Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-915/2025 28.10.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Qasımov Elvin Yusif oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 10000 (on min) manat əsas borc, 100 manat hüquqi xidmətlərə və 3 manat notariat hərəkətlərinin aparılmasına görə haqq və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 122 manat dövlət rüsumu olmaqla, cəmi 10225 (on min iki yüz iyirmi beş) manat məbləğində pulun alınıb ona (iddiaçıya) verilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Ona görə də Cəlilabad Rayon Məhkəməsinin 13 fevral 2024-cü il tarixli, 2(073)-220/2024 saylı qərardadı ilə mülki iş baxılmamış saxlanılmışdır. Bundan sonra İddiaçı hüquqi varisi X2 məhkəməyə ərizə ilə müraciət edərək, iddiaçı olan oğlu İddiaçı 30 dekabr 2023-cü il tarixdə öldürüldüyünü, 18 dekabr 2024-cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə əsasında onun İddiaçı hüquqi varisi kimi tanındığını qeyd edərək, mülki işin baxılmamış saxlanılması haqqında Cəlilabad Rayon Məhkəməsinin 13 fevral 2024-cü il tarixli, 2(073)-220/2024 saylı qərardadının ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin 14 mart 2025-ci il tarixli, 2(073)-915/2025 saylı qiyabi qətnaməsi ilə iddia təmin edilmişdir. Lakin, Cavabdeh 05 may 2025-ci il tarixdə məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək, iddianı etiraf etmədiyini və Cəlilabad Rayon Məhkəməsinin 14 mart 2025-ci il tarixli, 2(073)-915/2025 saylı qiyabi qətnaməsinin qəbul edilməsi barədə məlumatının olmadığını bildirərək, həmin qətnamənin ləğv edilərək işə onun iştirakı ilə baxılmasını xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(073)-915/2025 saylı qərardadı ilə Cəlilabad Rayon Məhkəməsinin 14 mart 2025-ci il tarixli, 2(073)-915/2025 saylı qiyabi qətnaməsi ləğv edilmiş və işə tərəflərin iştirakı ilə yenidən baxılması qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh əvvəllər tanımış və münasibətləri yaxşı olmuşdur. Cavabdeh 2021-ci ilin iyun ayında ona müraciət edib pula ehtiyacının olduğunu bildirmiş və ondan qısa müddətə borc pul istəmişdir. Münasibətləri yaxşı olduğu üçün 27 iyun 2021-ci il tarixdə Vüsala 10.000 (on min) manat borc pul vermişdir. Aralarında olan razılaşmaya görə Vüsal borcu 2021-ci ilin iyul ayının sonunda qaytarmalı idi. Cavabdeh bu barədə şəxsiyyət vəsiqəsinin surəti çıxarılmış kağıza öz xətti ilə qəbz yazıb imza etmiş və həmin qəbzi ona (iddiaçıya) vermişdir. Lakin, həmin müddət keçsə də, cavabdeh borcunu qaytarmamışdır. Həmin borc tələb edilən zaman isə cavabdeh iddiaçıdan gizlənmiş, telefon zənglərinə cavab verməmiş və borcunu qaytarmaqdan boyun qaçırmışdır. İddiaçı məhkəmədə iddia qaldırmaq, hüquqi məsləhət almaq və sənədləri tərtib etmək üçün Bakı şəhəri, Q. Qarayev prospekti 52 ünvanında yerləşən Hüquqi işlər mərkəzinə müraciət etmiş və 100 manat hüquqi xidmətlərə görə haqq ödəmişdir. Bundan başqa məhkəmədə iddia qaldırmaq üçün 122 manat, notariusda şəxsiyyət vəsiqəsinin surətinin təsdiq edilməsi üçün 3 manat dövlət rüsumu ödəmişdir. Həmin məbləğlərin də cavabdehdən tutulub ona verilməsini istəyir. İddiaçı 26 oktyabr 2023-cü il tarixdə borcun qaytarılması barədə cavabdehə pretenziya məktubu göndərsə də, lakin cavabdeh pretenziya məktubuna əhəmiyyət verməmişdir. Odur ki, Cavabdeh 10000 (on min) manat əsas borc, 100 manat hüquqi xidmətlərə və 3 manat notariat hərəkətlərinin aparılmasına görə haqq və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 122 manat dövlət rüsumu olmaqla, cəmi 10225 (on min iki yüz iyirmi beş) manat məbləğində pulun alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. İddiaçı hüquqi varisi X2 məhkəməyə ərizə göndərərək məhkəmə iclaslarında üzrlü səbəbdən iştirak edə bilmədiyini, işə onun iştirakı olmadan baxılıb iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh 30 may 2025-ci il tarixli məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, Cəlilabad rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(073)-915/2025 saylı qiyabi qətnaməsi ilə ondan 10000 (on min) manat əsas borc, 100 manat hüquqi xidmətlərə görə haqq və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 122 manat dövlət rüsumu olmaqla, cəmi 10222 (on min iki yüz iyirmi iki) manat pulun alınıb İddiaçı hüquqi varisi X1 verilməsi qət edilmişdir. O, Cəlilabad rayonu Zopun kəndində qeydiyyatda olsa da, Bakı şəhəri Hövsan qəsəbəsində yaşadığı üçün keçirilən bütün məhkəmə iclaslarından və qəbul edilmiş yekun məhkəmə qərarından məlumatı olmamışdır. Məhkəmədə iştirak etmədiyi üçün iddianın əsassızlığı barədə sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Onun iddiaçıya heç bir borcu yoxdur. İş materiallarında olan və onun adından iddiaçıya borcun etiraf edilməsi barədə qəbzdən ümumiyyətlə xəbəri olmamış, belə bir qəbzi o yazmamış və həmin qəbzdəki imza ona məxsus deyildir. Qeyd etdiklərinin nəzərə alınaraq iş üzrə məhkəmə-xətşünaslıq ekspertizasının təyin edilməsini xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(073)-915/2025 saylı qərardadı ilə iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 01 avqust 2025-ci il tarixli, 4/1116 saylı ekspert rəyinə əsasən, xx.xx.2021-ci il tarixli “Borc müqaviləsin”dəki yazıların və “Cavabdeh” yazılarının qarşısında olan imzanın-Cavabdeh tərəfindən icra edildiyi müəyyən edilmişdir. Cavabdeh 28 oktyabr 2025-ci il tarixli məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, iddianı etiraf edir, vətən müharibəsi iştirakçısıdır və heç bir yerdə işləmir. O, 80 manat müavinət alır və tələb edilən pul məbləğinin aldığı müavinətdən tutulmasına etirazı yoxdur. Qeyd etdiklərinin məhkəmədən nəzərə alınmasını xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə cavabdehin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - 27 iyun 2021-ci il tarixli “Borc müqaviləsi” adlı sənəddən görünür ki, Cavabdeh tanışı İddiaçı 27 iyun 2021-ci il tarixdə 10000 (on min) manat borc pul aldığını, aldığı həmin pulu 2021-ci ilin iyul ayının sonunda qaytaracağı ilə bağlı öhdəlik götürmüş və həmin sənədi imza etmişdir. - Mədaxil qəbzindən görünür ki, İddiaçı hüquqi xidmətlərin göstərilməsi üçün Hüquqi işlər mərkəzinə 100 manat xidmət haqqı ödəmişdir. - Mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün İddiaçı tərəfindən 122 manat dövlət rüsumu ödənilmişdir. - Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, sənədin notarial qaydada təsdiq edilməsi üçün 3 manat haqq tutulmuşdur. - İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış 27 oktyabr 2023-cü il tarixli məktubdan görünür ki, İddiaçı cavabdehə verdiyi 10000 (on min) manat borc pulu qaytarmasını tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət edəcəyini bildirmişdir. - AZ-İİ № 406447 nömrəli “Ölüm haqqında şəhadətnamə”-dən görünür ki, İddiaçı 30 dekabr 2023-cü il tarixdə ölmüşdür. - 18 dekabr 2024-cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamədən görünür ki, X2 xx.xx.2023-cü il tarixdə vəfat etmiş İddiaçı hüquqi varisi kimi tanınmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 01 avqust 2025-ci il tarixli, 4/1116 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 8-ci vərəqində Cavabdeh adından olan xx.xx.2021-ci il tarixli “Borc müqaviləsin”dəki yazılar və “Cavabdeh” yazılarının qarşısında olan imza-Cavabdeh tərəfindən icra edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh 2021-ci ilin iyun ayında İddiaçı 10000 (on min) manat məbləğində borc pul almış və həmin pulu 2021-ci ilin iyul ayının sonunadək iddiaçıya qaytaracağı ilə bağlı “Borc müqaviləsi” adlanan sənədə imza etməklə yazılı öhdəlik götürmüşdür. Lakin həmin müddətin keçməsinə və iddiaçı tərəfindən dəfələrlə tələb edilməsinə baxmayaraq, cavabdeh aldığı borcu iddiaçıya qaytarmamış və borc verənin bununla bağlı tələb etdiyi vəzifəsini icra etməmişdir. Cavabdehin iddiaçıya olan borcu iş materialları, işdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyi və digər sənədlərlə də təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; - 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. - 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh borc almaqla iddiaçı qarşısında öhdəlik götürdüyündən, aldığı pulu eyni qaydada borc verənə qaytarmalı olduğundan və müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, borc məbləğini ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilərək, Cavabdeh 10000 (on min) manat məbləğində pul tutularaq, İddiaçı hüquqi varisi X1 ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən məhkəməyə dövlət rüsumu olaraq ödənilmiş 122 manat, hüquqi xidmətlərə görə 100 manat və notariat hərəkətlərinin aparılmasına görə 3 manat haqq cavabdehdən tutularaq iddiaçının hüquqi varisinə ödənilməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsi ilə bağlı aparılmış tədqiqatın dəyəri olan, ümumilikdə 124 (bir yüz iyirmi dörd) manat Cavabdeh tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220 və 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 10000 (on min) manat əsas borc, hüquqi xidmətlərə görə 100 manat, notariat hərəkətlərinin aparılmasına görə 3 manat haqq və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 122 manat dövlət rüsumu olmaqla, cəmi 10225 (on min iki yüz iyirmi beş) manat pul alınıb İddiaçı hüquqi varisi X1 verilsin. İş üzrə məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsi ilə bağlı aparılmış tədqiqatın dəyəri olan, ümumilikdə 124 (bir yüz iyirmi dörd) manat Cavabdeh tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə («Elektron Məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:Vüsal Cəbrayılov
Məhkəmə qərarları › İş №2(073)-915/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-915/2025
28.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver