Məhkəmə qərarları › İş №2(073)-930/2024

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-930/2024

24.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-930/2024 24.05.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərər tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq cavabdehdən 1100 (bir min yüz) manat məbləğində əsas borc, vurduğu mənəvi zərərin əvəzi olaraq 500 (beş yüz) manat olmaqla, cəmi 1600 (bir min altı yüz) manatın və ödənilmiş 40 (qırx) manat dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək verdiyi izahatında göstərdi ki, Cavabdeh ona olan etibarından sui-istifadə edərək onu (iddiaçını) aldatmış və ondan mebel düzəltmək məqsədi ilə 1100 (bir min yüz) manat pul almış və həmin pulu qaytarmamışdır. O, həmin məbləği cavabdehin ona təqdim etdiyi plastik kart hesabına köçürmüşdür. O, pulu cavabdehdən dəfələrlə tələb etməsinə baxmayaraq cavabdeh pulu verməkdən boyun qaçırmışdır. Bununla bağlı Yasamal RPİ-nin 26-cı Polis bölməsinin “Cinayət işinin başlanılmasının rədd edilməsi” barədə qərarı da vardır. O, cavabdehlə görüşmək üçün taksidən istifadə etdiyi müddətdə təxminən 500-550 manat pul xərcləmişdir. Bunlar onun maddi vəziyyətinin və səhhətinin pisləşməsinə səbəb olmuşdur. Sonda məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Qeyd etdiklərinin nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, lakin məhkəmə hazırlıq iclasında məhkəməyə ərizə təqdim edərək iddianı qismən etiraf etdiyini, İddiaçı 1100 (bir min yüz) manat borcunun olduğunu, imkanı olanda borcunu ödəyəcəyini, iddianın qalan hissədə rədd olunmasını xahiş etmişdir. Azərbaycan Respulikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsi səbəbləri haqqında məlumat olmadıqda məhkəmə işə baxmağa haqlıdır və bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilir. Cavabdeh məhkəməyə gəlmədiyindən və gəlməməsinin səbəbi barədə məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin: - 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. - 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfdən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. - 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə işdə olan sübutları tam və hərtərəfli araşdıraraq, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına obyektiv qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 26 noyabr 2023-cü il tarixli “Cinayət işi başlanılmasının rədd edilməsi haqqında” qərardan görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət hadisəsi olmadığından cinayət işinin başlanılması rədd edilmişdir. İşdə olan mədaxil qəbzdən görünür ki, İddiaçı hazırkı iddianın verilməsi ilə əlaqədar 40 (qırx) manat məbləğində dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdehin iddiaçıya 1100 (bir min yüz) manat məbləğində borclu olması, cavabdehin yazılı ərizəsi və işdə olan digər sənədlərlə də sübut olunur. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 08 noyabr 2008-ci il tarixli qərarından görünür ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi barədə Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları baxımından mənəvi zərərin ödənilməsini tələb etmək hüququ yalnız fiziki şəxslərə aiddir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. İddia tələbinin “mənəvi ziyanla” bağlı hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı həmin tələbini əsaslandırmamış, pulunun qaytarılmaması onda nə kimi mənəvi iztirablar yaratdığını sübuta yetirə bilməmiş və yaşadığı psixoloji sarsıntılar barədə də heç bir sübut təqdim etməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək Cavabdeh 1100 (bir min yüz) manat məbləğində pul alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 40 (qırx) manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220 və 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 1100 (bir min yüz) manat məbləğində pul və dövlət rüsumu olaraq ödənilmiş 40 (qırx) manat alınıb İddiaçı verilsin. İddia qalan hissədə əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə («Elektron Məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Vüsal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar