Məhkəmə qərarları › İş №2(073)-906/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-906/2025

22.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-906/2025 22.05.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1364 manat qalıq borc, 100 manat faiz borcu olmaqla, ümumilikdə 1464 manat borc və iddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumun əvəzi qismində 49 manat tutularaq İddiaçı MMC-yə ödənilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nisyə satılmış mallara görə yaranmış 2915 manat qalıq borc, 291 manat faiz borcu olmaqla, ümumilikdə 3206 manat borc və iddianın qaldırılması üçün ödənilmiş 49 manat tutularaq İddiaçı MMC-yə ödənilməsinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC-nin oğlu məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə göndərərək qeyd etmişdir ki, məhkəmədə iddia qaldırıldıqdan sonra cavabdehlər iddiaçıya olan borclarından ödənişlər etmişlər və hazırda cavabdehlərin iddiaçıya 1364 manat əsas borcu və 100 manat faiz borcu qalmışdır. Hazırda cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1364 manat qalıq borc, 100 manat faiz borcu olmaqla, ümumilikdə 1464 manat borc və iddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumun əvəzi qismində 49 manat tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsində göstərilir ki, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddiaçı MMC iddiasını əsaslandıraraq ərizəsində göstərmişdir ki, İddiaçı MMC ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 21 aprel 2023-cü il tarixli, 00443041 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh1 müqavilədə qeyd olunan mallar satılmışdır və cavabdehlər isə öz növbələrində müqavilə şərtlərinə uyğun olaraq vaxtında ödənişləri həyata keçirməyi öz öhdələrinə götürmüşlər. Lakin cavabdehlər müqavilənin şərtlərini pozaraq ödəniş cədvəlinə uyğun ödəniş etməkdən yayınmışlar. İddiaçı tərəfindən cavabdehlərə dəfələrlə xəbərdarlıq edilmiş, lakin cavabdehlər müxtəlif bəhanələrlə borcu ödəməkdən imtina etmişlər. İddiaçı ilə cavabdehlər arasında bağlanmış müqavilələr üzrə ümumilikdə 3950 manat ödənişdən 1035 manat ödəniş olunmuş hazırda 2915 manat borc qalmışdır. Cavabdehlər müqavilənin şərtlərini pozmuş və nəticədə 2915 manat ödənilməmiş hissə, 291 manat faiz borcu olmaqla, ümumilikdə 3206 manat təşkil etmişdir. Lakin məhkəmədə iddia qaldırıldıqdan sonra cavabdehlər iddiaçıya olan borclarından ödənişlər etmişlər və hazırda cavabdehlərin iddiaçıya 1364 manat əsas borcu və 100 manat faiz borcu qalmışdır. Qeyd edilənlərin nəzərə alınaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1364 manat qalıq borc, 100 manat faiz borcu olmaqla, ümumilikdə 1464 manat borc və iddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumun əvəzi qismində 49 manat tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi və cavabdehlər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddia ərizəsini nəzərdən keçirib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etiazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. İşdə olan İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış 21 aprel 2023-cü il tarixli, 00443041 saylı nisyə alqı-satqı müqaviləsindən görünür ki, iddiaçı həmin müqaviləyə uyğun olaraq 18 ay müddətinə, 2110 manat dəyərində olan 2 ədəd “LG” markalı televizor məhsulunu Cavabdeh1 satmışdır. Cavabdeh1 həmən müqaviləyə əsasən hər ay 100 manat, sonuncu ay 310 manat ödəmək üçün öz üzərinə öhdəlik götürmüşdür. İşdə olan İddiaçı MMC tərəfindən göndərilmiş xəbərdarlıq məktubundan görünür ki, iddiaçı cavabdehlərdən yaranmış borcun ödənilməsini tələb etmiş, əks təqdirdə çəkilən xərclərlər də əlavə olunmaqla məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Beləliklə məhkəmə iclası zamanı müəyyən olundu ki, İddiaçı MMC ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 21 aprel 2023-cü il tarixli, 00443041 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh1 2 ədəd “LG” markalı televizor məhsulları satılmışdır və cavabdehlər isə öz növbələrində müqavilə şərtlərinə uyğun olaraq vaxtında ödənişləri həyata keçirməyi öz öhdələrinə götürmüşlər. Lakin cavabdehlər müəyyən müddət ödənişdən sonra müqavilənin şərtlərini pozaraq ödəniş cədvəlinə uyğun ödəniş etməkdən yayınmışlar. İddiaçı tərəfindən cavabdehlərə dəfələrlə xəbərdarlıq edilmiş, lakin cavabdehlər müxtəlif bəhanələrlə borcu ödəməkdən imtina etmişlər. İddiaçı ilə cavabdehlər arasında bağlanmış müqavilə üzrə ümumilikdə 2110 manat məbləğdən ödəniş olunmuş, lakin 1364 manat borc qalmışdır. Cavabdehlər müqavilənin şərtlərini pozaraq götürdükləri öhdəliklərə əməl etməmişlər və hazırda iddiaçı cəmiyyətə olan borcları 1364 manat ödənilməmiş hissə, 100 manat faiz borcu olmaqla, ümumilikdə 1464 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları-fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (MM-nin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu-pul ödəməyə, əmlak verməyə işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor-borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Azərbaycan Respublikası Mülki Məcəlləsində təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu mənada, öhdəliyin pozulması-öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, iddiaçının digər Cavabdeh2 münasibətdə də tələbi qanuni və əsaslıdır. Belə ki, Azərbayan Respublikasının Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Yuxarıda da qeyd olunduğu kimi cavabdehlər zaminlik müqaviləsini imzalamaqla kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşlər. Məhkəmə onu da qeyd edir ki, hazırkı mübahisənin hüquqi və faktiki halları baxımından cavabdehlər iddiçı qarşısında müqavilədən irəli gələn birgə borclular kimi çıxış edirlər və müvafiq olaraq götürdükləri öhdəliklər də birgə öhdəliklər kimi qiymətləndirilməlidir. Bu mənada, məhkəmə hesab edir ki, iddiacının cavabdehlərin hər ikisinə qarşı eyni zamanda hazırkı iddia tələbi ilə çıxış etmək və onlardan kredit borcunun və faizlərin tutulmasını tələb etmək hüququ həm də Mülki Məcəllənin 500-cü maddəsinin müddəalarından irəli gəlir. Həmin maddəyə görə əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borcludurlar. Birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. İşdə olan iddiaçı cəmiyyətlə Cavabdeh2 arasında bağlanmış 21 aprel 2023-cü il tarixli, 00443041 saylı nisyə alqı-satqı müqaviləsi ilə müəyyən edilir ki, zamin Cavabdeh2 qeyd olunan müqavilə üzrə Cavabdeh1 öhdəliklərini icra etməsi üçün məsuliyyət daşıyır. İş materiallarından göründüyü kimi cavabdehlər nisyə alqı-satqı müqaviləsi üzrə götürdükləri öhdəlikləri yerinə yetirməmişlər və nəticədə qeyd edilən müqavilə üzrə iddiaçı cəmiyyətə hazırki borc yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1364 manat qalıq borc və 100 manat faiz borcu olmaqla, ümumilikdə 1464 manat alınıb İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdə olan xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 49 manat dövlət rüsumu ödəmişdir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 49 manat dövlət rüsumu da cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçı təşkilata ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə… Qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1364 (bir min üç yüz altmış dörd) manat qalıq borc və 100 (bir yüz) manat faiz borcu olmaqla, ümumilikdə 1464 (bir min dörd yüz altmış dörd) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 49 (qırx doqquz) manat alınıb İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar