Məhkəmə qərarları › İş №2(073)-924/2024

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-924/2024

07.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-924/2024 07.05.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbi barədə mülki işə Cəlilabad şəhərində, 07 may 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(073)-648/2021 saylı qətnaməsi ilə 03 dekabr 2019cu il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin edilmiş 130 (bir yüz otuz) manat alimentin məbləğinin artırılaraq hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində müəyyən edilməsi və həmin məbləğin Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək bildirdi ki, o, Cavabdeh ilə el adəti ilə ailə qurmuşdur. Birgə nikahlarından 03 dekabr 2019-cu ildə Mələk adlı övladları doğulmuşdur. Cavabdehlə birgə yaşamaları mümkün olmadığı üçün ayrılmışlar. Cəlilabad rayon məhkəməsinin 02 mart 2021-ci il tarixli, 2(073)-648/2021 saylı qətnaməsi ilə uşağının saxlanılması üçün hər ay 130 manat sabit pul məbləğində aliment müəyyən edilmişdir. Məhkəmə tərəfindən uşağın saxlanması üçün müəyyən edilən alimentin miqdarı uşağın normal yaşaması və sağlam böyüməsi üçün kifayət etmir. Hazırkı mübahisə ilə əlaqədar məhkəməyə müraciət etməzdən əvvəl o, ilkin mediasiya sessiyasında iştirak etmiş, lakin cavabdeh ilkin mediasiya sessiyasına gəlməmişdir. Bununla bağlı ona arayış da verilmişdir. Odur ki, o, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Qeyd etdiklərinin nəzərə alınıb iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəməyə iddiaya etiraz ərizəsi göndərərək göstərmişdir ki, İddiaçı məhkəmədə ona qarşı alimentin artırılması barədə iddia qaldırmışdır. İddianı etiraf etmir. Özü vətən müharibəsi iştirakçısıdır və “Qubadlının azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına” görə medalları ilə təltif edilmişdir. Hazırda işləmir gəliri yalnız 80 manat məbləğində olan müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdündən ibarətdir. O, iddiaçı ilə ayrıldıqdan sonra başqa bir qadınla ailə qurmuş və onların Rüqayyə və Qalib adlı iki övladı doğulmuşdur. Həmin uşaqlar da onun himayəsindədir. Qeyd etdiklərinin nəzərə alınıb iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respubikası MPM-nin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçını dinləyərək və işdə olan sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, məhkəmə alimentin ödənilməsinin reallığı baxımından, cavabdehin maddi imkanını nəzərə alaraq təyin edilmiş 130 (bir yüz otuz) manat alimentin miqdarının artırılaraq 160 (bir yüz altmış) manat məbləğində müəyyən edilməsini məqsədəuyğun hesab edir. Belə ki, iş materiallarında olan Cəlilabad rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV № 395843 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X7 03 dekabr 2019-cu il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası X3r. İş materiallarında olan Cəlilabad Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli, 2(073)-648/2021 saylı qətnaməsinin surətindən görünür ki, 02 mart 2021-ci il tarixdən başlayaraq 03 dekabr 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay bir uşağa görə 130 (bir yüz otuz) manat sabit pul məbləğində aliment tutularaq X4 verilməsi qət edilmişdir. İş materiallarında olan 14 fevral 2024-cü il tarixli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, İddiaçı alimentin artırılması tələbi üzrə ilkin mediasiya sessiyasında iştirak etmiş, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 (altmış) manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Digər tərəf Cavabdeh isə ilkin mediasiya sessiyasının vaxtı və yeri barədə əvvəlcədən lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İşdə olan “Azərbaycan Respublikası Medalının vəsiqələrinin” surətlərindən görünür ki, Cavabdeh vətən müharibəsi iştirakçısıdır və o, “Qubadlının azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən əldə edilmiş sosial müavinət və təqaüd haqqında elektron arayışdan görünür ki, Cavabdeh vətən müharibəsi iştirakçısı olduğu üçün 80 (səksən) manat məbləğində müharibə veteranlarına Azərbaycan Respubliası Prezidentinin təqaüdünü alır. İşdə olan “Nikah haqqında Şəhadətnamənin” təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh və X6 arasında Cəlilabad rayon Qeydiyyat şöbəsində 09 fevral 2022-ci il tarixdə nikah bağlanaraq, nikahın bağlanması haqqında akt qeydləri kitabında 29 nömrə ilə qeydə alınmışdır. İşdə olan Cəlilabad rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 361/12 saylı arayışdan görünür ki, X5 12 fevral 2022-ci il tarixdə Cəlilabad şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası X2r. İşdə olan Cəlilabad rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, AZ-İV № 991638 saylı “Doğum haqqında Şəhadətnamənin” təsdiq edilmiş surətindən görünür ki, X8 27 fevral 2024-cü il tarixdə Cəlilabad şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası X2r. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ həm də borcudur. İnsan Hüquqlarına Dair Ümumi Bəyannamənin 25-ci maddəsinin 2-ci bəndinə əsasən, analar və uşaqlar xüsusi qayğı və yardım almaq hüququna malikdirlər. Həm nikah nəticəsində, həm də nikahdan kənar doğulmuş uşaqlar eyni sosial müdafiədən istifadə etməlidirlər. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tululur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Ölkə üzrə uşaqlar üçün yaşayış minimumunun 2024-cü il üzrə hər ay 235 manat həddində müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, bu məbləğ Azərbaycan Respublikasında bir uşağın saxlanması üçün zəruri olan minimal məbləği ehtiva etməklə, özü-özlüyündə aliment məbləğinin bu həddə müəyyən edilməsi anlamına gəlmir. Qanunvericilik aliment məbləğinin müəyyən edilməsi zamanı bir sıra halların araşdırılmalı olduğunu tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, alimentin miqdarı müəyyən olunarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. Göstərilən qərarda məhkəmə qeyd etmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Yaşayış minimumu haqqında” Qanunun Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrində nəzərdə tutulmuş aliment münasibətlərinə aid edilməsinin mümkünlüyünə gəldikdə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, sabit pul məbləğində təyin edilmiş alimentin miqdarının artırılması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Nəticə etibarı ilə məhkəmənin mövqeyi belə olmuşdur ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarı ilə müəyyən edilir ki, alimentin məbləği məhkəmələr tərəfindən müəyyən edilərkən konkret iş üzrə hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilməli, bu hallara qiymət verərkən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olması nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsi uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olması hüququnu tanımaqla yanaşı, alimentin «Yaşayış minimumu haqda» qanunla müəyyən edilmiş dəqiq məbləğin deyil, qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasını müəyyən etmişdir. Həmin qərarda Konstitusiya məhkəməsi “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təmin edilməsinin bütünlüklə aliment ödəyən valideynin vəzifəsi olduğunu birmənalı olaraq müəyyən etməmişdir. Qeyd olunan qanunlardan göründüyü kimi uşaqların saxlanılması və onların maddi tələbatlarının təmin edilməsi valideynlərin mübahisəsiz və şərtsiz vəzifəsidir. Valideynlər bu vəzifəni yerinə yetirmədikdə isə, qanunverici uşaqları saxlanılması üçün lazım olan vəsaiti, yəni alimenti məhkəmə qaydasında tutulmasını müəyyən etmişdir. Məhkəmə sabit pul məbləğində alimentin miqdarını müəyyənləşdirərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. Lakin bu məbləğ elə müəyyənləşdirilməlidir ki, uşaqların lazımi səviyyədə saxlanılmasını təmin etsin. Hazırkı yaşayış səviyyəsini, minimum əmək haqqının miqdarını, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarını, iddiaçının maddi vəziyyətini, həmçinin uşağın mənafeyini və yuxarıda şərh olunan mənada qanunverici tərəfindən müəyyən olunmuş alimentin məqsədini nəzərə alaraq məhkəmə hesab edir ki, Cəlilabad Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli, 2(073)-648/2021 saylı qətnaməsi ilə 03 dekabr 2019-cu il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü sabit pul məbləğində müəyyən edilmiş 130 (bir yüz otuz) manat məbləğində alimentin miqdarı artırılaraq 160 (bir yüz altmış) manat müəyyən edilməli və X1 yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü Cavabdeh hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Hazırki iş üzrə iddianın təmin edilən hissəsinə uyğun olaraq 1 illik ödəmənin məcmusu 1000 (bir min) manatdan artıq olduğu üçün “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən 39.20 (otuz doqquz manat iyirmi qəpik) manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cəlilabad Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli, 2(073)-648/2021 saylı qətnaməsi ilə 03 dekabr 2019-cu il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü 130 (bir yüz otuz) manat sabit pul məbləğində müəyyən edilmiş alimentin miqdarı artırılaraq 160 (bir yüz altmış) manat müəyyən edilsin. 03 dekabr 2019-cu il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü Cavabdeh hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Miqdarı dəyişdirilmiş alimentin tutulmasının əvvəli qətnamə qanuni qüvvəyə mindikdən sonra hesablansın. Ödənilməli olan 39.20 (otuz doqquz manat iyirmi qəpik) manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə («Elektron Məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Vüsal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar