Məhkəmə qərarları › İş №2(073)-919/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-919/2025

12.05.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-919/2025 12.05.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyeva Kəmalə Mehman qızının katibliyi, Üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı üçüncü şəxslər "xxxx" ASC və Cəlilabad rayon İcra və Probasiya Şöbəsi olmaqla cavabdeh Cəlilabad rayonu 1 saylı Notariat Ofisinə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı üçüncü şəxslər "xxxx" ASC və Cəlilabad rayon İcra və Probasiya Şöbəsi olmaqla cavabdeh Cəlilabad rayonu 1 saylı Notariat ofisinə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cəlilabad rayonu 1 saylı Notariat ofisinin xüsusi notariusu X6 tərəfindən verilən borcun ödənilməsi haqqında xx.xx.2025-ci il tarixli (8i)-556 nömrəli icra qeydinin ləğv edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış ipoteka müqayiləsi üzrə iddiaçıya bank tərəfindən kredit ayrılmışdır. Kredit müqaviləsinin təminatı kimi iddiaçıya məxsus Abşeron rayonu, Masazır kəndi, İstiqlaliyyət küçəsində yerləşən 13 saylı evin 6 saylı mənzili ipoteka ilə yüklü edilmişdir. Müqavilə üzrə öhdəliyini vaxtı-vaxtında ödəsə də, sonradan maddi imkanı zəif olduğu üçün ödənişləri ödəyə bilməmişdir. Buna baxmayaraq kredit öhdəliyi üzrə məbləğlərdə müəyyən gecikmələr və fərqlər olsa da bank ilə razılığı əsasında hər ay bu günədək ödənişlər etmişdir. Lakin bir neçə gün bundan əvvəl icra məmuru iddiaçıya bildirilmişdir ki, bank tərəfindən icra edilməmiş öhdəliyinin icrasının təmin edilməsi üçün notariusun icra qeydi əsasında İcra şöbəsinə icra sənədi daxil olmuşdur. Cəlilabad rayonu 1 saylı notariat ofisinin xüsusi notariusu X6 tərəfindən təsdiq edilən icra qeydində onun borcu şişirdilmişdir və buna görə də icra qeydi üzrə mübahisəli hallar olduğundan həmin əsassız icra qeydi ləğv edilməlidir. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin ikinci abzasında qeyd olunur ki, “İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Maddənin məzmunundan göründüyü kimi, notarius icra qeydi verməsi üçün borc üzrə mübahisə olmamalıdır. Halbuki "xxxx" ASC-nin tələbi üzrə mübahisə mövcuddur və borc məbləğinin şişirdilməsi həqiqəti əks etdirmir. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 saylı qərarı ilə təsdiq edilmiş “Notariat lərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 161-ci maddəsində qeyd edilir ki, icra qeydi borc mübahisəsiz olduğu halda aparılır. Notariat haqqında Azərbaycan Respublikasının Qanununun 76-cı maddəsinin dördüncü və beşinci abzasında isə göstərilir ki, ‘'icra qeydinin aparılmaşı üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərinə müraciət edə bilərlər. Qeyd olunan maddənin məzmunundan göründüyü kimi, hüquqi şəxslər icra qeydinin aparılması üçün yalnız elektron formada müraciət edə bilərlər. Maddəyə əsasən yalnız fiziki şəxslər elektron imzadan istifadə etməməklə yazılı qaydada da notariat ofisilərinə müraciət edə bilmələri mümkündür. Lakin əldə edilmiş məlumata əsasən "xxxx" ASC “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə riayət etməyərək, elektron qaydada deyil, fiziki şəxslərə tanınmış hüquqdan istifadə edərək yazılı qaydada ünvan 1 ünvanlayaraq icra qeydi verilməsinə nail olmuşdur. Halbuki sözügedən Qanundan da göründüyü kimi fiziki şəxslər istisna olmaqla hüquqi şəxslər yalnız elektron formada elektron norariat informasiya sistemi vasitəsilə notariat ofislərinə müraciət edə bilər, elektron formadan kənar deyil. Buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında üçüncü şəxs “Unibank" KB ASC-nin nümayəndəsi X7 iddianı etiraf etməyərək verdiyi izahatında göstərmişdir ki, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 24BK/20 saylı əsas kredit müqaviləsinə əsasən 60 000 (altmış min) manat məbləğində0, illik 28 faiz olmaqla, maksimum 120 ay müddətinə kredit verilmişdir. Bundan əlavə, xx.xx.2023-cü il tarixli 54BKƏ/23 saylı əlavə kredit müqaviləsinə əsasən iddiaçıya 85000 (səksən beş min) manat məbləğində, illik 17 faiz olmaqla, maksimum 24 ay müddətinə kredit verilmişdir. Həmçinin xx.xx.2020-ci il tarixli 24BK/20 saylı əsas kredit müqaviləsinə xx.xx.2023-cü il tarixli əlavə saziş üzrə iddiaçıya 255000 (iki yüz əlli beş min) manat məbləğində, illik maksimum 28 faiz, xx.xx.2030-cu il tarixinədək müddətə kredit verilmişdir. xx.xx.2020-ci il tarixli 24BK/20 saylı ipoteka müqaviləsi ilə kredit müqaviləsinin təminatı kimi İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndi, İstiqlaliyyət küçəsində yerləşən 13 saylı evin 6 saylı mənzil və xx.xx.2023-cü il tarixli 24BK/20-2 saylı ipoteka müqaviləsi ilə X4 məxsus Abşeron rayonu, Masazır kəndi, İstiqlaliyyət küçəsində yerləşən ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi , “Unibank" KB ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. İddiaçı Müqavilələr üzrə öhdəlikləriniini vaxtı-vaxtında icra etmədiyindən, Cəlilabad rayonu 1 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən aparılmış icra qeydi əsasında “Unibank" KB ASC qarşısında 54BKƏ/23 saylı əlavə kredit müqaviləsi üzrə yaranmış 72260.12 manat əsas borc, 958.84 manat faiz borcu, 200.06 manat dəbbə pulu olmaqla cəmi 73419.02 manat borcun təminatı olan İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndi, İstiqlaliyyət küçəsində yerləşən 13 saylı evin 6 saylı mənzilə və X4 məxsus Abşeron rayonu, Masazır kəndi, İstiqlaliyyət küçəsində yerləşən ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binasına tutma yönəldilmişdir. Həmin icra qeydi qanuni və əsaslıdır. "xxxx" ASC qanunvericilikdə nəzərdə tutulmuş bütün tələblərə tam əməl etməklə icra qeydi barədə elektron ərizə vermişdir. İddianı əsassız hesab edir, iddianın məqsədi sadəcə icranı ləngitməkdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı, cavabdeh Cəlilabad rayonu 1 saylı Notariat ofisinin və üçüncü şəxs Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin nümayəndələri məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə gəlməyən tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə izahatı dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsassızdır. Belə ki, işdə olan Cəlilabad şəhəri 1 saylı Notariat ofisində təsdiq edilmiş xx.xx.2025ci il tarixli İcra Qeydindən görünür ki, "xxxx" ASC qarşısında 54BKƏ/23 saylı əlavə kredit müqaviləsi üzrə yaranmış 72260.12 manat əsas borc, 958.84 manat faiz borcu, 200.06 manat dəbbə pulu olmaqla cəmi 73419.02 manat borcun təminatı kimi İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndi, İstiqlaliyyət küçəsində yerləşən 13 saylı evin 6 saylı mənzilə və X1 mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndi, İstiqlaliyyət küçəsində yerləşən ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binasına tutma yönəldilmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli 24BK/20 saylı əsas kredit müqaviləsindən görünür ki, İddiaçı 60 000 (altmış min) manat məbləğində, illik 28 faiz olmaqla, maksimum 120 ay müddətinə kredit verilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli, 54BKƏ/23 saylı əlavə kredit müqaviləsindən görünür ki, İddiaçı 85000 (səksən beş min) manat məbləğində, illik 17 faiz olmaqla, maksimum 24 (iyirmi dörd) ay müddətinə kredit verilmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli 24BK/20 saylı əsas kredit müqaviləsinə xx.xx.2023-cü il tarixli əlavə sazişdən görünür ki, İddiaçı 255000 (iki yüz əlli beş min) manat məbləğində, illik maksimum 28 faiz olmaqla, xx.xx.2030-cu il tarixinədək müddətə kredit verilmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli 24BK/20 saylı ipoteka müqaviləsindən görünür ki, xx.xx.2020-ci il tarixli 24BK/20 saylı kredit müqaviləsinin təmnatı olaraq X1 mülkiyyətindəki Abşeron rayonu, Masazır kəndi, İstiqlaliyyət küçəsində yerləşən "Yeni Bakı" yaşayış kompleksi, ev 2F ünvanında yerləşən qeyri-yaşayış sahəsi “Unibank" KB ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli 24BK/20-2 saylı ipoteka müqaviləsindən görünür ki, xx.xx.2020-ci il tarixli 24BK/20 saylı kredit müqaviləsi və bu müqaviləyə xx.xx.2023-cü il tarixli sazişin təmnatı olaraq İddiaçı mülkiyyətindəki Abşeron rayonu, Masazır kəndi, İstiqlaliyyət küçəsində yerləşən 13 saylı evin 6 saylı mənzili “Unibank" KB ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş ********** Qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli çıxarışdan görünür ki, Abşeron rayonu, Masazır kəndi, İstiqlaliyyət küçəsində yerləşən ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi X1 xüsusi mülkiyyətindədir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş ********** Qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, Abşeron rayonu, Masazır kəndi, İstiqlaliyyət küçəsində yerləşən 13 saylı evin 6 saylı mənzili X2 xüsusi mülkiyyətindədir. İşdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, X2 mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndi, İstiqlaliyyət küçəsində yerləşən 13 saylı evin 6 saylı mənzil xx.xx.2020-ci il tarixli 24BK/20 saylı əsas kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək üçün “Unibank" KB ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli çıxarışdan görünür ki, X1 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi xx.xx.2020-ci il tarixli 24BK/20 saylı əsas kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək üçün “Unibank" KB ASC-nin qarşısında xeyrinə ipoteka ilə yüklü edilmişdir. İşdə olan iddiaçı Bank tərəfindən cavabdeh X5 ünvanlanmış xx.xx.2024-cü il tarixli, bildirişdən görünür ki, Bank tutmanın ipoteka predmetinə yönəldilməsinə başlanıldığına dair mülkiyyətçiyə xəbərdarlıq etmişdir. İşdə olan iddiaçı Bank tərəfindən cavabdeh X4 ünvanlanmış xx.xx.2024-cü il tarixli, bildirişdən görünür ki, Bank tutmanın ipoteka predmetinə yönəldilməsinə başlanıldığına dair mülkiyyətçiyə xəbərdarlıq etmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən “Unibank" KB ASC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Bankın ********** saylı xx.xx.2024 tarixli elektron müraciətinə əsasən ünvan 6 ünvanında yerləşən mənzilə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Bankın ********** saylı xx.xx.2024 tarixli elektron müraciətinə əsasən Masazır kəndi, "Yeni Bakı" yaşayış kompleksi, ev 2F ünvanında yerləşən qeyriyaşayış sahəsinə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış müxtəlif tarixli kredit müqavilələrinə əsasən iddiaçıya müxtəlif məbləğlərdə kredit verilmiş, kreditin təminatı kimi iddiaçıya məxsus müxtəlif əmlaklar ipoteka ilə yüklü edilmişdir. İddiaçı kredit öhdəliyini icra etmədiyinə görə bank icra qeydinin aparılması ilə əlaqədar notariat orqanına müraciət etmiş və Cəlilabad rayon Notariat ofisinin xüsusi notariusu tərəfindən xx.xx.2025-ci il tarixli icra qeydi aparılmışdır. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Məhkəmə hesab edir ki, icra qeydinin aparılması ilə əlaqədar bank və notarius tərəfindən qanunvericiliyin tələblərinə tam əməl edilmişdir. İddiaçı borc məbləğinin şişirdilməsini göstərərək mübahisə olduğuna görə notarius tərəfindən icra qeydi aparılmalı olmamasını göstərsə də, borcun hansı hissədə şişirdilməsi ilə bağlı hər hansı dəlil təqdim etməmişdir, həmçinin həmin hal iş materiallarında olan maliyyə arayışı və hesabdan çıxarış ilə təkzib edilmişdir. İddia ərizəsində göstərilən bankın elektron deyil, yazılı qaydada notariusa icra qeydi ilə bağlı müraciət etməsi halı da iş materialları ilə təkzib edilmişdir – iş materiallarında olan müraciətdən görünür ki, bank “Elektron imza və elektron sənəd” haqqında Qanunun tələblərinə tam əməl etməklə elektron qaydada müraciət etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia həqiqətən də icranın ləngidilməsi görüntüsü yaratmaqla əsassızdır və rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırlamı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216-220, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Göstərilən müddətdə apellyasiya şikayəti verilmədikdə, həmin müddət bitdikdən sonrakı gün qətnamə qanuni qüvvəsini alır. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar