Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-980/2024 08.05.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Cəlilabad şəhərində 08 may 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq, Cavabdeh 1020 (bir min iyirmi) manat məbləğində pulun və 30.20 (otuz manat, iyirmi qəpik) manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbi həcminin azaldılması barədə ərizəsini məhkəməyə təqdim edərək, məhkəmədə Cavabdeh qarşı pul tələbi barədə iddia qaldırdığını, hazırda cavabdehin ona olan borcundan 350 manat qaytardığını və 670 manat məbləğində borcunun qaldığını, odur ki, Cavabdeh 670 manat məbləğində pulun və 30.2 (otuz manat, iyirmi qəpik) manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək verdiyi izahatında göstərdi ki, o, iri biynuzlu mal-qara alveri ilə məşğul olub ailəsini dolandırır. Bu ilin yanvar ayının axırlarında Cavabdeh bir baş dana satmasını eşidib onun yaşadığı Cəlilabad rayonu Hacıcavad kəndindəki həyətinə getmiş və həmin dananı 1020 (bir min iyirmi) manata razılaşaraq alıb öz yaşadığı ünvana gətirmişdir. Cavabdeh heyvanı ona satanda heyvanın heç bir probleminin olmadığını bildirmişdir. O, heyvanı alarkən axşam vaxtı olduğundan cavabdehin sözünə inanıb heyvanı alıb evinə gətirmişdir. Bundan sonra iddiaçı xəstə olduğu üçün təxminən 20 gün evdə olmamışdır. Evə gəldikdən sonra ona cavabdehdən aldığı dananın gözlərinin görmədiyini bildirmişlər. O, dərhal cavabdehlə əlaqə saxlayıb ondan aldığı dananın kor olduğunu demiş və narazılığını bildirmişdir. Cavabdeh dananı qaytarmaq istəmədiyi üçün o, dananı maşına mindirib həyətinə aparmışdır. Həmin vaxt Cavabdeh evdə olmadığı üçün həyat yoldaşına dananı təhvil vermişdir. Geri qayıdarkən cavabdeh ona zəng edib hal-hazırda pulunun olmadığını demiş, o da pulu on gün müddətində qaytarmasını bildirmişdir. Lakin on gündən sonra zəng etdikdə cavabdeh dananın pulunu qaytarmayacağını demişdir. O, Cavabdeh borcunu ödəməməsinə görə Cəlilabad rayon polis şöbəsinin X2nə şikayət ərizəsi ilə müraciət etmişdir. Polis Bölməsində aparılan araşdırma zamanı Cavabdeh öz izahatı alınmasa da, həyat yoldaşı onun qeyd etdiklərini polisə verdiyi izahatında təsdiqləyib. Lakin polis bölməsində həmin araşdırmanın mülki xarakterli olması ilə əlaqədar ona izah verilmiş və bu barədə mülki qaydada məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. O, sonda məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırda Cavabdeh ona olan borcundan 350 əlli manatını qaytarmış və 670 manat borcu qalmışdır. Qeyd etdiklərinin nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, İddiaçı məhkəmədə ona qarşı pul tələbinə dair iddia qaldırmışdır. İddia ilə tanışdır və iddianı etiraf edir. O, iddiaçıya olan borcundan 350 manat qaytarmış və hazırda iddiaçıya 670 manat məbləğində borcu qalmışdır. Qalan borcunu da yaxın vaxtlarda ödəyəcəyinə söz verir. Qeyd etdiklərinin məhkəmədən nəzərə alınmasını xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfdən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-nin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə iddiaçı və cavabdehin izahatlarını dinləyib, işdə olan sübutları hərtərəfli və tam araşdırıb, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cəlilabad rayon Polis şöbəsinin X2 tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, İddiaçı müraciəti X1 araşdırılmış və müraciət mülki xarakterli olduğundan ona məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. İşdə olan xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 30.20 (otuz manat iyirmi qəpik) manat məbləğində dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı Cavabdeh bir baş dananı 1020 (bir min iyirmi) manata razılaşaraq almışdır. İddiaçı aldığı heyvanın gözləri kor olduğu üçün cavabdehin yaşadığı Cəlilabad rayonu Hacıcavad kəndində yerləşən həyətinə gətirib qaytarmışdır. Həmin vaxtdan cavabdeh heyvanın pulunu iddiaçıya qaytarmamışdır. İddiaçı bununla bağlı məhkəməyə müraciət etmişdir. Cavabdeh sonradan iddiaçıya olan borcundan 350 manatını qaytarmış, hazırda iddiaçıya 670 manat borcu qalmışdır. Belə ki, cavabdehin iddiaçıya 670 (altı yüz yetmiş) manat məbləğində borclu olması, iddiaçı və cavabdehin izahatları və işdə olan digər sənədlərlə də sübut olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün iştirakçılar arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.4-cü maddəsinə əsasən ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Həmin Məcəllənin 430.1-ci maddəsinə əsasən əgər, bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh 670 (altı yüz yetmiş) manat məbləğində pul alınıb İddiaçı verilməlidir. Eyni zamanda Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin olunduğu üçün iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30.2 (otuz manat, iyirmi qəpik) manat dövlət rüsumu da cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216, 220, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 670 (altı yüz yetmiş) məbləğində pul və ödənilmiş 30.2 (otuz manat, iyirmi qəpik) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə («Elektron Məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsal Cəbrayılov
Məhkəmə qərarları › İş №2(073)-980/2024
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-980/2024
08.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver