Məhkəmə qərarları › İş №2(074)-102/2024

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-102/2024

15.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-102/2024 15.01.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Fətaliyeva Fidan Adil qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh X1rşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə aralarında olan, Şamaxı rayonunun keçmiş Dzerjinovka, indiki İkinci Cabanı kəndində yerləşən, cavabdehə məxsus torpaq sahəsi və içərisində mövcud olan yaşayış evinin ona satılması ilə əlaqədar daşınmaz əmlakın alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə dair qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2002-ci il tarixdə cavabdeh X2 Şamaxı rayonunun keçmiş Dzerjinovka, indiki İkinci Cabanı kəndində yerləşən, torpaq sahəsi və içərisində mövcud olan yaşayış evini satın almışdır. Aralarında olan razılaşmaya əsasən torpaq və yaşayış evinin əvəzinə 2000 ABŞ dolları məbləğində pul ödəyib. Şamaxı rayonu Dövlət Notariat Kontorunda təsdiq olunmuş 42-3-366 nömrəli, xx.xx.2002-ci il tarixli alqı-satqı müqaviləsinə əsaslanaraq, Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X6 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən ümumi sahəsi 38.2 kv.m., yaşayış sahəsi 31.4 kv.m., iki otaqdan ibarət yaşayış evinin onun mülkiyyətinə keçməsi ilə bağlı 194 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. X7 daxil olan yaşayış evinin texniki pasportuna da xx.xx.2002-ci il tarixində düzəliş edilərək X3 adının əvəzinə onun adı yazılmışdır. Şamaxı rayonu, Aqrar İslahat Komissiyasının 18 noyabr 1997-ci il tarixli qərarı ilə X3 adına qeydiyyata alınmış torpaq sahəsinin onun adına qeydiyyata alınmağı yubadılmışdır. Onun satın alaraq əldə etdiyi 2002-ci il tarixindən etibarən həmin torpaq sahəsi və yaşayış evi onun faktiki mülkiyyətində olmuşdur. O, Daşınmaz Əmlakla bağlı və mülkiyyət hüququnun yaratdığı bütün hüquq və vəzifələri yerinə yetirib. Faktiki olaraq, fasiləsiz və mübahisəsiz həmin daşınmaz əmlaka sahiblik edir. Eyni zamanda, torpağın üzərindəki yaşayış evi də qeydiyyat vəsiqəsi ilə iddiaçının qanuni mülkiyyətindədir. İşin faktiki hallarından göründüyü kimi, artıq 21 ildir ki, qeyd olunan torpaq sahəsinə və orada yerləşən yaşayış evinə faktiki sahiblik və mülkiyyət hüququndan irəli gələn digər hüquq və vəzifələri həyata keçirir. Bu müddət ərzində bu hüquqlarının tətbiqi ilə bağlı ona qarşı heç bir mübahisə olmayıb. Yaşayış evi rəsmi qeydiyyat vəsiqəsi ilə onun adınadır. 2002-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsi ilə də torpaq, həmçinin içindəki yaşayış evinin əvəzində cavabdehə 2000 ABŞ dolları məbləğində pul ödəyib. Yəni cavabdehlə aralarında olan alqı-satqı müqaviləsinin ona aid öhdəlikləri tam icra edilmişdir. Beləliklə, qanunvericiliyin normaları nəzərə alınmaqla, cavabdehlə onun arasında olan xx.xx.2002-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmış hesab edilməlidir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh X5 ilə aralarında Şamaxı rayonunun keçmiş Dzerjinovka, indiki İkinci Cabanı kəndində yerləşən cavabdehə məxsus 0,21 ha torpaq sahəsinin ona satılması ilə əlaqədar xx.xx.2002-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə dair qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsini müdafiə edərək və ona uyğun izahat verərək bildirdi ki, iddiaçı həmin torpaq sahəsini cavabdehdən almış və daha sonra isə onun istifadəsində olmuşdur. Buna görə də iddianın təmin olunmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, cavabdeh bu barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehin iştirak olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 194 nömrəli Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş Dövlət Tikinti İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin Qeydiyyat Vəsiqəsinin surətindən görünür ki, Şamaxı rayonunun, Dzerjinovka kəndində ümumi sahəsi – 38.2 m2, yaşayış sahəsi 31.4 m2, iki otaqdan ibarət olan yaşayış evi şəxsi mülkiyyət hüququ əsasında Şamaxı rayon Dövlət Notariat Kontorunda təsdiq olunmuş alqı-satqı müqaviləsi R.4Ə-3-366 nömrə ilə, xx.xx.2002-ci il tarixdə vətəndaş İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2001-ci il tarixli, 490 nömrəli Şamaxı rayon İcra Hakimiyyəti Başçısının İkinci Cabanı kəndi üzrə nümayəndəliyinin arayışından görünür ki, Cavabdeh Şamaxı rayonunun, İkinci Cabanı kəndində tək ailəli kimi yaşayır. Onunla bir təsərrüfatda yaşayan yoxdur. İş materiallarında olan JN – 103 A, kod 41009028 saylı Torpağın mülkiyyətə verilməsi dair Şəhadətnamədən görünür ki, Şamaxı rayon, Aqrar İslahat Komissiyasının 18 noyabr 1997-ci il tarixli, 30 saylı qərarı ilə 0.21 hektar torpaq sahəsi Cavabdeh mülkiyyətinə verilib. İş materiallarında olan X7 daxil olan yaşayış evinin texniki pasportunun surətindən görünür ki, Şamaxı rayonunun, Dzerjinovka kəndində ümumi sahəsi – 38.2 m2, yaşayış sahəsi 31.4 m2, iki otaqdan ibarət olan yaşayış evi İddiaçı Soltanovnanın mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2002-ci il tarixli 165360 saylı, alqı-satqı müqaviləsinin surətindən görünür ki, X5 adından çıxış edən Kazım-zadə Nadejda Mixaylovna 07 sentyabr 2001-ci il tarixli 0İ/194 nömrəli qeydəalma vəsiqəsinə və Şamaxı rayonlararası texniki inventarlaşdırma bürosunun xx.xx.2002-ci il tarixli 29 nömrəli arayışına əsasən X4 məxsus olan Şamaxı rayonu Dzerjinovka kəndində 2500 kv.metr torpaq sahəsində yerləşən ümumi sahəsi 38.2 kv.m, yaşayış sahəsi 31.4 kv.m olan iki otaqlı fərdi yaşayış evini İddiaçı satmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şamaxı rayonunun Dzerjinovka, (İkinci Cabanı) kəndində yerləşən 0,21 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 38.2 kv.m, yaşayış sahəsi 31.4 kv.m olan iki otaqlı fərdi yaşayış evi cavabdehə məxsus olmuşdur. Cavabdeh həmin fərdi yaşayış evini Şamaxı rayon DNK-da təsdiq olunmuş xx.xx.2002-ci il tarixli 4-ə-3-366 saylı alqı-satqı müqaviləsi əsasında İddiaçı 5 milyon manata satmış, torpaq sahəsini və üzərindəki tikilini iddiaçıya təhvil verərək, başqa ünvana köçüb getmişdir. Lakin, tərəflər torpağa dair alqı-satqı müqaviləsini notarial qaydada yazılı müqavilə imzalamaqla rəsmiləşdirməmişlər. Həmin dövrdən hal-hazıradək qeyd olunan torpaq və üzərində yerləşən evdə fasiləsiz olaraq iddiaçı və onun ailə üzvləri yaşamış və sahiblik etmişlər. Başqa sözlə, tərəflərin hər ikisi alqı-satqı müqaviləsini faktiki olaraq icra etmişlər. Lakin, onlar əqdin notarial qaydada təsdiq edilməsindən boyun qaçırmışlar. Qeyd edilənlər səbəbindən alqı-satqı müqaviləsi qanunla müəyyən edilmiş qaydada bağlanmadığından, iddiaçı torpağın mülkiyyətçisi kimi həmin torpağa dair müvafiq sənədləşdirmə işlərini apara bilmir. Bu səbəbdən o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27 yanvar 2005-ci il tarixədək mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş 335.2-ci maddəsinə əsasən əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. “İ.K.Rəcəbovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 03 iyun 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbacyan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası MM-nin 335.2-ci maddəsinin tələbinə görə əgər tərəflərdən biri notariat qadasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Göstərilən maddənin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 245-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya və ya qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (qurğunu) əldə edənə keçir. Torpaq sahəsinin bina (qurğu) yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir. Məhkəmə, fərdi yaşayış evinin cavabdeh tərəfindən 5 milyon manata iddiaçıya satılmasına dair 28 sentyabr 2002-ci il tarixli 165360 nömrəli müqavilədə fərdi yaşayış evinin bütövlükdə göstərilməsini, kənd yerlərində fərdi yaşayış evlərinin üzərində yerləşdiyi torpaq sahəsi istisna olmaqa satılmasının praktikada tətbiq edilmədiyindən alıcının fərdi yaşayış evini bu qaydada əldə etməsinin ağlabatan olmadığını, eləcə də fərdi yaşayış evi satıldığı vaxtdan cavabdehin fərdi yaşayış evini və torpaq sahəsini alıcıya təhvil verərək başqa ünvana köçüb getməsini nəzərə alaraq, müqavilə tərəflərinin torpaq sahəsinin də satılmasında razılığa gəlmələrini lakin bunun alqı-satqı müqaviləsinin məzmununa daxil etmədikləri nəticəsinə gəlir. Beləliklə məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, cavabdeh evlə birlikdə torpaq sahəsinin də satılmasına dair iradə ifadə etdiyindən, torpaq sahəsindən və tikilidən ibarət daşınmaz əmlakı iddiaçıya sataraq ona təhvil verərək, 21 il əvvəl başqa ünvana köçüb getməklə torpaq sahəsini satmaqla bağlı iradəsini bir daha nümayiş etdirdiyindən, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Şamaxı rayonu, İkinci Cabanı kəndində yerləşən ümumi sahəsi 38,2 kv.m olan 2 otaqdan ibarət fərdi yaşayış evinin yerləşdiyi 0,21 ha həyətyanı torpaq sahəsinə dair X5 ilə İddiaçı arasında xx.xx.2002-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmış hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar