlərin borc olaraq verilməsi ağlabatan deyildir və bu hissədə cavabdehlərin izahatı daha inandırıcıdır. Cavabdehlər bildirmişdirlər ki, həmin məbləğlər həmin vaxt ataları (iddiaçının və cavabdehlərin) xəstə olduğuna görə ödənilmişdi – onlar atalarının övladları olaraq onun müəyyən xərclərini öz aralarında bölüşdürmüşdülər – bir övlad zəruri məişət əşyalarını alırdı, digəri dərmanlarını və s., yəni həmin pulların cavabdehin mülkiyyətinə verilməsi təsdiqini tapmamış, ailənin ümumi xərclərinin qarşlanması üçün istifadə edildiyi daha inandırıcı olmuşdur. İddiaçı tərəfindən göndərilən digər məbləğlərdə pulların isə tərəflərin ortaq kommersiya marağı olan çiyələk sahəsinə xərclənməsi məhkəmə tərəfindən ağlabatan hesab edilmişdir. Belə ki, iddia tələbinin özündən də göründüyü kimi, iddiaçı borc olaraq verilmiş məbləğin yox, çiyələk əkilməsi üçün cavabdehlərə vermiş olduğu pulun geri qaytarılmasını tələb edir. Yəni, həmin pulların cavabdehlər tərəfindən başqa məqsədlər üçün xərclənməsi və ya əkin işləri ilə bağlı götürdükləri öhdəlikləri cavabdehlərin yerinə yetirməməsi və bununla da iddiaçıya maddi zərər vurulması iddianın predmetini təşkil etmir. İddia tələbinin özündən də bəlli olduğu kimi, işin mübahisələndirilməyən halı ondan ibarətdir ki, tərəflər qeyri-qanuni sahibkarlıq fəaliyyəti olmaqla çiyələk əkini və satışı barədə razılığa gəlmiş, bu zaman hər bir tərəf müəyyən qədər pul xərcləmişdir. Məhkəmə iclasında isə iddiaçı tərəfindən həm cavabdehlərə göndərilmiş pulun miqdarını müəyyən etmək mümkün olmamış, həm də həmin məbləğ təsdiqini tapmış olsa da belə iddiaçının həmin pulu geri tələb edə bilməsi ilə bağlı subyektiv hüququ müəyyən edilməmişdir. Həmçinin mübahisəsiz haldır ki, tərəflər arasında mübahisə məhsulun yığımı zamanı, yəni iddiaçının cavabdehə göndərdiyi pullar xərcləndikdən sonra yaranmışdır ki, buna görə də iddiaçı tərəfindən cavabdehlərə göndərilmiş pul vəsaitinin təyinatı üzrə çiyələk sahəsinə xərcləndiyi daha inandırıcıdır. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh3 da digər cavabdehlərlə eyni məzmunlu izahat vermişdirlər. Cavabdeh3 digər cavabdehlərin və iddiaçının anası, Cavabdeh1 isə Cavabdeh3 oğlu, digər cavabdehlərin və iddiaçının qardaşıdır. Bildirmişdirlər ki, ailə olaraq çiyələk sahəsi əkmək və gəlir əldə etmək istəmişlər. İddiaçı və cavabdehlərin hər biri həm pul qoymaqla, həm də işi faktiki icra etməklə çiyələyin əkilməsində iştirak etmişlər. Lakin yığım zamanı tərəflər arasında mübahisə baş vermişdir, iddiaçı və cavabdehlərin münasibətləri pozulmuşdur. İddianı əsassız hesab edirlər, iddiaçının göndərdiyi pullar ailə məqsədləri üçün və çiyələk sahəsinin əkilməsi üçün xərclənib, iddiaçıya hər hansı borcları yoxdur. Məhkəmə, həmçinin onu da nəzərə alır ki, daha əvvəllər də tərəflər arasındakı hazırki mübahisə ilə əlaqəli (eyni məzmunlu) məhkəmənin icraatında cinayət və mülki işlər olmuşdur. Bu səbəbdən də məhkəmə cavabdeh tərəfin məhkəmədə verdiyi izahatı daha inandırıcı, səmimi və real hesab edir, iddiaçının ərizəsində göstərdiklərinə isə tənqidi yanaşır. Sadalananlardan göründüyü kimi, iddiaçının cavabdehlərə borc pul verməsi və cavabdehlərin hərəkəkətləri nəticəsində gəlirdən məhrum edilməsi (əldən çıxmış fayda) halı, habelə cavabdehlərin iddiaçının əmlakı hesabına əsassız varlanması halı məhkəmə iclası zaman tədqiq olunmuş sübutlar əsasında öz təsdiqini tapmadığından iddiaçının tələbi əsaslı sayıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara təsbit edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci maddəsinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddianı təsdiqləyən hər hansı mötəbər sübut mövcud deyil, buna görə də iddia əsassız olduğundan təmin edilməməsinə dair qətnamə çıxarılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. İş üzrə ödənilmiş 180 (bir yüz səksən) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev
Məhkəmə qərarları › İş №2(073)-894/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-894/2025
02.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver