Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-950/2025 12.03.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ X2 Adil oğlunun sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1458 (bir min dörd yüz əlli səkkiz) manat borc, gecikdirilmiş vaxt üçün 1268.46 (bir min iki yüz altmış səkkiz manat qırx altı qəpik) manat pul və dövlət rüsumu kimi ödənilmiş 47.27 (qırx yeddi manat iyirmi yeddi qəpik) manat alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə Cavabdeh arasında 24 yanvar 2012-ci il tarixində kredit (borc) müqaviləsi bağlanmışdır. Sözügüdən borc müqaviləsi Bakı şəhəri notariat ofisinin xüsusi notariusu Hacı Orucov tərəfindən təsdiq edilmiş, reyestrdə 3M-01/46 nömrə ilə qeydiyyata alınmışdır. Həmin müqavilənin 1-ci bəndinə əsasən iddiaçı tərəfindən cavabdehə 4.500 (dörd min beş yüz) manat məbləğində borc pul verilmişdir. Müqavilənin 2-ci bəndinə əsasən Cavabdeh borcu 24 yanvar 2013-cü il tarixədək ona qaytarmağı öhdəsinə götürmüşdür. Lakin dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh öhdəliyi yerinə yetirməmişdir. Cavabdeh iddiaçının baldızı ilə qeyri-rəsmi nikahdadır və bu səbəbdən daha əvvəl iddiaçı tərəfindən 2022-ci il tarixdə cavabdehə məhkəməyə müraciət edəcəyi ilə bağlı pretenziya məktubu göndərmiş, lakin cavabdeh müntəzəm şəkildə az miqdarda ödənişlər edib borcu tam şəkildə ödəcəyini bildirmişdir. İddiaçı da bu səbəbdən cavabdehin vəziyyətini nəzərə alaraq pul tələbi ilə bağlı məhkəməyə müraciət etməmişdir. Lakin cavabdeh uzun müddətdir ki, öhdəliyin icrasından yayınaraq borcunu ödəmir və hər dəfə müxtəlif bəhanələr gətirərək öhdəliyini icra etmir. Daha sonra cavabdeh tərəfindən borc öhdəliyi icra edilmədiyi üçün iddiaçı tərəfindən ona yenidən xx.xx.2025-ci il tarixdə pretenziya məktubu göndərilmiş, lakin cavabdeh pretenziya məktubuna heç bir münasibət bildirməmiş, borcunu ödəməkdən yayınmağa davam etmişdir. Cavabdeh sonuncu dəfə xx.xx.2023-cü il tarixdə onun kart hesabına 5 (beş) manat məbləğində ödəniş etmiş və daha sonra dəfələrlə xəbərdarlıqlara baxmayaraq öhdəliyini icra etməmişdir. Bununla bağlı iddiaçı ilə aralarında “whatsapp” yazışmaları da mövcuddur. Cavabdehin ona olan borcundan 1458 (bir min dörd yüz əlli səkkiz) manat məbləğində borcu qalmışdır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəyə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehə bu barədə rəsmi qaydada bildiriş göndərilmişdir. Lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair əsaslandırılmış etirazı, dəlillər və onları təsdiq edən sənədlər məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə iş materiallarını tam, hərtərəfli araşdıraraq, təqdim olunmuş sübutlara obyektiv qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 24 yanvar 2012-ci il tarixli kredit müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X1 tərəfindən Cavabdeh 24 yanvar 2013-cü il tarixədək qaytarmaq şərti ilə 4500 manat borc pul verilmiş, Cavabdeh həmin borcu göstərilən müddətdə qaytarmaqla bağlı öhdəlik götürmüşdür. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış məktubdan görünür ki, cavabdehdən 1468 manat pulun 5 gün müddətində qaytarması tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət edəcəyini qeyd etmişdir. İş materiallarında olan iddiaçı və cavabdeh arasında olan whatsapp proqramı vasitəsi ilə yazışmalarından görünür ki, iddiaçı tərəfindən qalan borcun ödənilməsi cavabdehdən tələb edilmişdir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 48.4 (qırx səkkiz manat qırx qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Beləliklə təqdim olunmuş sənədlərlə təsdiq olunur ki, iddiaçı ilə Cavabdeh arasında 24 yanvar 2012-ci il tarixdə notarial qaydada təsdiq edilmiş kredit (borc) müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 4.500 (dörd min beş yüz) manat məbləğində borc pul verilmişdir. Müqavilənin 2-ci bəndinə əsasən Cavabdeh həmin borcu 24 yanvar 2013-cü il tarixədək iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh iddiaçıya olan borcundan müəyyən qədər ödəniş etmiş və 1458 manat borcu qalmışdır. Lakin iddiaçı tərəfindən qalan borc tələb edilsə də, cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş və qalan borcunu qaytarmamışdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilərək Cavabdeh 1458 (bir min dörd yüz əlli səkkiz) manat borc və gecikdirilmiş vaxt üçün isə 1268.46 (bir min iki yüz altmış səkkiz manat qırx altı qəpik) manat pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, iddianın dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdeh iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumu ödəməklə əlavə xərc çəkmişdir. Odur ki, kredit borcu cavabdehdən alınmaqla yanaşı, cavabdehdən iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə xərc də alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 284-5.3, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1458 (bir min dörd yüz əlli səkkiz) manat borc, gecikdirilmiş vaxt üçün 1268.46 (bir min iki yüz altmış səkkiz manat qırx altı qəpik) manat pul və dövlət rüsumu kimi ödənilmiş 47.27 (qırx yeddi manat iyirmi yeddi qəpik) manat tutularaq İddiaçı ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə(“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Vüsal Cəbrayılov
Məhkəmə qərarları › İş №2(073)-950/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-950/2025
12.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver