Məhkəmə qərarları › İş №2(073)-905/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-905/2025

30.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-905/2025 30.05.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyeva Kəmalə Mehman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3410 (üç min dörd yüz on) manat pul və 55 (əlli beş) manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə göndərərək göstərmişdir ki, qeydiyyatda olduğu ünvanda yaşamır. İddaçı ilə aralarında borc mubahisəsi yoxdur. Təqdim etdiyi səs yazısını isə qanunsuz hesab edir, çünki onun xəbəri olmadan yazılıb. İşə istirakı olmadan baxıb iddianın rədd olunmasını xahiş edir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün saymışdır. İddia ərizəsinə əsasən iddiaçı hazırda Cəlilabad rayonunun Sabirabad kəndində yaşayır. Cavabdehlə heç bir ədavəti və düşmənçiliyi yoxdur. 2023-cü ilin aprel ayında cavabdeh ona zəng vuraraq icra işi ilə bağlı “Aqrolizinq”ə 7 min manat borcu olduğunu və həmin pulun ödənilməli olduğunu bilirmişdir. O da cavabdehə həmin borcu tam yox, hissəhissə ödəyə biləcəyini bildirmişdir. Həmin vaxtdan başlayaraq hissə-hissə 5660 manat icra işi ilə bağlı Orxana pul vermişdir. Sonradan o bilmişdir ki, Orxan həmin pulu öz ehtiyacları üçün istifadə edərək “Aqrolizinq”ə ödəniş etməyib. Orxan həmin 5660 manat puldan ona 2250 manat qaytarmış, qalan 3410 manat pulu bu günə kimi yalan vədlər verərək qaytarmayıb. O, həmin pulları Orxana ayrı-ayrı vaxtlarda oğlu Nurqələm və tanışı Səxavətin yanında vermişdir. Bundan başqa, hadisəni əks etdirən Orxanla olan telefon danışıqları da var. Həmin pulu qaytarmasını tələb etsə də, cavabdeh hər dəfə bəhanələr gətirərək borcunu qaytarmamışdır. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək verdiyi izahatında göstərmişdir ki, cavabdeh icra məmuru işləyirdi. İcra vərəqəsi ilə bağlı özü ona zəng etmiş və borcun bağlanılması üçün ona ödənişlər etməli olmasını demişdir. O da Orxana inanaraq müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə olmaqla pul vermişdir. Sonradan bilmişdir ki, cavabdeh onu aldadır və icra vərəqəsi üzrə ödəniş etmir. Hazırda cavabdehin barəsində prokurorluğa da şikayət etmişdir. Cavabdeh məhkəməyə ərizə göndərərək göstərmişdir ki, iddia ərizəsinə cavab olaraq qeyd etmək istəyir ki, onun iddaçıya heç bir borcu yoxdur, bundan əlavə, qeyd etdiyi səs yazısı isə onun icazəsi və xəbəri olmadan yazıldığı üçün sübut kimi qəbul edilməsi qanunvericiliyə ziddir. Əlavə olaraq, iddia ərizəsində adları qeyd olunan şəxsləri tanımır, onlar da onu tanımır, heç vaxt da heç bir məkanda bir araya gələməmişlər. İddianın təmin olunmamasını xahiş edir. Məhkəmə izahatı dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində ifadəsi alınmış X1 göstərmişdir ki, iddiaçı onun (şahidin) atasıdır. İşləri icraya verildikdən sonra Orxanın yanına gəliblər, Orxan onlardan 968 manat pul istəmiş, onlar da gətirib vermişlər. İddiaçı Orxana sonradan onun (şahidin) yanında 698 manat və 750 manat pul da verib. Pulu verdikləri vaxt Orxan icra məmuru işləyirdi. Hissə-hissə bir az pul qaytarıb. İddiaçının verdiyi və cavabdehin qaytardığı pulun məbləğini dəqiq bilmir. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində ifadəsi alınmış X2 verdiyi ifadəsində göstərmişdir ki, iddiaçı onun iş yoldaşı olmuşdur. İddiaçı ona (şahidə) deyib ki, “gedək mənimlə adam var ona pul verəcəm”. Onlar da bir yerdə getmişlər, iddiaçı pulu sayıb cababdehə vermişdir. Həmin adamın cavabdeh Orxan olduğunu bilir. Lakin iddiaçının nə qədər pul verdiyini, cavabdehin nə qədər qaytardığını dəqiq bilmir. Cavabdeh onlara neçə dəfə deyib ki, buralardayam, gəlin pulu qaytarım, lakin gedib onu (cavabdehi) tapmamışlar. 2 il olar ki, iddiaçı cavabdehə pul verib. Məhkəmə iclasında tədqiq edilmiş 1 ədəd DVD diskdəki yazışmalardan və zənglərdən görünür ki, tərəflər 2024-cü il ərzində müxtəlif vaxtlarda bir-birilərinə səsli və mətnli mesajlar göndərməklə və zəng vasitəsilə danışaraq aralarında olan borca görə əlaqə saxlayıblar. İddiaçı cavabdehə 5660 manat borcunun olduğunu, həmin puldan 1895 manatın ödənildiyini bildirir və qalıq borcun qaytarılmasını tələb edir. Cavabdeh isə iddiaçıya borclu olduğunu etiraf edir və borcu qaytaracağını öhdəsinə götürür, bu barədə bir neçə dəfə vəd verərək yerinə yetirmir. Cavabdehin məhkəməyə göndərdiyi ərizə ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh iddiaçı tərəfindən təqdim edilmiş səs yazılarının ona məxsus olmasını mübahisələndirməmiş, yalnız həmin yazıların onun (cavabdehin) xəbəri olmadan gizli yolla əldə edildiyini nəzərə almağı və sübut kimi qiymətləndirməməyi məhkəmədən xahiş etmişdir. Həmçinin məhkəmənin bütün iclasları barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iclaslarda iştirak etməmiş və ya iddiaya etiraz təqdim etməklə etirazını əsaslandırdığı halları məhkəməyə təqdim etməmişdir. Həmin səs yazısının sübut növü kimi qəbul edilib-edilməməsi ilə bağlı məhkəmə hesab edir ki, həmin yazının sübut kimi nəzərə alınması qanunvericiliyin tələbləri daxilində olmaqla şəxsi toxunulmazlıq hüququna qəsd kimi nəzərə alına bilməz. Belə ki, həmin danışıq və yazışmalar birbaşa əlaqədar tərəflər arasında baş vermişdir və onların arasında olan pul öhdəliyinin icrası ilə bağlı olmuşdur. Yəni, cavabdehin iddiaçıya borclu olması tərəflər üçün sirr deyildir və səs yazısı və yazışmaların sübut növü kimi qəbul edilməsi hər hansı mənada onların şəxsi toxunulmazlıq hüququnun pozulması kimi qiymətləndirilə bilməz. “N. Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, şəxs tərəfindən əqdin qarşı tərəfinə bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə edilməsi öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birilərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisələrin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Beləliklə, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, cavabdeh hər hansı hüquqi əsas olmadan iddiaçının əmlakını ələ keçirmiş və iddiaçının əmlakı hesabına əsassız varlanmışdır. Varlanmış əmlak – pulun məbləğinin isə iddia ərizəsində göstərildiyi miqdarda olmasını məhkəmə həqiqi hesab edir. Belə ki, tədqiq edilmiş səsli mesajlarda və yazılı mətnlərdə iddiaçı cavabdehə 5660 manat borcunun olduğunu, bundan 1895 manat qaytarıldığını bildirmiş, cavabdeh isə borc məbləğini mübahisələndirməmiş, iddiaçıya borcunun olduğunu etiraf etmiş və borcu ödəməli olduğunu bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; - 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; - 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır; - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisnaq olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir; - 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir; - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu da cavabdehdən alınıb iddiaçıya verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 3410 (üç min dörd yüz on) manat pul və 55 (əlli beş) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar