Məhkəmə qərarları › İş №2(074)-1019/2025

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-1019/2025

07.08.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-1019/2025 07.08.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X1 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2000 manat məbləğində borc pulun və ödənilmiş 40 manat dövlət rüsumunun alınıb, ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh borc olaraq 2000 manat məbləğində pul vermişdir. Dəfələrlə borcun qaytarılmasını tələb etsə də, cavabdeh müxtəlif bəhanələrlə bundan imtina etmişdir. Bu səbəbdən, məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, Cavabdeh onun qudası olmuşdur. Cavabdeh 2022-ci ilin noyabr ayında borc olaraq ondan 5000 manat pul istədikdə, o, yalnız 2000 manat pul verə biləcəyini deyərək, həmin məbləğdə pulu cavabdehə vermişdir. Cavabdeh pulu götürərkən, qaytaracağı vaxtı barədə heç bir söz deməmiş və götürdüyü borcdan hal-hazıradək hər hansı bir məbləğini qaytarmamışdır. Eyni zamanda, cavabdeh 2000 manat pulu ondan hədiyyə kimi qəbul etdiyini göstərsə də, bu həqiqəti əks etdirmir. Göstərilənlərə əsasən, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında Cavabdeh iddia tələbinə etiraz edərək göstərmişdir ki, o, əvvəllər qudası olmuş İddiaçı həqiqətən də, 2022-ci ilin noyabr ayında 2000 manat pulu götürmüş, lakin həmin pulu borc kimi yox, hədiyyə olaraq qəbul etmişdir. Odur ki, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh 2022-ci ilin noyabr ayında İddiaçı 2000 manat məbləğində borc pul alsa da, hal-hazıradək həmin borcu qaytarmamışdır. Məhkəmə iclasında cavabdeh iddiaçıdan 2000 manat pulu almasını etiraf etsə də, həmin pulu borc olaraq yox, hədiyyə kimi qəbul etdiyini göstərmişdir. Lakin, cavabdeh öz dəlillərini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, sübutetmə vəzifəsinin bölgüsü baxımından borc üzrə pulun verildiyini və verilən pulun məbləğini iddiaçı, pulun qaytarıldığını və qaytarılan pulun məbləğini isə cavabdeh sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, iddiaçının cavabdehə borc olaraq pul verməsi və cavabdehin həmin borcu qaytarmaması məhkəmə iclasında sübuta yetirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 742.2-ci maddəsinə əsasən, əgər borc müqaviləsində borcun qaytarılması üçün müddət müəyyən edilməmişdirsə, borcverən borcun qaytarılmasını istənilən vaxt tələb edə bilər. Borcverənin icra tələbini almış borcalan bir ay müddətində borcu qaytarmalı, habelə faizləri və (və ya) haqları ödəməlidir, bu şərtlə ki, tərəflərin razılaşması ilə daha uzun müddət nəzərdə tutulmasın. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, cavabdeh borc müqaviləsi əsasında iddiaçıdan borc almaq hüququna malik olduğu kimi, eyni zamanda, göstərilən müqavilə əsasında borc məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh borc müqaviləsi əsasında iddiaçıdan borc pul almasına dair hüququndan istifadə etmiş, lakin, borc məbləğinin qaytarılmasına dair vəzifəsini icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Göstərilən xüsusatlara əsasən, məhkəmə hesab edir ki, iddiaçı borcun ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh 2000 manat məbləğində pul və ödənilmiş 40 manat dövlət rüsumunun əvəzi alınaraq, İddiaçı verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 2000 manat məbləğində pul və ödənilmiş 40 manat dövlət rüsumunun əvəzi alınaraq, İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar